“2011-ci ildə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda itkilərin ümumi sayı 161 nəfərə çatıb. Onlardan 90 nəfəri ölüb, 71 nəfəri isə yaralanıb və ya müxtəlif xəsarət alıb. Gənclər olaraq atəşkəs dövründə bu qədər itkiyə biganə qala bilmərik. Bu məqsədlə dekabrın 3-də Fəvvarələr meydanından Natəvanın heykəlinə doğru ”Şəhidlər ölməz, vətən bölünməz!” şüarı ilə dinc yürüş edəcəyik. Azərbaycan ordusundakı itkilərə biganə olmayan hər kəs bizə qoşulsun. 03.12.2011 tarixində əsgər ölümlərinə birgə yox deyək!”

Bu sətirlər Facebook sosial şəbəkəsində Gənc Siyasi Məhbusların Müdafiə Komitəsi adından yayılıb. Belə ki, dekabrın 3-də gənclər ordudakı ölüm hallarına etiraz əlaməti olaraq dinc aksiya keçirəcək.

Vətəndaş Həmrəyliyi Partiyası sədrinin gənclər üzrə müşaviri Samir Əsədli hesab edir ki, son 9 ayda 90-dan artıq əsgərin ölməsi, 95 əsgərin yaralanması rəzalətdir: “Təbii ki, ölkə müharibə şəraitindədir. Amma bu əsgərlərin yarıdan çoxu qeyri-döyüş şəraitində ölüb. Müdafiə Nazirliyi rəsmiləri bu məsələlərə açıqlama verməlidir. Rəsmilər deyir ki, ordunu tənqid etmək olmaz, çünki müharibə şəraitindəyik və düşmən buna sevinər. Bəs hələ həyata gözləri açılmamış 18 yaşlı uşaqlar bilinməyən şəraitdə dünyasını dəyişirlər, evlərinə meyitləri gedir? Kimdir bunun günahkarı? Nə səbəbə ordu bu günə salınıb? Bir tikə çörək möhtacı ilə övlad böyüdən valideynin heç bir səbəb göstərilmədən 18 yaşlı oğul tabutu almasını kim qəbul edər? Hələ onu demirik ki, atəşkəsi bayraq edən hakimiyyət erməni gülləsindən dünyasını dəyişən əsgərlərimizə belə şəhid statusu vermir. Buna hansı valideyn, hansı ürək dözər və növbəti övladını əsgər göndərərmi? Təbii ki, ölkə rəhbərliyi bu məsələlərə aydınlıq gətirməlidir”.

Müsavat Partiyasının Gənclər təşkilatının sədr müavini Səxavət Soltanlı qəzetimizə açıqlamasında dedi ki, aksiyanın təşkilatçısı müstəqil gənclərdir: “Biz sadəcə bu tədbiri dəstəkləyirik. Üzvlərimiz də bu aksiyanın tərəfdarıdır. Siyasi mövzularla bağlı etirazımızı bildirsək də bu kimi həssas məsələlərdə də mövqeyimizi bildiririk. Məlumatıma görə, aksiya şüarsız, dinc şəkildə keçiriləcək. Bizim tərəfimizdən də heç bir şüar səsləndirilməyəcək. Əsgər ölümlərinə susmaqla etiraz edəcəyik”.

Emil SALAMOĞLU

“Yeni Müsavat”

Comments are closed.