Sabir Rüstəmxanlı: “Rafiq Tağının ölümündən sonra təhlükəsizliyimin təmini dövlətin işidir”

Yazıçı Rafiq Tağının ölümündən sonra iranlı axund Məhəmməd Cavad Lənkəraninin atasının 2006-cı ildə verdiyi fitvanın yerinə yetirilməsinə sevinməsi bu qətlə yeni bir çalar qazandırıb. Çünki dünyanın müxtəlif ölkələrində yaşayan şəxslərin düşüncələrinə görə “İslamın düşməni” elan edilərək ölümə fərman verilməsi yeni fakt deyil.

 

2009-cu il yanvarın 9-da Nardaran qəsəbəsində keçirilən mitinq zamanı da tanınmış publisist, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlın öldürülməsi ilə bağlı fitva verilmişdi. Bu barədə fikir səsləndirilənlər sonradan həbs edildi. Rafiq Tağının bıçaqlanaraq öldürülməsindən sonra İrandan səslənən bəyanatlar istər-istəməz Sabir Rüstəmxanlı ilə bağlı verilmiş fitvanı yada salır. Əcəba, VHP sədr özü bu barədə nə düşünür, İran rejiminin sərt tənqidçilərindən olan millət vəkili həyatına hansısa təhlükə hiss edirmi?
VHP qərargahına getməkdə də məqsədimiz Sabir bəylə üzbəüz oturub bu suallara aydınlıq gətirmək idi. Öncə qeyd edək ki, ötən il istifadəyə verilən VHP-nin binasında hələ də bəzi yarımçıq işlər qalır. 6 mərtəbəli binada lift də yoxdur. Pilləkənləri yuxarı qalxdıqca partiya əməkdaşları ilə qarşılaşdıq. Hər hansı xüsusi gərginlik də nəzərə çarpmır. Nəhayət, dördüncü mərtəbədə – Sabir bəyin otağındayıq. Onu da deyək ki, qərargahda bir dənə də olsun kamera gözümüzə dəymədi. Bunun səbəbin Sabir bəydən soruşduqda yarızarafat-yarıciddi dedi ki, kamera quraşdırmağa maddi imkan yoxdur: “Hələ ki, imkanımız yoxdur. Bəlkə gələcəkdə quraşdırdıq”.

– Sabir bəy, bəs mühafizəçiniz var?

– Mənim heç zaman mühafizəçiyə ehtiyac görməmişəm. Ümumiyyətlə, beş-altı mühafizəçi ilə gəzməyi sevmirəm. Bəzən şəhərdə tək gəzirəm. Ancaq son hadisələr məcbur edib ki, gizli həyatdan imtina edək. Mən millət vəkiliyəm. Güman edirəm ki, bu hadisədən sonra təhlükəsizliyimi qorumaq dövlətin işidir. Əvvəlcə, dövlət bu addımı atmalıdır. Eyni zamanda daxilimdəki inamla deyirəm ki, hər kəsin bir taleyi var. Mənim də Allahım var və məni qoruyur. Dəfələrlə ölümdən dönmüşəm və tək Allahım məni qurtarıb. Digər tərəfdən, ətrafımda məni sevən insanlar var və onlara güvənirəm. Hər kəsin öz taleyi var. Şübhəsiz ki, hər kəs özünü qorumalıdır. Ancaq cəmiyyətdə də elə bir şərait olmalıdır ki, kimsə özünə qarşı təhlükə hiss etməsin. Düşünürəm ki, Rafiq Tağının öldürülməsindən sonra hökumət öz vətəndaşlarının taleyi üçün məsuliyyətini artırmalıdır.

– Azərbaycanda İran əleyhinə yazmaq çox təhlükəli mövzuya çevrilir. Sizcə, Rafiq Tağının ölümündən sonra İrandan yazanda daha da ehtiyatlı olmaq lazımdırmı?

– Əvvəla, cəhalət Şərq dünyasında ən böyük düşməni olub. Buna qarşı bizim dahilərimiz də-Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə və digərləri mübarizə aparıblar. Onların apardığı mübarizə nəticəsində biz Şərqin bataqlığından qopub ilk demokratik respublikanı qura bilmişik. Bu gün Azərbaycanın nə qədər problemləri olsa da, ölkəmiz Avropanın bir parçasıdır. Azərbaycanda dinin də, dövlətin də öz yeri var. Mən indiki vaxtda Allahsız, dinsiz cəmiyyəti təsəvvür edə bilmirəm. Ancaq cəmiyyəti dini qayda-qanunla idarə etmək də heç bir nəticə vermir. Elə İranda da yeni problemlər yaradır. Din qılıncını dövlət öz qınında saxlamalıdır. Ona görə də heç vaxt din dövlətə qarşı çevrilməməlidir. Təəssüf ki, bir çox ölkələrdə hələ də happy wheels demo cəhalət hökm sürür. Dünyanın gözü qarşısında insanlar asılır, daş-qalaq edilir və ya zorakılığa məruz qalır. Mən də bir yazıçı olaraq, hər zaman cəhalətə qarşı mübarizə aparmışam. Ancaq mən yazılarımda islami dəyərlərə qarşı həqarət işlətməmişəm. Konkret olaraq özümə gəlincə, məni heç kim dinə qarşı çıxmaqda ittiham edə bilməz. Mənim İranın indiki rejiminə qarşı mübarizəm var. Mənim dərdim orada yaşayan 35 milyon azərbaycanlının dərdidir. Mən hər zaman İran siyasətini tənqid etmişəm və indi də öz fikirlərimdə qalıram.

