Mayın 6-da məhkəmə qərarı ilə 6-8 il müddətinə azadlıqdan məhrum edilən “Nida”çılar 20 gündür istintaq təcridxanasında keçirdikləri aclıq aksiyasını dayandırıblar. Bununla bağlı gənclər xüsusi bəyanat yayıblar.

“Azadliq.info”nun məlumatına görə, bəyanatda deyilir: “Biz aclıq aksiyasına başlayanda tələbimiz azadlığa buraxılmağımız idi. Məqsədimiz isə həmişəki kimi mübarizə aparmaq və diktaturaya qarşı bütün qeyri-zorakı, hüquqazidd olmayan vasitələrdən istifadə etmək olub. Elə azadlığımıza da həm də bu məqsədlərə qulluq etmək üçün nail olmaq istəyirik. Yəni Azərbaycanın qismən sükuta getmiş etirazçı təbəqələrini tərpətməyi, yeni insanları etiraza cəlb etməyi, beynəlxalq demokratik qüvvələrin diqqətini regiondakı geopolitik gərginlikdən ölkədəki repressiv şəraitə yönəltməyi qarşımıza məqsəd qoymuşduq.

Aclığın davam etdiyi bu 20 gündə Azərbaycanda siyasi məhbus probleminin gündəmdən düşməməsi, bu gün (6 may) yüzlərlə fədakar fəalın aksiya keçirməsi, yeni insanların etirazçı qüvvələrə qoşulması, xarici ölkələrdə dəstək aksiyalarının keçirilməsi beynəlxalq demokratik qüvvələrin diqqətinin Azərbaycana cəlb olunması, bizim qeyd etdiyimiz məqsədimizə çatmağımızı göstərir.

Hesab edirik ki, Azərbaycana bizim cəsədimiz yox, fəaliyyətimiz lazımdır. Hakimiyyət bizim tələbimizi təmin etmədi. Lakin biz məqsədimizə çatdıq və hakimiyyətə də göstərdik ki, həbslə bizi mübarizədən yayındıra bilməyəcəklər. 140 nəfər həbsdə olsa da, çöldə qalanlar kölə deyil və bu xalq azadlığa, demokratiyaya layiqdir, diktaturaya, korrupsiyaya yox.

Məhz məqsədimizə çatdığımıza görə, tələbimizin yerinə yetirilməməsinə baxmayaraq, azadlıq tələbimizi də məqsədlərimizə qurban verərək, bu gündən aclığı dayandırırıq. Mübarizə isə davam edir!”

Comments are closed.