29 may 2011-ci il tarixində İsveçin cənubunda yerləşən Skane inzibati dairəsində fəaliyyət göstərən Vahid Azərbaycan Dərnəyi Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 93-cü ildönümünü qeyd etdi. Möhtəşəm şəkildə təşkil olunan tədbir Malmö şəhərinin  Xalq Əyləncə Parkında (Folkets Park) baş tutdu. Parkın girişində dalğalanan Azərbaycanın üçrəngli, ay-ulduzlu bayrağı tədbir iştirakçılarını salamlayaraq, Azərbaycan türklərinin istiqlal sevdasını hər kəsə bəyan edirdi. Mərasimin təşkilatçıları İsveçdə yaşayan soydaşlarımız Aidə Məmmədova və Ayə Coşqun idi. Tədbir AXC-nin ildönümünü qeyd etməklə yanaşı, Azərbaycanı İsveç ictimaiyyətinə tanıtmaq və ölkəmizi milli dəyərləriylə təbliğ etmək məqsədi daşıyırdı. Azərbaycan türklərinin bir araya gəldiyi mərasimdə dərnək nümayəndələri qonaqlara Azərbaycan türkcəsində və İsveç dilində AXC-nin yaranma tarixi, Azərbaycanın iqtisadi və sosial inkişafı, eləcə də “Evrovizion-2011” mahnı müsabiqəsində ölkəmizin qazandığı qalibiyyət haqqında geniş məlumat verildi. Qeyd olundu ki, bu qalibiyyət təkcə Azərbaycanın deyil, Türk Dünyasının uğurudur. Qonaqların böyük marağına səbəb olan tədbirdə Dünya Azərbaycanlıları Konqresinin (DAK) Nəzarət-Təftiş Komissiyasının sədr müavini Babək Tağızadə ailəsiylə birgə iştirak edərək, mərasim iştirakçılarına Azərbaycanın tarixi, bu günədək keçdiyi inkişaf yolu və qazandığı siyasi və iqtisadi uğurlar barədə ətraflı məlumat verdi. Tədbirdə Azərbaycan milli mədəniyyətini təbliğ edən suvenirlər, əl işləriylə yanaşı, ölkəmizlə bağlı müxtəlif kitablar, eləcə də audio və video materiallar da nümayiş etdirildi. 

DAK Nəzarət-Təftiş Komissiyasının sədr müavini Babək Tağızadə qonaqların Azərbaycanı əks etdirən eksponatlarla bağlı suallarını da cavablandırdı. Sərgini böyük maraq və diqqətlə izləyən qonaqlar happy wheels demo Azərbaycan mədəniyyətinə heyran qaldıqlarını bildirdilər. 

Xalq Əyləncə Parkında qeyd olunan AXC-nin 93-cü ildönümündə Azərbaycanı çoxmillətli İsveç cəmiyyətinə daha yaxşı tanıtmaq məqsədilə qonaqlar, eləcə də dərnək tərəfindən Azərbaycanın milli mətbəxi ləziz şirniyyat süfrəsi ilə təqdim olundu. Milli şirniyyatımızla tanış olan qonaqlar həm də istedadlı müğənni Ziyafət Yaqubovanın ifasında milli musiqimizi də dinlədilər. Azərbaycan milli mədəniyyətinin və qədim tarixinin təbliğ olunduğu tədbirdə qonaqlar çoxsaylı fotoşəkillər və video materiallar çəkərək  təşkilatçılara dərin minnətdarlıqlarını bildirdilər. Mərasimin sonunda Xalq Əyləncə Parkının inzibati direktoru təşkilatçılara indiyədək parkda belə uğurlu bir tədbirin keçirildiyini xatırlamadığını vurğulayaraq, qonaqların sayına görə yalnız illik Malmö Festivalından (Malmö Festivalen) geri qaldığını bildirdi.  

Multimədəniyyət ocağı sayılan Malmö şəhərində keçirilən tədbir qəlbləri Azərbaycanla döyünən, Azərbaycan həqiqətlərini hər fürsətdə dünyaya bağıran və milli-mədəniyyətimizi dünya xalqları arasında təbliğ etmək eşqi ilə yaşayan soydaşlarımızın iştirakıyla uğurla sona çatdı:

Sən bizimsən, bizimsən durduqca bədəndə can,

Yaşa, yaşa, çox yaşa, ey şanlı AZƏRBAYCAN!!!

 

 

 

Comments are closed.