– Əsasən sosial şəbəkə və forumlarda “Rafiq Tağıdan sonra növbəti kimdir” deyə sual edirlər. Sizcə bu siyahıda adınız olarsa…

– Vaxtilə ermənilərin də belə bir düşmən siyahısı var idi və mənim də adım həmin siyahıya salınmışdı. Bunlar bəzən cəmiyyətdə xof yaratmaq üçün ortaya atılan addımdır. Biz bu siyahılarla həyata gəlməmişik ki, bununla da dünyadan gedək. Qeyd edim ki, 2009-cu ildə mənə qarşı da hansısa fitvanın verilməsi cəhalətin işi idi. Bunu da Nardaran sakinləri olan iki şəxsin əli ilə etdilər. Mən həmin vaxt Nardarana getdim, kənd camaatı ilə söhbətləşdim. Sadəcə, bu işi nardaranlıların adına çıxmaq istəyirdilər. Nardaranlıların da terrorla məşğul olmaq ənənəsi yoxdur. Ümumiyyətlə, islamı dərk edən insan bu üsula əl atmaz. Tanrının yaratdığı bəndənin ölümünə bir bəndə fitva verə bilməz. Əgər həmin adamlar Rafiq Tağını dinsiz hesab edirlərsə, özləri ondan on qat dinsizdir. Dinə qalsa, mən özümü istənilən ayətullahdan daha çox Allah adamı hesab edirəm. İranın apardığı siyasəti dinlə əlaqələndirmək olmaz.

– Rafiq Tağının öldürülməsində “İran izi ” ən çox səslənən versiyalardandır…

– Rafiq Tağını öldürənlərin kimliyi müəyyənləşməlidir. Onun ölümü Azərbaycan ədəbiyyatı üçün çox ağır itkidir. O, son dərəcə istedadlı, öz üslubu ilə fərqlənən yazıçı idi. Onun ölümünə mən çox təəssüflənirəm. Ancaq indidən bir söz demək olmaz. Vaxtilə Daşnaksütyun Partiyası Qafqazda azərbaycanlılara, 60-cı illərdə Avropada türk diplomatlarına, 1905-1907-ci illərdə rus məmurlarına qarşı terror aktları törədirdi. Kim ermənilərə haqsız deyirdisə, onları aradan götürürdülər. Ancaq bütün bunlar haqqını qarşısını kəsə bilmədi və kəsə də bilməz. Bu gün də İran öz soydaşlarını və millətinin nümayəndələrini müdafiə edənlərin hamısını susdura bilməz.

– Sizcə, bu qətlin üstü açılacaqmı?

– Ola bilsin açılmasın. Təəssüf ki, bu cür qətllər çox gec açılır. Hər halda bu işin arxasında İranın dayandığını demək üçün gərək əldə sübut olsun. Bütün deyilənlər hələ ki, mülahizələrdir. Bəzən zərbə gözlənilməz bir yerdən dəyir. Ancaq Rafiqin ölümü sıradan bir ölüm deyil. İstənilən halda, dünyanın hansı yerində olur-olsun, qətl hadisəsinə sevinmək, xüsusilə də din xadiminin qətlə görə milləti təbrik etməsi İslam dəyərlərinə hörmətsizlikdir.

– Rafiq Tağı anti-islamçılığı təbliğ edirdi, yoxsa ?

– Rafiqi mən hələ onun ilk hekayələri çap edilməmişdən əvvəl tanımışam. Onun yazılarında ifratçılıq olub, amma bu, onun şəxsi fikridir. Bizim aramızda heç zaman ateist və ya dindar olmaqla bağlı söhbət olmayıb. Düzdür, onun bəzi ifadələri ilə razı deyildim. Özünə də demişdim ki, bu şəkildə demək olmaz. Ancaq Rafiq Tağıya Allahsız da demək olmaz. O, cahilliyə qarşı idi. Mənə elə gəlir ki, onun amalı İslam dünyasını layiq olduğu səviyyədə görmək idi.

Günay MUSAYEVA

“Yeni Müsavat”

Comments are closed.