Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev Milli Məclisin deputatlarına və ictimaiyyətə  müraciət edib.

Müraciətdə deyilir:

  Milli Məclisin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi haqqında qanun layihəsi Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə zidd olduğuna görə qəbul edilə bilməz. Belə ki, Qanunun 6-cı maddəsinin birinci hissəsinin (doğum haqqında şəhadətnamənin vətəndaşlığı təsdiq edən sənəd olması) ləğv edilməsi əsaslandırılmalıdır. Çünki təcrübəsini öyrəndiyimiz bütün ölkələrin  qanunvericiliyində doğum haqqında şəhadətnamə uşağın vətəndaşlığını təsdiq edən sənəd kimi göstərilir.  Vətəndaşlığını təsdiq edən sənədlərin siyahısından doğum  haqqında şəhadətnamənin çıxarılması məntiqə və  hüquqa söykənmir.  Bu bənd ləğv edilərsə,  şəxsiyyət vəsiqəsi verən bütün polis və ASAN xidmət əməkdaşları xaricdə doğulan və ya valideynlərindən biri əcnəbi olan uşaqların vətəndaşlıq mənsubiyyəti haqqında Dövlət Miqrasiya Xidmətindən arayış tələb edəcəklər. Bu da öz növbəsində  məmur özbaşınalığını  inkişaf etdirəcək, Miqrasiya Xidmətinin qarşısındakı növbələrin sayını bir neçə artıracaq, vətəndaşların sənədləşdirilməsində  əsasız süründürməçilik hallarını dəfələrlə artıracaq.   Bu dəyişiklikdən  300 000 çox ailə zərər çəkəcək.

 

Qanunun 10-cu maddəsinə əlavə olunması nəzərdə tutulan: “Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir”  vəzifəsinin vətəndaşın üzərinə qoyulması yolverilməzdir.  Üstəlik, belə məlumatı verməyən şəxslərə Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət ” müəyyən olunması dövlətin öz vəzifəsini vətəndaşın üzərinə qoyulması kimi qiymətləndirilməlidir. Bəzi dövlətlərin vətəndaşlıq haqqında qanunları həmin ölkənin vətəndaşları ilə nikaha daxil olan şəxsləri öz vətəndaşı kimi tanıyır və ya həmin şəxslərə sadələşdirilmiş qaydada öz vətəndaşlığını verir. Hər il minlərlə AR vətəndaşı ailə birləşməsi proqramları çərçivəsində  başqa ölkələrin vətəndaşlıqlarını əldə edirlər. Bu  maddənin qəbul ediləcəyi halda 100 000 nəfərə kimi insan bu normanın acısını yaşamalı olacaq.

 

 Layihənin 12- ci maddəsində nəzərdə tutulan dəyişiklik  (təqdim olunan layihəyə ğörə  “Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni əcnəbi olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. Azərbaycan Respublikasının ərazisində doğulmuş və valideynlərindən biri əcnəbi, digəri isə vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir”) isə Azərbaycan Respublikasının Konstitusiyasının 52-ci maddəsi,  Normativ hüquqi aktlar haqqında Konstitusiya qanununun 5-ci maddəsi və Vətəndaşlıq Haqqında Qanunun  1-ci maddəsi ilə ziddiyyət təşkil edir. Konstitusiyanın 52 –ci maddəsinə görə  Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs  Azərbaycan  Respublikasının vətəndaşıdır. 52 –ci maddə eyni zamanda valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxsi Azərbaycan Respublikasının vətəndaş hesab edir. Vətəndaşlıq haqqında qanunun 1-ci maddəsi də qeyd olunan şəxsləri qeyri-şərtsiz AR vətəndaşı kimi tanıyır.  Bu dəyişiklik ediləcəyi halda da  200 000  nəfərdən çox şəxs bu problemlərin qurbanına çevriləcək.

 

        Qanunun 18-ci maddəsinə təklif olunan dəyişiklik Azərbaycanın qoşulduğu beynəlxalq sənədlərə, Normativ Hüquqi Aktlar haqqında Konstitusiya qanununa tam ziddir və xüsusi siyasi məqsədlərə hesablanmışdır. Təqdim olunan dəyişikliyin birinci bəndində nəzərdə tutulan əsas  əslində Azərbaycan Respublikasının vətəndaşlığı haqqında qanunu ilə deyil, şəxsin vətəndaşlığını qəbul etdiyi ölkənin qanunu ilə tənzimlənməlidir. Məsələn, Almaniya və ya Rusiya Federasiyası o şəxsi öz vətəndaşlığına qəbul edir ki, həmin şəxs öz ölkəsinin vətəndaşlığından çıxması haqqında müvafiq sənəd təqdim etmiş olsun.

 

İkinci bənddə  nəzərdə  tutulan  “Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könülü xidmət etməsi” halları isə vətəndaşlığın itirilməsinə səbəb ola bilməz. Fikrimizcə  bu məsələlər şəxsi müəyyən siyasi hüquqlardan məhrum edə bilər və happy wheels demo ya qanunla müəyyən edilmiş digər nəticələrə səbəb ola bilər. (seçkili vəzifələrin tutulması, cinayət məsuliyyətinə cəlb olunması və s.).  Çünki, Konstitusiyasının 53-cü maddəsinin I hissəsinə görə, Azərbaycan Respublikasının vətəndaşı heç bir halda  vətəndaşlığından məhrum edilə bilməz.  Qeyd olunan hal isə əslində nəticəyə görə vətəndaşlıqdan məhrum etmədir.  Eyni zamanda bu bənd Azərbaycanın qoşulduğu beynəlxalq sənədlərə konkret olaraq “Vətəndaşsızlığın  azaldılması haqqında” BMT konvensiyasına ziddir.  Bu bəndin qanuna əlavə edilməsi xaricdə yaşayan minlərlə AR vətəndaşlarının  yaşadıqları ölkələrə inteqrasiyasını zəiflədəcək və onsuz da zəif olan diaspora fəaliyyətinə mənfi təsirini göstərəcək.

