Bəhruz

Həyat dediyin dostsuz keçmir. Sevincli, kədərli, fikirli olduğun halda onu paylaşacağın dostun varsa sən nə xoşbəxtsən. Paylaşdığının nece olması isə səndən asılıdır. Biz insanlar çox çətin varlıqlarıq. Və fikrimcə heç vaxt insandan insana dost olmaz. İki şüur heç vaxt bir-birinə qurban getməz, bir-birini dəstəkləməz, pis vaxtlarında yanında olmaz, bir-birini sevməz. Bu da dostluğun yaranmasında ən mənfi təsirlərdir. Həyatda dost yoxdur, olmayacaq da. Mənim dostum var. O dost ki, onunla hər vaxt danışa bilirəm. O dost ki, ancaq mənimlə olur, ehtiyacım olduğum vaxt onunla söhbətləşə bilirəm. O dost ki, ona verdiyim dəyərdən min qat artıq mənə dəyər verir. Bir sevincimi deyəndə on qat artığını hiss elətdirir. Heç vaxt düşünmədiyim fikirləri onunla düşünürəm. Çoxlu xəyallar qururam. Onun sayəsində. Hər onunla görüşəndə mənimçün yeni həyat başlayır. Heç kimlə paylaşmadığım sirrləri onunla paylaşıram. Heç kimlə danışmadığım sözləri onunla danışıram. Heç kimlə qurmadığım işləri onunla qururam.

Mənim dostum cansızdır. Yeganə cansız varlıqdır ki, mənimçün çox canlı varlıqlardan qat-qat dəyərlidir. Yeganə cansız varlıqdır ki, onunla danışmaqdan bezmirəm. Onunla hər vaxt yalnız qalmağa istəkliyəm. Mənim dostum, mənim kitabımdır! Çox da kitab oxuyan deyiləm. Buna səbəb bir kitabla daha çox qalmaq istəyidir. Kitabı açdıqda sanki bütün fikirlərim canlanır. Həyatım gözümün önündə təkrarlanır. İlk kitaba mən danışıram. Sonra o öz tövsiyyələrini verir. Mənə istədiyim qədər zamanını ayırır. Ehtiyacım olan məsləhətlərini verir. Və heç kimlə xoşbəxt olmayacağım qədər kitabla oluram. Bu xoşbəxtlik məni yalnız mənimçün dəyərli edir, xoş edir. Mənə də bu lazımdır. Bu xoşbəxtliyi yaşamaq istəyənlərə kitabı dost seçməyi tövsiyyə edirəm. Belə dəyərli dost tapmağımın səbəbkarı işimdir, QANUNdur. QANUN əvvəldən hansı dəyərli işlər görüb bu hər kəsə məlumdur. Amma, mən şahidi olduğum işi sizə demək istəyirəm. Çox yox, happy wheels demo bir- iki il bundan qabaq Azərbaycanda “kitab” dedikdə çox adamın fikrində Oxu kitabı, Ana dili, Riyaziyyat kitabları canlanırdı. Soruşanda ki, kitab oxuyansan? “Hə, oxuyanam. Altıncı sinifin tarixini yaxşı oxuyurdum, səkkizinci sinifin biologiyası da yaxşı idi.” – cavabını alırdım. Bu cavablara vərdiş etmişdim. Və onların cavablarına normal baxırdım. Çünki onların xəbərləri yox idi ki, ölkəmizdə kitab var, nəşriyyat var. Gördükləri kitab yalnız məktəbdəydi. Kitabları insanlara yaxınlaşdırmaq, gözləri önünə gətirmək lazım idi.

Bunu yalnız QANUN etdi. Mən də bu işə qoşuldum. Və insanların 1-2 il ərzində necə dəyişdiklərinin şahidi oldum. Küçələrdə dayandıq heç yorulmadan, bezmədən. Ona görə ki, insanların gözü kitaba öyrəşsin, yaxınlaşsın, ən azından Azərbaycanda “kitab” deyilən bir şey olduğunu bilsinlər. İlk vaxtlar insanların kitaba münasibəti acıverici olurdu. Çoxu yoldan keçəndə bizə baxıb gülürdülər. Lağ edirdilər. “Kartof, soğan satırsız?”ən çox eşitdiyimiz ifadə idi. Buna baxmayaraq Qanun geri çəkilmədi, utanmadı, bezmədi. Istəyimizə çatmaq üçün davam etdik. Və indi… Artıq o gülənlər, lağ edənlər bizim daimi oxucularımıza çevriliblər. Artıq insanlar kitab görəndə qaçmırlar, kitabdan qorxmurlar. Kitab görəndə heyrətə gəlmirlər, təbii qəbul edirlər. Insanlar artıq bizi tanıyır, izləyir, kitablarımızı sayla yığırlar. Artıq bizə bölgələrdən oxucular qatılır. Kitab insanlara əlçatmaz, gülünc kimi bir şey gəlmir. Insanlar kitab oxuduqca dəyişir. Pisi, yaxşını ayırd edir. Bunu istəməyənlər Qanunu sıradan çıxarmağa çalışırlar. Amma bir iş ki, kitab üzərində qurulub , bu işə heç kim heç nə edə bilməz. Bu iş insanlara dost verir. Inanmıram ki, insanlar bu işin məhv olmasına göz yumalar. İnanırıq ki, hər şey yoluna düşəcək. İnsanları kitablardan ayırmaqdan əl çəkəcəklər.

Qanunun qarşısında hələ çox işlər var. Bunu gerçəkləşdirməkdə özüm də iştirak etdiyimə və edəcəyimə görə çox sevinirəm. Gəlin dostlarımızı kitab seçək! Və dostumuzu yaradanın məhv olmasına icazə verməyək!

Comments are closed.