İbrahim Quliyev

Nəhayət, iyirmi illik siyasi uğursuzluqdan sonra Azərbaycan müxalifəti Milli Şura adı altında bir araya gəldi. Onu da vurğulayaq ki, Milli Şura siyasi dairələrdən gələn ideya deyil, o, Azərbaycanın siyasətə yaxın ziyalı elitasının mənəvi sifarişidir. Biz ötənlərdə dəfələrlə mətbuatda  ölkınin ziyalı elitasının xalqın taleyinə qarşı biganəliyindən danışmışdıq. Qeyd etmişdik ki, ölkədə baş verən bu qədər qanunsuzluqlara qarşı Azərbaycan ziyalısı etiraz səsini qaldırmır: insanların mülkiyyət hüququ pozulur, evləri, mənzilləri əllərindən alınır, siyasi və hüquqi fəallar həbsxanalara doldurulur, jurnalistlər müxtəlif bəhanələrlə aradan götürülür, amma Azərbaycan ziyalısı susur. Sadəcə tamaşaçı rolunu oynayır. Nəhayət, bu seçki öncəsi də ayrı-ayrı siyasi liderlər namizədliklə bağlı  piyar kompaniyasına start verərkən Ziyalı Forumu ictimai siyasi ab-havadan doğan, daha doğrusu, sosial sifarişdən irəli gələn təkliflə çıxış etdi – müxalifətin vahid cəbhədə mübarizə aparması. Doğrudur, bir sıra aparıcı siyasi partiyalar bu ideyanı bir o qədər sevinclə qarşılamadılar,  ancaq cəmiyyətin mövqeyini görüb onu qəbul etmək zorunda qaldılar. Əslində, iyirmi illik acı təcrübə də müxalifətin yeni texnologiyalara yiyələnməsini, partiya olaraq hər hansı bir qurumun təklikdə hakimiyyətə gələ bilməsinin mümkünsüzlüyünü dönə-dönə sübut etmişdi. İqtidarın gücü heç də bu gün hallandırıldığı kimi  onun iqtisadi potensialı və yaxud zorakı aparatın saxtalaşdırmaq imkanları ilə bağlı deyildi. Etiraf etməliyik ki, iqtidar bütün zamanlarda müxalifətin zəifliyinə və müxalifət dairəsində iqtidarın istibaratı rolunda çıxış edən qüvvələrə əsaslanmışdır. İstənilən seçki prosesində bu iki cəhəti aydın görmək olar. Bəzən də adama elə gəlir ki, zaman-zaman bu müxalifət özü zəif olmaqda maraqlı olub. (Görünür, zəifliyin də öz üstünlükləri var!!!)  Çünki güc və enerji toplamağa müxalifətin hər zaman kifayət qədər imkanları olduğu halda, o, bu imkanlardan istifadə etməyə çalışmayıb. Son illər baş verən hadisələrin xronologiya sıxlığı da bunu təsdiq edir. Evləri uçurilanların etiraz aksiyalarını, Sabirabad daşqınlarından qəzəblənən insanların üsyanını, Quba, İmayıllı  hadisələrini xatırlayın. Bütün bunlar xalqın əvvəlki qaydada artıq yaşamaq istəmədiyini, sistemi dəyişmək arzusunda olduğunu birmənalı göstərirdi. Bütün bunlara baxmayaraq, müxalifət və etirazçı sosial baza bir-birinə doğru addım atmadı? Daha doğrusu, müxalifət bu təşəbbüsdə bulunmalıykən həmişəki kimi adi bir bəyanatala işini bitmiş hesab etdi. Məncə, bu siyasi müxalifətin parametrlərini cızmağa, cəmiyyətlə onun münasibətlərinə qiymət verməyə kifayətedici faktdır.

Bütün bunlar uzun illər özünütəcrid siyasəti yürüdən siyasi müxalifətin qazandığı son qiymədir. Eləysə, hər hansı bir partiyanın mobil hakimiyyət komandasının qarşısına çıxması Don Kixotluqdan başqa bir şey hesab edilə bilməz. Amma bu gün də bu niyyətdə bulunan partiyalar var. Ən yaxşı halda onların bu addımlarını qabaqcadan siyasi fiasko adlandırmaq olar.