 

Üçüncü  bənddə göstərilən  “Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı” da şəxsin vətəndaşlığının itirilməsinə səbəb ola bilməz. Çünki bu hal birbaşa olaraq şəxsin vətəndaşlığı olmayan şəxs vəziyyətinə salır bu da yuxarıda qeyd olunduğu kimi yolverilməzdir. Ümumiyyətlə  törətdiyi cinayət əməlinə görə şəxsin vətəndaşlıqdan məhrum edilməsi müasir təfəkkürə ziddir və SSRİ qanunlarının bərpasına rəvac verməkdir. Eyni zamanda “təhlükəsizliyə ciddi zərər vuran davranış” həmdə  qeyri müəyyən  bir anlayışdır və konkret bu hərəkətin nədə ifadə olunması məlum deyil.  Siyasi hakimiyyət istədiyi zaman bu normanı tətbiq edəcək və readmissiya sazişinin tətbiq olunmamağı üçün istənilən şəxsi bu əsasla vətəndaşlıqdan məhrum edəcək.

 Ümumiyyətlə hesab edirik ki, layihə müəllifləri 18-ci  maddəyə münasibətdə konvensiyaya düzgün yanaşmayıblar. Belə ki, Vətəndaşsızlıq hallarının azaldılması haqqında 1961-ci il Konvensiyası[1] nın məqsədi  vətəndaşsızlıq halının qarşısını almaqdan ibarətdir  və bu sənədə görə dövlət ərazisində doğulma və ya mənşəcə ona bağlı olma kimi amillərlə həmin dövlətə bağlı olan və əks halda (vətəndaşlıq verilməyəcəyi halda) vətəndaşlığa malik olmayacaq uşaqlara vətəndaşlıq verməlidir.  Konvensiya dövlətlər arasında yarana biləcək vətəndaşsızlıq problemlərinin həlli yollarını təklif edir, onu imzalamış dövlətlərə vətəndaşlıq haqqında qanunvericilik qəbul etmələrini və orada vətəndaşlığın əldə edilməsi və itirilməsi ilə əlaqədar yarana biləcək vətəndaşsızlıq vəziyyətinə qarşı təminatları əks etdirməyi tövsiyə edir. layihə müəllifləri isə  qanunvericiliyi konvensiyaya uyğunlaşdırmaqdansa, qanuna konvensiyaya uyğun olmayan  daha mürtəce normalar təklif edir.

Konvensiyanın 5-ci və 7-ci maddələrinə görə  vətəndaşlığın itirilməsini və ya vətəndaşlıqdan imtina etməni  o zaman dövlət qəbul edə bilər ki, şəxs digər ölkənin vətəndaşlığına malik olsun  və ya onu əldə edəcəyi haqqında müvafiq sənədə malik olmuş olsun.

Konvensiyasının 7-ci maddəsinə görə razılığa gələn Dövlətin qanunu vətəndaşlıqdan imtina etməyə icazə verirsə, belə imtina müvafiq şəxs başqa vətəndaşlıq əldə etməyincə onun vətəndaşlığının itirilməsinə səbəb olmamalıdır.  .

Təklif olunan dəyişikliklər eyni zamanda  Normativ-hüquqi aktlar haqqında Konstitusiya qanununun 5 ci maddəsinə ziddir. Belə ki, həmin maddəyə görə normativ-hüquqi aktlar Azərbaycan Respublikasının Konstitusiyasına və onlardan daha yüksək hüquqi qüvvəsi olan başqa normativ-hüquqi aktlara uyğun olmalıdır.

Hesab edirik ki,  bu qanun qəbulu mövcud qanunvericiliyə zidd olmaqla yanaşı 1 000 000 yaxın insanın vəziyyətini ağırlaşdıracaq,  Azərbaycanda ailələri dağılmasına, sənədsizlərin sayının artmasına, vətəndaşlığı olmayan şəxslərin sayının artmasına səbəb olacaq, vətəndaşlarımızın başqa ölkəyə inteqrasiyasına və diaspora işinə mənfi təsirini göstərəcək,  məmur özbaşınalığına  rəvac verəcək.

Bundan başqa bu dəyişiklik vətəndaşlıqdan məhrum etmək  hədəsi ilə insanları siyasi hakimiyyətdən asılılığını artırmağa, Azərbaycanın imzaladığı readmissiya sazişini icra etməməyə,  Azərbaycanı tədricən qapalı ölkəyə çevrilməsinə və yaxın gələcəkdə vətəndaşların  icazə olmadan ölkədən çıxmasına məhdudiyyət qoyulmasına, miqrasiya sahəsində bütün səlahiyyətlərin bir quruma verilməsini təmin etməklə bu  məsələlərə vahid mərkəzdən rəhbərliyin təmin olunmasına xidmət edir.

 

Milli Məclisin bütün deputatlarını bu layihəyə səs verməməyə, KİV-ləri isə bunu nəzarətdə saxlamağa ictimaiyyəti isə buna etiraz etməyə çağırıram.

 [1] Azərbaycan Respublikası 31 may 1996-cı ildə bu Konvensiyaya qoşulub.

Comments are closed.