Nurəddin Əzulla oğlu Quliyev (Mehdixanlı) 1956-cı il oktyabr ayının 6-da Cəlilabad rayonunun Tahirli kəndində doğulub. Vaxtilə, nəsillərinin soyadı olan “Mehdixanlı” onun səhnə təxəllüsüdür.

Tahirli kənd orta məktəbini 1974-cü ildə bitirərək Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Dahi rejissor Ədil İsgəndərovun rəhbərlik etdiyi kursu 1978-ci ildə başa vurub və təyinatla Akademik Milli Dram Teatrına göndərilərək sentyabr ayının 1-dən aktyor truppasına işə götürülüb. Oktyabrda hərbı xıdmətə çağırılıb və qayıdandan sonra yenə teatrın kollektivində aktyor işləyib.

O, 1989-cu ilin sentyabrında Qarabağa Xalq Yardımı Komitəsinə işə girib və bir ay on gündən sonra teatrdan ayrılıb. Dörd il bu komitədə məsul vəzifələrdən birini tutan Nurəddin Mehdixanlı bir arada paralel olaraq Bakı Bələdiyyə Teatrında aktyorluq edib (1992-1994) və bu səhnədə Yazon (“Medeya”, Jan Anuy), Şahgir (“Tomris”, Oqtay Altunbay) rollarını oynayıb. Səhnə üçün doğulmuş aktyor 1994-cü il aprel ayının 18-dən yenə Akademik Milli Dram Teatrının truppasındadır.

Mehdi və İkinci repartyor. “Səhra yuxuları”, Anar.
Hidayət xan. “Xurşid banu Natəvan”, İlyas Əfəndiyev.
Ross. “Maqbet”, Vilyam Şekspir.
Yazon. “Medeya”, Jan Anuy. Kiçik səhnədə.
Eldar və Vaqif. “Vaqif”, Səməd Vurğun.
Kamran. “Unuda bilmirəm”, İlyas Əfəndiyev.
Pavel (böyük). “Gecənin sirri”, Anatoli Safronov.
Kərim bəy. “Közərən ocaqlar”, Mirzə İbrahimov.
Elxan. “İblis”, Hüseyn Cavid.
Fərhad. “Bəxtsiz cavan”, Əbdürrəhim bəy Haqverdiyev.
Təbriz. “Büllur sarayda”, İlyas Əfəndiyev.
Rövşən. “Əliqulu evlənir”, Sabit Rəhman.
Böyük bəy. “Mahnı dağlarda qaldı”, İlyas Əfəndiyev.
Muxtar. “Təhminə və Zaur”, Anar.
Ruz. “Atabəylər”, Nəriman Həsənzadə.
Cavan şair. “Fəryad”, Bəxtiyar Vahabzadə.
Idris. “Səməndər quşu”, Firudin Ağayev. Kiçik səhnədə.
Boksçu. “Biganələr oteli”, Rüstəm İbrahimbəyov.
Ulus. “Torpağa sancılan qılınc”, Nəbi Xəzri.
Əbu Übeyd. “Od gəlini”, Cəfər Cabbarlı.
Məşədi Təhməz. “Şeyx Xiyabani”, İlyas Əfəndiyev.
Nağılçı. “Məlik Məmməd”, nağıl-tamaşa.
Fərhad. “Günah”, Rəhman Əlizadə.
Məşədi Əzizbəyov. “Tufandan əvvəl”, Arif Süleymanov.
Xuan. “Qadın faciəsi”, Federiko Qarsia Lorka.
Ayaz Turan. “Sevgililərin cəhənnəmdə vüsalı”, İlyas Əfəndiyev.
Xəzər. “Gecə döyülən qapılar”, Nəbi Xəzri.
Şair. “Fəryad”, Bəxtiyar Vahabzadə.
Gur Şad. “Özümüzü kəsən qılınc” (“Göytürklər”), Bəxtiyar Vahabzadə.
Sokrat və Aydar. “Sokratı anma gecəsi” (“Eşşək dəri üzəriııdə məhkəmə”),
Çingiz Aytmatov və Muxtar Şaxanov.
Orxan. “Ulduz, yaxud Ədirnə fəthi”, Cəfər Cabbarlı.
Yaralı Əsgər. “Hələ “sevirəm” deməmişdilər…”, Ramiz Novruz.
Aydın. “Aydın”, Cəfər Cabbarlı.
İppolit. “Fedra”, Jan Rasin.
Rəşid Axundov. “Brüsseldən məktublar”, Həsən Həsənov (Əzizoğlu).
Ərtoğrul. “Afət”, Hüseyn Cavid.

Sırf teatr aktyoru olan Nurəddin Mehdixanlı Azərbaycan Dövlət Televiziyasında Əzizə Əhmədovanın “Pəncərədə işıq” (Toğrul), Cəfər Cabbarlının “Solğun çiçəklər” (Bəhram), Nəriman Həsənzadənin “Kimin sualı var?” (İlham), Bəxtiyar Vahabzadənin “Vicdanla üz-üzə” (Hakim) televiziya tamaşalarında da iştirak edib. “Dədəm Qorqudun kitabı” dastanının motivləri əsasında “Dədə Qorqud” çoxseriyalı televiziya filmində Bayandur xan, “Bəyaz həyat”da Vüqar Quliyev rollarına çəkilib.

Nurəddin Mehdixanlı 23 iyun 1986-cı ildə Naxçıvan Muxtar Respublikasının əməkdar artisti, 24 may 1998-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 24 dekabr 2002-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb.
1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvü, 1995-ci ildən VHP sədrinin müavinidir. 2000 və 1995-ci illər də keçirilən Milli Məclisə seçkilərdə 67 saylı Cəlilabad birinci Dairə Seçki Komissiyasından VHP-nin namizədi olub.

Comments are closed.