Martın 2-də hər il olduğu kimi “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlə yetirilməsinin ildönümü qeyd olundu. Mərhum jurnalistin qətlə yetirilməsinin 8-ci il dönümündə ictimaiyyət nümayəndələri, gənclər, siyasi partiyaların təmsilçiləri onun məzarını ziyarət etdilər. Onun məzarı önündə əklillər qoyuldu, ruhuna dualar oxundu.

Ziyarətə gələnlər arasında Müsavat başqanı İsa Qəmbər, İK KŞ üzvü Ədalət Yusifov, Müsavatın İcra Aparatının rəhbəri Arif Hacılı, AXP sədri Pənah Hüseyn, “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, VHP Siyasi Şurasının üzvü Samir Əsədli də var idi. Eyni zamanda gənc fəallar da mərhum jurnalisti yad etməyə gəlmişdilər. 
E.Hüseynovun məzarı başında çıxış edənlər qətlə görə mövcud hakimiyyəti ittiham etdilər və iqtidarın bu işi açmaqda maraqlı görünmədiyini vurğuladılar. Əvvəlcə atası Sabir Hüseynov söylədi ki, bundan sonra istintaqdan artıq heç bir şey gözləmir. O, oğlunun həqiqətlərdən yazdığını deyərək həmkarlarının onu hər il yad etməsinə görə təşəkkürünü bildirdi.

“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu bu 8 ildə çox şey unudulduğunu dedi: “Bu illər ərzində istintaqda yanlışlıqlara yol verilib. Biz qətlin ilk dövrlərində İctimai Təhqiqat Qrupu yaratmışdıq. Bir sıra nəticələr də əldə etdik. Gürcüstan Prokurorluğuna müraciət edib müəyyən nəticələrə gəlmişdik. Ancaq sonra qrup üzvlərinə qarşı təqiblər başlandı, onların yaxınları iş yerlərindən çıxarıldı. Ona görə fəaliyyəti dayandırmalı olduq. İndi milli təhlükəsizlik naziri müsahibəsində elə danışır ki, guya hər gün istintaq gedir. Biz onun qatillərinin cəzalandırılmasını istəyirik. Elmar Hüseynov bəşəri dəyərlər uğrunda mübarizəsinə görə qətlə yetirilib. Biz onu hər il yad edirik və bu ənənə bundan sonra da davam edəcək”.

Müsavat başqanı İsa Qəmbər isə qeyd etdi ki, bu qətlin üstün açılanda və qatillər cəzalandırılanda E.Hüseynovun ruhu şad olacaq: “Onun itkisi böyük şok yaratdı. Elmarın qatili bu hakimiyyətdir və buna görə onun qatilləri qanun qarşısında cavab verməlidirlər. Bu günə kimi qətlin açılmasında təşəbbüs happy wheels demo göstərənlər də cəzalandırılıb. Hakimiyyətin mahiyyəti budur. Neft Akademiyasındakı hadisələrdən sonra Tofiq Yaqublu araşdırma apardı və qətlin sifarişçisi kimi göstərilən ermənini Gürcüstanda tapdı. Məlum oldu ki, bu adam sadə bir kəndlidir. Tofiq Yaqublunu indi həbs etdilər. Eləcə də Elmarın qatilləri kimi göstərilən şəxslər də tapıldı. Kim qətlin üstünü açmaqda təşəbbüs göstərib onu cəzalandırıblar. Ancaq biz hər il ənənəni davam etdirib Elmarın məzarı başında yad etməliyik. Onun qatilləri bir gün qanun qarşısında cavab verəcək. Bu gün gənclərimiz çox fəaldır və onlar da mərhum jurnalistimizi yad etməy gəliblər. Bu belə də davam etməlidir”.

“Turan” İA direktoru Mehman Əliyev isə dedi ki, Elmarın qətli ilə bir neçə il jurnalistlərin gözünü qorxutmağa, daxili senzura yaratmağa çalışdılar: “Ancaq son illər bu əks effekt verir və həqiqətlər yazılır”.
VHP sədrinin gənclər müşaviri Samir Əsədli dedi ki, qatillər cəzalandırılmalıdır: “Elmarın qətli azad mətbuatın susdurulması cəhdi idi. Mətbuat bir aynadır və Elmarı öldürməklə bu aynanı sındıra bilmədilər. Bu gün jurnalist olmağa başlayan hər bir gənc gəlib Elmarın məzarını yad etməli, onu tanımalıdır”.

Ziyarətə gələnlərdən NİDA Vətəndaş Hərəkatının üzvü Zaur Qurbanlı və Avropa Hərəkatının üzvü Pərviz Əzimov və “Azadlıq” radiosunun əməkdaşı Çingiz Sultansoy da çıxış etdilər. Sonra jurnalistlərdən Çingiz Sultansoy, Elmin Hüseynov da onun barəsində danışdılar.

Axşam 20:00-da isə E.Hüseynovun qətlə yetirildiyi yer-yaşadığı evin qarşısında ənənəvi olaraq anım tədbiri keçirilib.

Qeyd edək ki, istintaq orqanları isə jurnalisti Gürcüstan vətəndaşları olan azərbaycanlılar Teymuraz Əliyev və Tahir Xubanovun qətlə yetirdiyini ehtimal edirlər. 2006-cı il avqustun 14-də isə cinayətkar qrupa başçılıq etmiş Azərbaycan Daxili İşlər Nazirliyinin Cinayət-Axtarış İdarəsinin keçmiş əməkdaşı Hacı Məmmədov Ağır Cinayətlərə dair işlər üzrə Məhkəmədə Elmar Hüseynovu onun dəstəsinin öldürdüyünü bildirib. Lakin Hacı Məmmədovun dedikləri istintaqda təsdiqini tapmayıb. Xatırladaq ki, Elmar Hüseynov 2005-ci il martın 2-də yaşadığı evin qarşısında odlu silahla qətlə yetirilib. Jurnalistə tapançadan 7 dəfə atəş açılıb.

Comments are closed.