Əlövsət Əliyev

1965 ya da 1966-ci ildə kəndimizdə rəhmətlik Əliaga müəllimin evinin qarşısında körpü tikirdilər. Babamın gözləri tutulduğundan onun əlindən tutub söhbətlərini dinləmək üçün körpütikənlərin yanına getməsinə kömək etdim. İndiyə qədər xatırlayıram. O zaman babam mənə yol və körpü tikməyin çox yaxşı əməl olmasından, savabından xeyli danışmışdı. Bu işin savab olmasını da ilk dəfə onda eşitmişdim. “Quran”ı oxuyub öyrəndikdən sonra yol kəsənlər yol göstərənlər oldular”.

Bu ifadə isə Pakistan şairi Məhəmməd İqbala məxsusdur. Bu ifadə də “Quran”ın böyüklüyünə işarədir. Azərbaycanda isə oxuyub təhsil alanların ( həm də dini təhsil) əksəriyyəti sonradan elə bil yol kəsən olurlar. Bunu çəkinmədən həm tikinti sektoruna, həm də mövcud idarəciklik sisteminə aid etmək mümkündür. Bütün Azərbaycan böyük tikinti meydançasına bənzəyir. Acısını çəkənlər isə Bakıda daha çoxdur. Bakıdakı tikililərdən əziyyət çəkən şəxs kimi bəzi qeydlərimi dostların diqqətinə çatdırmağa qərar verdim. Bakıda bina, yol, metro tikintisinin aparılması təbii ki, zəruridir və davam etməlidir. Lakin bu tikililər insanların hüquq və azadlıqlarını məhdudlaşdırmadan, digər küçələrə, həyətlərə və evlərə çirkab axıtmadan, həmin ərazilərdə olan mövcud yolların müvəqqəti də olsa bağlanmasına səbəb olmadan həyata keçirilməlidir. Qanunvericiliyin tələbinə görə, indi yol, körpü, bina, metro tikintisi və ya əsaslı təmir işləri tenderlər qalib olmuş tikinti firmaları tərəfindən həyata keçirilir. Müəyyən olunmuş qaydalara görə, tenderdə qalib gəlmiş yol çəkən və ya təmir işləri aparan təşkilat ilk öncə insanları təhlükəsiz alternativ yolla və ya müvəqqəti keçidlərlə təmin etməlidir. Müvəqqəti çəkilən və ya hazırlanan alternativlər isə əvvəlki vəziyyətdən pis olmamalıdır. Yalnız bundan sonra təmir və ya yenidənqurma işlərinə başlamaq olar. Məsələn, əgər asfalt örtüklü yollar genişləndirilirsə ilk növbədə alternativ asfalt örtüklü müvəqqəti yol tikilib təhvil verilməlidir ki, sürücü və ya piyadalar çətinliklə üzləşməsin. Başqa sözlə, indi olduğu kimi insanlar torpaq örtüklü yollara istiqamətləndirilməməlidir. Çünki yol çəkilişi ilə məşğul olanlara həm də alternativ müvəqqəti asfalt örtüklü yol üçün kifayət qədər böyük məbləğdə vəsait ayrılır. Azərbaycanda müvəqqəti alternativ yolların çəkilişi təcrübəsi ya tamamilə yoxdur, ya da görüntü xarakteri daşıyır. Məsələn, Papanində və BDU- nun yanında tikilən metro stansiyalarına görə alternativ yollar nəzərdə tutulsa da ümumiyyətlə yollar bağlanıb və paytaxt sakinləri bundan çox əziyyət çəkirlər. Və ya 3-cü mikrorayon dairəsində yol ötürücülərinin tikintisi ilə əlaqədar olaraq çox darısqal alternativ yol düzəldilsə də, həmin yol birtərəflidir, asfalt örtüyü yoxdur, daha çox şəhərin digər hissələrinə çirkabın daşınmasına xidmət edir. Bakıda aparılan bəzi happy wheels demo çox əhəmiyyətli