Sabir Rüstəmxanlı: “Hesab edirəm ki, bunu qərarlaşdırmaq üçün qarşımızda müəyyən qədər zamanımız var”


Qarşıdan gələn parlament seçkisinə təkbaşına hazırlaşan siyasi təşkilatlardan biri Vətəndaş Həmrəyliyi Partiyasıdır. Seçkiyə hazırlıq prosesi ilə bağlı “Şərq”in suallarını cavablandıran VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı partiyanın bütün imkanlarının səfərbər edildiyini bəyan edib. Sədrin sözlərinə görə, parlament seçkisi ölkə həyatında ciddi hadisə hesab olunur.
Bu seçki partiyalara öz güclərini yoxlamaq imkanı yaradır. Təbii ki, bu ərəfədə siyasi partiyalar arasında rəqabət və bəzən yersiz ittihamlar da çoxalır. Siyasi bloklaşmalar, birləşmələr və ayrılmalar müşahidə olunur.
– Sabir bəy, VHP parlament seçkisinə necə hazırlaşır?
– Seçki ili olduğuna görə, demək olar ki, bütün partiyalarda canlanma müşahidə olunur. Partiyalar iclaslar, konfranslar keçirir, siyahılar hazırlayır, dairələr üzrə namizədlərin kimliyi məsələsini müzakirə edir və s. Hər halda siyasi partiyalar öz imkanları daxilində seçkilərə hazırlaşırlar. Biz də VHP olaraq seçkilərlə bağlı hazırlıq işləri aparırıq. Bu il həm də qurultayımız olacaq. Bu saat bütün imkanlarımız təşkilatlanmaya, hazırlığa istiqamətlənib. Amma başqa elə bir ciddi proses yoxdur. Ümumiyyətlə, ölkə miqyasında hələ seçkiyə ciddi hazırlıq müşahidə olunmur. Çünki indi bütün diqqət Bakıda keçiriləcək Birinci Yay Olimpiya Oyunlarına yönəlib. Çox güman ki, oyunlar başa çatdıqdan sonra ümumi seçki prosesi canlanacaq.

– Seçkiyə hazırlıq prosesi ilə bağlı iki fikir var. Bir qrup siyasətçi hesab edir ki, seçki bitən kimi dərhal növbəti seçkiyə hazırlaşmaq lazımdır. Digərləri isə düşünür ki, seçkiyə son bir-iki ay qalmış hazırlaşmaq daha yaxşıdır. Partiya rəhbəri kimi sizin fikriniz necədir?
– Gözəl bir məsəl var, deyirlər siyasətçilər seçkidən-seçkiyə düşünür, xalq adamları isə hər an millətin və dövlətin gələcəyi haqda fikirləşirlər. Mən seçki məsələlərindən daha çox ümumi vəziyyəti düşünürəm. Hesab edirəm ki, seçki də həyatımızın bir parçasıdır və atacağımız növbəti addımdır. Əslində seçki elə də ciddi bir dəyişiklik yaratmır. Dəyişiklik ölkənin ümumi inkişafı və sosial problemlərinin həlli ilə mümkün olur. Bu baxımdan partiyalararası münasibətlər və iqtidar-müxalifət görüşləri sadəcə seçki ərəfəsində deyil, bütün zamanlarda davam etdirilməlidir.

– Blok şəklində seçkiyə qatılan partiya rəhbərləri təkbaşına seçkiyə qoşulan partiyaların uğur əldə edəcəyinə inanmırlar. Müstəqil olaraq seçkiyə hazırlaşan VHP-nin daxili imkan və resurslarını necə qiymətləndirirsiz?
– VHP olaraq bizim resurs və imkanlarımız əvvəlki illərlə müqayisədə daha artıqdır. Rayonlardan namizədliyini irəli verəcəyimiz kifayət qədər üzvümüz var. Amma onların neçəsinin namizədliyi qeydə alınacağı, neçəsinin parlamentə düşəcəyi ayrı məsələdir. Təbii ki, ölkədə siyasi partiyaların sayı çoxdur və parlamentdə də bir ənənə formalaşıb. Uzun illər Milli Məclisdə təmsil olunan partiyalar var. Bu namizədlər öz dairələrində ciddi işləyib, seçici ilə yaxşı əlaqələr qurublar. Onların başı üzərindən keçərək seçilmək çox çətindir. Bu mənada VHP çalışacaq ki, parlamentdə deputatlarının sayı artsın. Ancaq indidən bunun nəticəsi haqqında konkret danışmaq doğru olmaz. Özümüzdən asılı olan hər şeyi edəcəyik.
– Belə çıxır ki, VHP seçkiyə təkbaşına getməkdə qərarlıdır…
– Nəzərə almaq lazımdır ki, bizdə majoritar seçki sistemidir. Ona görə də, hər dairəyə bir namizəd düşür. Həmin namizədi də seçicilər seçir. Belə halda bloklaşmaya nə ehtiyac var? Əgər hansısa dairələrdə bizim və ya digər partiyanın nümayəndələri varsa, yaxşı olar ki, həmin partiyalar öz aralarında danışıq aparsınlar və razılıq əldə etsinlər. Yəni çalışmaq lazımdır ki, namizədlərin irəli sürülməsində partiyalar bir-birinə mane olmasınlar. Əgər belə olarsa, o zaman bloklara da ehtiyac qalmaz. Bloklar daha çox özünü proporsional seçkilərdə doğruldur. Amma majoritar sistemdə bloklar mühüm rol oynamır. Əlbəttə, seçki ərəfəsində bütün partiyalarla görüşməyə və anlaşmağa çalışacağıq. Hər hansı bloka qoşulmaq niyyətimiz yoxdur.
– Parlament seçkilərində namizədliyinizi irəli sürəcəksinizmi?
– Hələ bu barədə qərara gəlməmişəm. Seçkilərə gedib-getməyəcəyimi bilmirəm. Hesab edirəm ki, bunu qərarlaşdırmaq üçün qarşımızda müəyyən qədər zamanımız var.

– Partiya rəhbərləri növbəti iqtidar-müxalifət dialoquna hazırlaşır. Şübhə yoxdur ki, həmin görüşdə əsas müzakirələr seçkilərlə bağlı olacaq. Sizcə, dialoqlardan sonra seçki mühitində və partiyaların fəaliyyətində fərqli yanaşma müşahidə olunacaqmı?
– İqtidar-müxalifət görüşündə tək seçki yox, vətəndaşların iqtisadi durumundan tutmuş qanunların icrasına qədər bir çox mühüm məsələlər müzakirə olunur. Güman edirəm, belə görüşlər müxalifət partiyalarından daha çox iqtidarın özünə lazımdır. Çünki hakimiyyət daha dəqiq məlumat almaq, problemləri həll etmək, narazılıqları aradan qaldırmaq və ümumiyyətlə, ictimaiyyətlə münasibət qurmaqda maraqlıdır. Eyni zamanda tərəflərin bir-birini anlaması və müxalifətin seçkiyə hazırlığının yoxlanılması baxımından da görüşlər faydalıdır.
– VHP-nin qurultayı nə vaxt keçiriləcək?
– Yəqin ki, parlament seçkilərindən sonra olacaq. Fikrimcə, dekabr ayında qurultayı keçirmək mümkündür. Biz ilboyu qurultaya hazırlaşırıq. Bütün rayonlarda təşkilatlarımız var, konfranslarımız olur. Hesab edirəm, seçkilərə qədər konfransları başa çatdırıb, qurultay nümayəndələrini müəyyən edəcəyik. Sonra da qurultayı təşkil edəcəyik.

Comments are closed.