Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı partiyanın Tovuz rayon təşkilatının sədri Nəsimi Tovuzlunu 50 illik yubileyi münasibətilə təbrik edib. Təbrikdə deyilir:

 

Əziz Nəsimi bəy!

Səni 50 illik yubileyin münasibəti ilə səmimi qəlbdən təbrik edir, sənə uzun ömür, can sağlığı arzulayıram.

Ömrünün bu çağında, “yarıyaş” deyilən sinnində çoxlarının bir ömürdə bacarmadığına nail olmaq bir tərəfdən Tanrı qismətidirsə, o biri tərəfdən insanın çalışqanlığının, zəhmətinin və istəklərinə doğru canatımının bəhrəsidir. Məşhur bir deyim var, “insanın dəyəri onun nəyə can atmağındadır”. Sən gənc yaşlarından ölkəmizin azadlığı, müstəqilliyinə çalışmaqla, bu yolda istənilən çətinliyə dözməklə, fəaliyyətinlə öz dəyərini göstərmisən. Ona görə də illərlə bölgədə müxtəlif sahələrdəki işin səni bütün Azərbaycanda tanıdıb.

Həm telejurnalist, həm də söz adamı olaraq təkcə bölgənin, ölkənin deyil, insanlığın qayğılarını da öz çiynində daşımısan. Yaradıcı insanın daşıdığı ümumi yükü bölüşmüsən və indi də heç nədən çəkinmədən Taleyin qismət yükünün altına çiyinini şərəflə vermisən.

Səni fərqləndirən və bizlərə sevdirən ən gözəl keyfiyyət xarakterindəki böyük təvazökarlıq, ömür boyu qoruduğun abır-həya, səmimiyyət, məsumluqdur. Daxilində öz uşaq sadəlövhlüyünü qorumayan insan yaradıcı ola bilməz, deyiblər. Sən də həmişə uşaq məsumluğunu və təmizliyini qoruyub saxlamısan və yaradıcılığının mayasında da bu dayanır. Bu, bir tərəfdən torpağın, yurdun aşıladığı əxlaqdırsa, bir tərəfdən şərəfli ailədən yüz illərdi süzülüb gələn tərbiyə, adət-ənənəyə bağlılıq, soyun saflığından doğan xarakterdirsə, digər tətəfdən daxili zənginliyin, yaradıcı mahiyyətin göstəricisidir. Bəzən insan talelərində böyük iddia və intellekti daşımaq çətinliyi olur, adamlar mənəvi kasıblıqlarını fiziki simalarına sığdıra bilmirlər və qəribə bir təzad yaranır. Sən öz böyük mənəvi aləmini Tanrının qıydığı boy-buxununun içində qoruyursan və səmimiyyətin, əxlaqın bir ayrı örnəkdir.

Sənin kimi bir şəxsin vətəndaş həmrəyliyi ideyasının tərəfdarı kimi çalışması, sıralarımızda olması və ölkənin həssas bir bölgəsində ideallarımızı yayması bizimçün böyük fəxrdir.

Əziz Nəsimi bəy!

Səni bir daha ad günü münasibəti ilə təbrik edir, sənə ailə səadəti, xoşbəxtlik arzulayıram.

 

Sayğılarıa,

Sabir RÜSTƏMXANLI”

Comments are closed.