Bütün bunlardan sonra ortaya Milli Şura ideyasının çıxması zamanında atılmış addım sayıla bilər. Amma gəlin görək Milli Şura öz varlığıyla siyasi qüvvələri özünüməhvdən xilas edə biləcəkmi? Açığını deyək, Milli Şuranın yaranması ilə onun yaşayıb-yaşamayacağı təhlükəsi eyni vaxtda doğulmuşdur. Həmin təhlükələri təxmini olaraq ağağıdakı qaydada siyahilaşdira da bilərik: 1. Seçki ərəfəsində açıq sərt addımlar atmaqdan çəkinən hakimiyyət Milli Şuraya ya öz desantlarını göndərmiş, ya da yaxın vaxtlarda göndərərək bu qrumda zidd tərəflərin yaradılmasına çalışacaq. 2.  Çox ehtimal ki, hakimiyyət müxtəlif üsullarla siyasi qüvvələr arasındakı  indiyəqədərki daxili qarşıdurmaları Milli Şuraya yönləndirməyə cəhd edəcək. 3. Tərəfsiz olaraq Milli Şuraya gələn ziyalı elitaın da intiraqalara cəlb edilməsi üçün addımlar atılacaq. 4.Milli Şuranın namizədinin seçilməsi ilə də bağlı vəziyyət mürəkkəbləşə bilər. Və s. Milli Şura bütün bu problemlərdən yan keçə biləcəkmi? Bəri başdan nikbin və yaxud bədbin proqnozlar vermək istəmirik, amma Milli Şuranı yaradanlar bütün bunları da nəzərə almalıdır. Çünki dediyimiz rüşeymlər artıq özünü biruzə verməkdədir. Həmişəki problem – Milli Şuranın elan ediləcəyi barədə məlumat dolaşmağa başladığı gündən onun prezident seçkilərində  kiminlə təmsil olunması məsələsi gündəmi zəbt edib. Təbii ki, təbliğatlar da əvvəlki siyasi ambisiyalara uyğun şəkildə aparılır. Yenə eyni isimlər, yenə eyni soyadlar…

Amma hər halda ziyalı sözü, ziyalı düşüncəsi siyasi ambisiyaları müvəqqəti də olsa sındıra bilib. Dünən 129 nəfərlik bir siyahı üzrə Milli Şuraya gələnlər Rüstəm İbrahimbəyov fenomeninin üzərində dayana bildi. Beləliklə, R.İbrahimbəyov Milli Şuranın sədri seçilərək gələcək proseslərdə söz sahibi olmaq şansı qazandı. Bəs sonra?

Təbii ki, Milli Şuradan kənarda qalmaq arzusunu açıqlayan bəzi isimlərin  hansı siyasi texnologiya üzərində düşündüklərini ididən söyləyə bilmərik, amma dünənki iclasda vahid namizədin müəyyən olunmaması hər şeyin heç də asanlıqla başa gələməyəcəyini güman etməyə kifayət qədər əsas yeri qoyur.

Təbii ki, vahid namizəd də ziyalı ilə siyasətçi arasında balans yarada bilən şəxs olmalıdır. Rüstəm İbrahimbəyov ziyalıdır, dünyada tanınmış insandır, amma siyasətdən hədsiz uzaq adamdır. O özü də bunu ötən günlərdəki müsahibələrinin birində etiraf edib: “Mən siyasətlə məşğul olmaq istəməzdim, amma proseslər məcbur edir”,- deyir. Tutalım sabah seçkini Milli Şura uddu, bəs idarəçilik hansı prinsiplər üzərində aparılacaq, dövlətin ideoloji xətti nəyə söykənəcək? Rüstəm İbrahimbəyova nə qədər hörmətimiz olsa da, bu suallar aktual olaraq qalmaqdadır. Bəlkə vahid namizəd məsələsi üzərində bir qədər də dərindən düşünək. Niyə Sabir Rüstəmxanlı məsələsi gündəmdə olmamalıdır? Bu kişi bütün həyatını Azərbaycan tanrısına sitayişə sərf edib. Bu gün bir yazıçı və siyasi fiqur kimi o, həm də dünya dövlətlərində Azərbaycanın Güney – Quzey davasını döyür. Mənim bu mövqeyim birtərəfli də görünə bilər, amma bəri başdan deyirəm,  mən Sabir Rüstəmxanlıya nə qədər yaxınamsa, digər siyasi liderlərə də bir o qədər bələd və yaxınam. Bizə siyasəti bilən, amma eyni zamanda ruhən bu xalqın millətin taleyi ilə yaşayan bir insan, bir qələm sahibi lazımdır. Bu keyfiyyətləri özündə çox uğurla birləşdirən Sabir Rüstəmxanlı millətin yolunda  uzun illərdir bir şam kimi yanmaqdadır. Bəlkə millətin sorusuna bu gün onu çıxaraq!  

Comments are closed.