Sabir Rüstəmxanlı İranın Azərbaycana qarşı təhdidlərinin artmasını bununla əlaqələndirir 

Son günlər İrandan Azərbaycanın ünvanına yönələn təhdidlər bir-birini əvəz etməkdədir. İran sanki müxtəlif hadisələrdən istifadə etməklə Azərbaycana təzyiqləri gücləndirir. Tehran rəsmiləri və mollalar gah Azərbaycanda dindarlara qarşı təzyiqlərdən, gah dövlət sərhədini pozan iranlı əsgərin Azərbaycan sərhədçiləri tərəfindən öldürülməsindən, gah da digər məsələlərdən istifadə edərək gərginliyi artırmağa çalışırlar. Hətta, İran rəsmilərinə yaxın şəxslərdən biri Azərbaycanın Təbrizdəki konsulluğuna hücum olacağı barədə xəbərdarlıq səsləndirməkdən də çəkinməyib. Bəs görəsən İran rəsmilərinin bu aqressivliyinin səbəbi nədir? Bu mövzu ilə bağlı suallarımızı Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlıya ünvanladıq. 

– Sabir bəy, İranın Azərbaycana qarşı təhdid dolu bəyanatlarının artmasını nə ilə əlaqələndirirsiniz?
– Bilirsiniz, son 20 ildə İran Azərbaycanda maneəsiz şəkildə fəaliyyət göstərir. Bu imkandan istifadə edərək müxtəlif dini qurumlar dəstəklənib, məscidlər tikilib, mədrəsələr yaradılıb. İrana bağlı ictimai təşkilatlar şəbəkəsi formalaşdırılıb. Azərbaycanla dostluq və qonşuluq münasibətlərini inkişaf etdirmək adı ilə ölkədə böyük bir şəbəkə qurublar. Öz missionerlərini hətta, respublikanın regionlarına da səpələyiblər. Biz də demişik ki, yaxın qonşumuzdur, 30 milyona yaxın soydaşımız var. Bütün bunları nəzərə alıb İranla yaxşı qonşuluq münasibətləri qurmağa çalışmışıq və düz etmişik. 

