Fevralın 6-da həbs edilmiş gənc fəal Ömər Məmmədovun Hüquqlarını Müdafiə Komitəsi Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda (RATİ) mətbuat konfransı keçirib.

Mətbuat konfransında Ömər Məmmədovun atası Elyar Məmmədov, VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı, Ömər Məmmədovun vəkilləri Xalid Bağırov, Əlayif Həsənov və Fəxrəddin Mehdiyev, hüquq müdafiəçisi Əlövsət Əliyev, N!DA VH təmsilçiləri və diplomatik korpus nümayəndələri də iştirak edib.

Tədbirdə ilk olaraq çıxış edən Vətəndaş Həmrəyliyi Partiyasının siyasi şurasının üzvü Əlövsət Əliyev bildirdi ki, çox təəsüflər olsun ki, biz növbəti dəfə azadlıqdan məhrum olmuş bir gənc üçün toplaşmışıq: “Çox təəsüflər olsun ki, biz növbəti dəfə azadlıqdan məhrum olmuş bir gənc üçün toplaşmışıq. Bu ilk dəfə deyil, sonuncu da olmayacaq. Nə qədər ki, gənclərə qarşı yönəlmiş repressiyalar davam edəcək, həbslər qaçınılmazdır. Həbs edilən gənclərin böyük əksəriyyəti narkotik maddəylə ittiham edilir. Elə bir fikir formalaşıdırıblar ki, sanki, müxalifətçilərin, müxalif düşüncəli insanların, gənclərin hamısı narkotik alüdəçisidir. Əlbətdə ki, bu gənclərin həbsini sifariş verənlərdə, hakimlərdə, ümumilikdə bu prosesdə iştirak edənlərin hamısı bilir ki, bu gənclər günahsızdır. Amma onlar üçün bunun fərqi yoxdur. Problem olan məsələlərdən biri də vəkillərdir. Bu cür siyasi proseslərdə həbs edilənlərin hüquqlarını qoruyan vəkillər də getdikcə azalır. Bəziləri sadəcə iştirakdan boyun qaçırırlar, bəzilərinə təzyiq edilir ki, işi götürməsin, geridə qalanlar isə azlıq təşkil edir. Əlbətdə ki, onların gördükləri işi görməməzlikdən gəlmək olmaz. Əllərindən gələni edirlər ki, bu günahsız insanlar zindanlarda çürüməsinlər. Gəncləri əsgər ölümlərinə etiraz etdikləri üçün, təhsildə ki, rüşvətə yox dedikləri üçün, qiymət artımına etiraz etdikləri üçün, qanunsuz həbslərə etiraz etdikləri üçün, hüquqlarını tələb etdikləri üçün tutulurlar. İnsanların cibinə narkotik atmaq olar, evinə silah atmaq olar, bir yolnan şərləmək olar, ancaq düz sözdən çəkindirmək olmaz”.
Tədbirdə çıxış edən Ömər Məmmədovun atası Elyar Məmmədov bildirdi ki, Öməri tutulması gözlənilən idi: ”Ömərin tutulması gözlənilən idi. Öncədən bizə bir neçə dəfə xəbərdarlıq etmişdilər. Ömər hələ Kiprdə olanda məni apardılar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə. Orada bir neçə dəfə sorğu-sual etmişdilər. Ömərin fəaliyyəti barəsində suall verdilər, hardadı, nə işlə məşğuldur. Bir neçə saat dindirildikdən sonra məni buraxdılar. Dekabrın 31-də məni yenidən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardılar. Bu dəfə də saatlarla sorğu-sual edildim. Orada olarkən Ömərlə telefonla danışdıq. Ona dedilər ki, siyasi fəaliyyətini dayandırsın, facebook səhifəsindən istifadə etməsin, tənqidlərinə son qoysun. Mənim üçün çox ağırdı ki, mənim 18 yaşındakı oğlum məhbus həyatı yaşayır. Bu qədər ağır ittihamla 18 yaşındakı bir gənci həbs etmək heç kəsə baş ucalığı gətirmir. Mən Ömərə dəfələrlə dedim ki, fəaliyyətini dayandır, tənqidlərinə son ver. Sənin təhsilin var qabağda, gəncliyini düşün. O da ailəsini düşünərək son iki ayda hər şeydən uzaqlaşmışdı. N!DA-a üzvlüyündən çıxdı, facebookdan uzaqlaşdı. Yanvarın 20-də Ömər Kiprdən ailəsini, dostlarını görmək üçün gəlmişdi. Həmən gün səhər saat 7- də oğlumla məni apardılar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə. Orada Öməri dindirdilər, ona dedilər ki, özünü yığışdır. Bu işlərdən uzaq dur, facebookdan uzaqlaş. Həm də xəbərdarlıq etdilər ki, Öməri izləyəcəyik. Ordan qayıtdıq gəldik evə. Ömər də bizə görə buna əməl edirdi. Amma ayın 24-də oğlumu nərimanovda narkotik ittihamı ilə tutdular. Bunların hamısı Ömərin siyasi fəaliyyətilə bağlıdır. Dünən ölkə başcısı öz çıxışında dedi ki, məmurlar xalqın hörmətini qazanmalıdır. Bu hərəkətlərlə bizim hörmətimiz məmurlar necə qazana bilərlər. Bu heç cür mümkün deyil. Azərbaycan xalqı bilməlidir ki, bu gün bu gənclərin mənəviyyatını boğmaqla, gələcəyə heç də sağlam çıxa bilmərik”.
VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı çıxışında bildir ki, bu repressiyalar nəticəsində gələcəyimizi quracaq olan gəncləri itiririk: “Mənim bu toplatıya qatılmaq səbəbim sadəcə ona görə deyil ki, Ömər Məmmədov VHP-nin üzvüdür, yox, həm də ona görə gəlmişəm ki, bu bizim hamımızın problemidir. Gənclərimiz qorumalıyıq, onlara örnək olmalıyıq. Axı bizim gələcəyimiz onlardan aslıdır. Bu gedişatla gəncliyimiz uçuruma gedir. Azərbaycan gəncliyinin bir hissə yerli universitetlərdə məddah kimi böyüdülür. Ancaq tərifnən məşğul olmalarını istəyirlər. Onlara ilk olaraq rüşvəti verməyi və rüşvəti necə almağı öyrədirlər. Saxta kitablarnan, saxta tarixlərlə onların başlarını aldadırlar. Digər hissəsi isə daha fəaldır. Təhsil almaq istəyirlər, bunun üçün mübarizə aparırlar. Xaricdə oxuyurlar, digərlərindən fərqlənirlər. Onlarda vətənə qayıtdıqdan sonra iş tapa bilmirlər. Buna görə də ya başqa ölkələrə üz tuturlar ya da burada qalıb öz etirazlarını bildirirlər ki, bizə yaşamaq üçün normal şərait yaradın. Ölkə rəhbərliyi gəncliyimizin qayğısına qalmasa, onun nazıyla oynamasa, problemlərini dinləməsə bizim gəncliyimizin vəziyyəti acınacaqlı ola bilər. Bu gənclər bizim övladlarımızdır, oğul atadan inciyə bilər, nədənsə narazı ola bilər. Bu o demək deyilki ata oğlunun dilini kəsməlidir, yox, onu dinləmək və problemlərini həll etməyə köməklik etmək lazımdır”.

