“Yeni Müsavat”ın 11 iyun, 2011-ci il tarixli sayında “Kürd klanı “Cavadxan” filminin nümayişinə qadağa qoyub?” başlıqlı yazı dərc olunub. Yazıda şair Sabir Rüstəmxanlının ssenari müəllifi olduğu “Cavadxan” filminin Gəncə və Sumqayıtda nümayişinə maneələr yaradıldığı bildirilir.

Dünən məsələ ilə əlaqədar S.Rüstəmxanlı ilə əlaqə saxladıq. O, təsdiq etdi ki, həqiqətən də Gəncə və Sumqayıtda filmin nümayişi üçün müraciətləri bürokratik əngəllərlə üzləşir: “Bu film Macarıstan, Rusiya və Ukraynada nümayiş olunub. Azərbaycanda bir sıra rayonlarda göstərilib, amma Gəncədə cəmi bircə dəfə müəyyən vəzifə sahibləri üçün nümayiş edilib. Sonradan heç buna da imkan verilmədi. Dəfələrlə müraciət etsək də Sumqayıtda da görüş təşkil edilmədi. Hər dəfə vaxtı uzatdılar”.
Ssenari müəllifi film haqqında məqsədli şəkildə xoşagəlməz təəssüratların yaradıldığını da vurğuladı: “Guya film o qədər də uğurlu deyil. Halbuki ilkin təqdimatına gələnlər də, indiyədək nümayiş olunduğu yerlərdə də film çox təqdirəlayiq sayılıb, yüksək qarşılanıb. Millətimizi aşağılayan, əxlaqımıza, mənəvi dəyərlərimizə kölgə salan filmlər Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə xaricə, festivallara asanlıqla yol tapır, amma ”Cavadxan” kimi filmin festivallarda iştirakına şərait yaradılmır. Filmə ilk dəfə baxan xırda məmurlardan biri dedi ki, rusların ölüm səhnəsinə çox yer verilib. Təəssüf ki, hələ də bu cür düşünən, tarixi həqiqətləri dünyaya göstərməyə cəsarət etməyən adamlar var. Bu film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilib və məhsul olaraq bu nazirliyə məxsusdur. Filmin Polşada nümayişinə dəvət gəlib, amma biz indiyədək aydınlaşdıra bilmirik ki, nazirlik bizə kömək etmək istəyir, ya yox. Digər tərəfdən, mən gözləyirdim ki, filmdə zəhməti olan rejissor və aktyorların əməyi qiymətləndiriləcək. Amma filmin rejissoru Rövşən Almuradlı istedadlı sənətkar olsa da Sumqayıtda şəraiti yaxşı olmayan bir mənzildə yaşayır, indiyədək bir fəxri ada təltif olunmayıb. Nazirlik niyə onların fəxri adını təqdimata verməyib? Amma film istehsalata buraxılandan nazirlik də daxil olmaqla müəyyən dairələr işimizə mane olublar”.
Bəs filmlə bağlı maneələri yaradan kimlərdir? S.Rüstəmxanlı bu suala “Mən də bunu anlaya bilmirəm” deyə cavab verdi: “Onu da deyim ki, filmin rayonlarda, həmçinin Bakıda nümayişinə də kinoteatrlarda şərait yoxdur. Mədəniyyət sahəsində işlər görülür, amma Bakı kinoteatrlarında belə filmi göstərməyə yer yoxdur. Hansı rayona getmişiksə, özümüzlə müəyyən avadanlıq aparmışıq ki, filmi nümayiş etdirək”.
Filmin ssenari müəllifi sonda onu da vurğuladı ki, “Cavadxan”ın hərbi hissələrdə nümayişi üçün Müdafiə Nazirliyinə müraciətlərinə də müsbət cavab almayıblar. Həftəsonu olduğundan yazıda adıçəkilən nazirliklərlə əlaqə yaratmağımız mümkün olmadı. Mövzuya qayıdacağıq.

Yeni Müsavat

Comments are closed.