tikililər və təmir- tikinti işlərindən sonra yolların piyadalara aid hissələrinin zəbt edilməsi, avtomobil yollarının daralması da adi hala çevrilib və heç bir etirazla qarşılanmadan həyata keçirilir. Məsələn, Bakının girəcəyində “İnturist” mehmanxanasının geri çəkilməsi tələb olunduğu halda onunla üzbəüz daha bir otel tikildi və nəqliyyat vasitələrinin hərəkəti xeyli məhdudlaşdırıldı. Bu tikili əslində Bakıya girəcəkdə tikilmiş geniş yolların mahiyyətini xeyli azaltdı. Bakıya yaraşıq verən “4 fəsil” və “Alov qüllələri” otelləri də həmin ərazidə olan əvvəlki tikililərlə müqayisədə yola daha yaxın tikilməklə əslində sürücülərin və piyadaların vəziyyətini daha da ağırlaşdırdı. Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliklərinin əsas binalarındakı təmirdən sonra həmin binaların ətrafı dəmir çəpərə alındı, həmin ərazilərdə olan piyada yolları kəsildi və avtomobil yolları daraldı. Müxtəlif adlarla peyda olan marketlər də yolların üstündə tikilməklə hərəkəti məhdudlaşdırır və tıxacları artırır. Yol boyu yanından ötdüyüm hər marketin qarşısında tıxac problemi və insanların həyatına yaranan təhlükənin şahidi oluram. Masazırda onsuz da tıxacların çox olduğu ərazidə acılan “Araz” market və “Şok” market isə həqiqətən hər gün məni bir neçə dəfə şoka salır. Bu marketlərin açılmasına razılıq verməklə bir- iki sahibkarın mənafeyinə bütün kənd sakinlərinin marağını qurban verənlər heç şübhəsiz ki, ən pis sözlərə layiq olanlardır. Dirilərimiz azmış kimi ölülərimizin də hesabına yol bağlamaq adətinə yiyələnmişik. Yol kəsməyə elə vərdiş etmişik ki, Bakıda fəaliyyət göstərən beynəlxalq təşkilat və səfirliklər də tərəddüd etmədən bu vərdişə yiyələndilər. ABŞ səfirliyi Rəsul Rza küçəsinin səfirliyin arxasında olan hissəsini, Türkiyə səfirliyi Bakıda uşaqların sevimli parkını, Rusiya səfirliyi Bakı gənclərinin və tələbələrin ən çox sevdiyi parkı “uf” demədən özününküləşdirdi, yolların giriş- çıxışını bağladı. Gündəlik istifadə etdiyimiz yollarda yaranan əngəllər bəlkə də başqa “yollar” haqqında düşünməyə imkan yaratmamaq üçündür. İnsan həmişə yeni yollar axtarışında olmalı olduğu halda, biz hər gün daha hansısa yolların bağlanmasını gözləyirik. Bu gün bağlanan yolların sayının artması daha çox MÜBARİZƏ YOLUnu itirməyimizlə bağlıdır. Son zamanlar yol hərəkəti qaydalarını pozan piyadaları 20 manat cərimələyənlər yolkəsənlərin qarşısında baş yelləmək və ya əl çalmaqla məşğuldur. Yolların bağlanması bəlkə də fəlakət kimi ğörünməzdi, əgər bu kimi hallara etiraz edənlərin, haray çəkənlərin, mübarizə aparanların aqibəti həbs olmasaydı. Yol kəsməyin cəzası və günahı nə qədər ağırdırsa, belə hallara susmağın cəzası ondan daha ağırdır.

P.S. 5 yaşında babamı körpüsalanların yanına aparanda o mənə nə yolkəsməyin, nə də yol sökməyin günahlarından danışdı. İndi də bu barədə danışanlar yoxdur.

Comments are closed.