Vəkil Əlayif Həsənov Ö.Məmmədovun həbsinin siyasi motivli olduğunu söyləyib və gənc fəalı siyasi məhbus adlandırıb. “21 ildir ki, ölkədə “siyasi məhbus” konveyeri işə düşüb, iqtidar ona sərf etməyən insanları müxtəlif adlarla şərləyib həbsə alır”, – deyə vəkil həbsə münasibət ifadə edib. Ə.Həsənov hazırda ölkədə 134 siyasi məhbus olduğunu deyib. Bu həbslərin əsassızlığı kənardan belə aydın göründüyü üçün beynəlxalq qurumlar məhkəmə prosesi olmadan məhbuslara “siyasi və vicdan məhbusu” statusu verdiklərini nəzərə çatdırıb. Onun firkirncə, bu həbslərə səbəblərdən biri də iqtidarın siyasət sahəsini inhisara alması, bu sahədə rəqib tanımaq istəməməsidir. 

Vəkil müdafiə etdiyi Ö.Məmmədovun heroin istfadəçisi kimi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə ittiham olunduğunu bildirib. Onun firkincə, Ö.Məmmədovun həbsdən azad olunması məhkəmədən yox, siyasi iradədən asılıdır.

Qeyd edək edək ki, Ömər Məmmədov 1995-ci ildə Bakıda anadan olub. Hazırda Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən Beynəlxalq Kipr Universitetində təhsil alır. O, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) üzvü, “Axın” maarifçi hərəkatını təsisçisidir. N!DA Vətəndaş Hərəkatının keçmiş üzvüdür. Ömər Məmmədov yanvarın 24-ü Bakıda saxlanıb. Mülki geyimli şəxslər onu Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparıb. İstintaqın məlumatına görə, onun üstündən 6 qram heroin götürülüb. Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz əldə edilməsi) ilə cinayət işi açılıb və 3 aylıq həbs-qətimkan tədbiri seçilib. O, hazırda Bakının Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasında saxlanılır. 
Məhəmməd Türkmən
Fotolar müəllifindir




Comments are closed.