İstəmişik ki, əhalisinin yarısı azərbaycanlı olan İran vətəndaşları Azərbaycana rahat gəlib-getsinlər, problem yaşamasınlar. Amma unutmuşuq ki, İran təkcə Azərbaycanda deyil, ümumilikdə Yaxın Şərqdə öz hegemonluğunu formalaşdırmağa çalışır. Bu məqsədlə din faktorundan istifadə olunur. İranın şovinist rejimi indi bu siyasəti Azərbaycana da tətbiq etmək istəyir. İndi hesab edirlər ki, uzun müddətdir formalaşdırdıqları bu şəbəkənin hərəkətə keçməsinin vaxtı çatıb. Bu məqsədlə müxtəlif təxribat xarakterli variantlara əl atırlar. 
– Məqsədlərinə nail ola bilirlərmi?
– Yox. Onlar bir şeyi unudurlar ki, Azərbaycan regiondakı digər dövlətlərdən fərqlənir. Burada onların təxribatlarına uyacaq kütlə yoxdur. Düzdür, İran şəbəkəsi Azərbaycanda əhalinin yoxsulluğundan, bəzi kəsimlərin dini savadsızlığından müəyyən məqamlarda istifadə edə bilirlər. Onlar müəyyən məscidlərdə, yas mərasimlərində, dini tədbirlərdə təbliğat aparmaq imkanına malikdirlər. Amma məqsədlərinə tam nail olmaq imkanları yoxdur. Azərbaycan dünyəvi dövlətdir. Bu ölkə həmişə yüksək mədəniyyəti, dünya səviyyəli musiqisi, teatrı, elmi ilə tanınıb. Bütün istiqamətlər üzrə dahi insanlar yetişdirib. İndi belə bir respublikanı yenidən İran mollalarının istədiyi rejimlə yönəltmək mümkün deyil. Bunu İranda da görürlər və əsəbiləşirlər. Görürlər ki, illərdir xərclədikləri pullar, çəkdikləri əziyyət effekt vermir. Bir növ mayaları batdığına görə narahatdırlar. Belə olan halda da eyforiyaya qapılıb Azərbaycan əleyhinə təhdid dolu bəyanatlar verirlər. 
– İran hökumətinə bağlı qüvvələrdən birinin rəhbəri hətta Azərbaycanın Təbrizdəki konsulluğuna hücum olunacağı ilə bağlı açıq xəbərdarlıq edib.
– Neçə illərdir İran mətbuatı və «Səhər» kanalı Azərbaycanla elə bu dildə danışır. Rəsmi Tehran bütün vasitələrdən istifadə etməklə anti-Azərbaycan təbliğatı aparmağa çalışır. Biz də bunu görürük, amma qonşuluq münasibətlərini pozmamaq, milli çıxarlarımız naminə susuruq. Digər tərəfdən, bölgədə gedən proseslər də İranı özündən çıxarır. Şimali Afrika ölkələrində demokratikləşmə prosesləri gedir. İraq, Liviya xalqları diktatorları deviriblər. Hazırda Suriyada da vəziyyət gərgindir. İran görür ki, ətrafındakı rejimlərin halqası daralır. Bu işi təşkil edənlərə qarşı heç nə edə bilmirlər, acıqlarını Azərbaycandan çıxmağa çalışırlar. Yəni eşşəyə gücləri çatmır, palanla mübarizə aparırlar. Təbrizdəki konsulluğumuza hücumla bağlı hədəyə gəldikdə isə nəzərə almaq lazımdır ki, bu şəhərdə bizim milyonlarla soydaşımız yaşayır. Əgər onlar mollaların fitvası ilə konsulluğumuza hücuma imkan versələr, bu, cəhalətin ən yüksək nöqtəsi olacaq. Gərək soydaşlarımız buna imkan verməsinlər. Onların kifayət qədər gücü var və bundan istifadə edib mollaların qarşısını almalıdırlar. 
– Molla rejimi İrandakı toy mərasimlərində azərbaycanlı müğənnilərin iştirakına da qadağa qoyub. 
– Mən yenə də deyirəm, İran əhalisinin yarısı azərbaycanlıdır. Bu cür inzibati metodlarla azərbaycanlıların milli mənlik şüurunun formalaşmasının qarşısını ala bilməyəcəklər. Şimaldan gedən müğənnilərin qarşısını alacaqlar, Azərbaycan mahnılarını cənublu qardaşlarımız özləri oxuyacaqlar. İran heç bir vasitə ilə cənubdakı soydaşlarımızla bizim əlaqələrimizi kəsə bilməyəcək. Heç bir dövlət heç bir xalqa toyu, yası ilə bağlı qadağa qoya bilməz. İranın başında dayananların çoxu Azərbaycan türkləridir. Onların qeyrəti varsa buna yol verməməlidirlər. Qadağalarla bizim millətin iradəsini qıra bilməzlər. Əksinə, bu cür qadağalar tərs effekt verəcək. İran rejimi bu cür gülməli qadağalar tətbiq etməklə milli hisslərin oyanmasına təkan verəcək. 
– Sizcə yaranmış vəziyyətdə Azərbaycan hansı mövqe tutmalıdır?
– Əlbəttə ki, biz İranda insan hüquqlarının pozulması, cənubdakı soydaşlarımıza qarşı aparılan siyasət, tariximizin saxtalaşdırılması cəhdlərinə qarşı etirazımızı bildirməliyik. İranda Azərbaycan adının unudulması üçün əllərindən gələni edirlər. Ölkəmizi gah aran adlandırırlar, gah da bizə qarşı torpaq iddiaları ilə çıxış edirlər. Bütün bunlar çox ciddi təhdidlərdir və Azərbaycan dövləti baş verənlərə öz etirazını bildirməli və bunu Tehrana çatdırmalıdır.

İlham QULİYEV
“Kaspi” qəzeti

Comments are closed.