Qədim türklərin gözəl bir adəti varmış: insan doğulan kimi ona ad qoymazlarmış, gözləyərlərmiş, həmin şəxs müəyyən bir yaşa çatanda adı əməlinə, xarakterinə, cəmiyyətdəki mövqeyinə görə verərlərmiş. Heyif yoxdu indi bu adət, adlar təsadüfi seçilir və məsələn, ateist olacaq birinə İman adı, sonralar fərarilik edəcək kiməsə Qəhrəman adı qoyulur…

Bu dəfə sözümüzün Mustafası yox, Musası var… Tarix çox Musa adları yaşadıb və bu adlar həm də Mousey kimi tanınan peyğəmbərdən gəlib. Bu adı sonradan daşıyanlardan hansının ilkinliyə sadiq qalıb-qalmaması onların öz işidir. Kimsəni buna görə qınaya bilmərik. Neyləyək ki, türklərin məlum adəti daha yaşamır.. 
… Nə isə həmin Musa adlarından biri-deputat Musa Quliyevdən bəhs edəcəyik. Elə buradaca 

BİRİNCİ HAŞİYƏ – deputat, yoxsa…

…Qəsdən “millət vəkili” yox, “deputat” yazdım və bu, bir çox “bəlkə də qaytardılar” təfəkkürlü sovet nastoljiklərinin təsirindən deyil. Bir diqqət edin, adam məlum Binəqədi faciəsindən sonrakı parlamentin ilk iclası ilə bağlı yazır: “Həmin iclasda binadakı yanğınla bağlı müzakirə açmağa ehtiyac yox idi. Çünki yanğın hadisəsi baş verən anda cənab Prezident İlham Əliyev ən operativ qərarları qəbul etmiş, yanğın yerinə şəxsən getmiş, komissiya yaratmış, müzakirə keçirmiş, tapşırıqlarını vermişdi. Cinayət işi başlanmış, istintaq aparılır, günahkarlar müəyyən olunur, zərərçəkənlərə sosial, hüquqi, psixoloji və s. yardımlar göstərilir, binalardakı yanğın təhlükəsi olan üzlüklərin sökülməsi prosesi gedir. Məclis başlayan kimi də spiker hörmətli Oqtay Əsədov yanğın hadisəsi ilə bağlı öz fikirlərini söyləyir, Məclis adından həlak olanların ailələrinə başsağlığı verir və bir dəqiqəlik xatirə sükutu elan edir”. Görəsən, bir problemə prezident reaksiya verəcək, Nazirlər Kabineti icraya keçəcək deyə parlamentarilərin bu məsələdən danışmaması hansı məntiqə və düşüncəyə söykənir? Bu prinsiplə parlamentdə Qarabağın işğalından da danışılmasın. Çünki, ortada dövlət başçısının mövqeyi və Silahlı Qüvvələrlə diplomatik sistemin fəaliyyəti var. Parlament fransızca “parle” sözündən olub, danışmaq deməkdir, Musa Quliyev! Burda danışanlar xalqın, millətin sözünü dedikdə “millət vəkili” adlanır. Amma… Gəlin yenə də yaddaşımızı təzələyək: Sabir Rüstəmxanlı Gəncədə Məhəmməd Əmin Rəsulzadənin büstünə qarşı sayğısızlıqdan danışır: “Nədən icra başçıları zərrə qədər özlərində məsuliyyət hiss etmirlər? Gəncədə onun əzəmətli bir heykəli olmalıdır. Ancaq biz bunun əksinin şahidi oluruq. Bir büstü var. Onun da başına çuval keçirmək düşmənçilikdir. Bu, ABŞ-ın İraqda türk əsgərinin başına çuval keçirməsini xatırladır. Dolayısı ilə millətimizə həqarət edən bir məsələdir. Bu, bizim tariximizə, burada oturan hər bir şəxsə hörmətsizlikdir. Ayıbdır. Bu, millətimizin tarixinə və müstəqilliyinin başına çuval keçirməkdir. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Rəsulzadəni düşmən elan edibsə, desin, biz də bilək. Düşmən elan etməyibsə, gedib o çuvalı tarixi şəxsiyyətin başından çıxarsın”. Rəsulzadə Azərbaycan dövlətinin qurucu lideri kimi həm də milli dəyərdir, ona qarşı sayğısızlığa etiraz da millətin sözü sayılmalıdır. Amma millət vəkilinin sözlərinə irad tutan deputat Musa Quliyev cavab olaraq “Gəncədə Rəsulzadənin abidəsinin başına çuval keçirilməsi yalan informasiyadır, həqiqəti əks etdirmir. Abidənin olduğu parkda təmir işləri gedir, həmin abidə də keyfiyyətsizdir. Abidənin təmir işləri ilə bağlı işlər aparıldığı üçün üstü örtülüb. Həmin park da Gəncə şəhər İcra Hakimiyyətinin deyil, Nəqliyyat Nazirliyinin balansındadır. Əgər Sabir Rüstəmxanlının ürəyi yanırsa, nəqliyyat naziri onun qudasıdır, gedib xahiş eləyib parkı təmir etdirsin” demişdi. Adama deyən lazım, “sən kimin əmisi oğlusan?” Məsələ Böyük Öndərin abidəsinin üzərinin necə, hansı vasitə ilə örtülməsindədir, yoxsa Rəsulzadənin qurduğu dövlətin ilk mərkəzində onun abidəsinin qapalı qalması? Həm də heç dəxli var kim kimin qohumudur? Amma demə, varmış və deputat Quliyevi danışdıran da bu qohumluq hissi imiş. Sən demə, büst Kəpəz rayonu ərazisindəymiş və Gəncədən deyilənə görə, o rayonun icra başçısı da Musa Quliyevin yaxın qohumuymuş. Uzun müddət səsi eşidilməyən deputatı bu qohumluq təəssübkeşliyi dilə gətirib və millətin yox, bir məmurun vəkili olduğunu göstərib. 
Ədəbi təxəllüsü, şəxsi klinikası və apteki “Urud” adlanan Musa Quliyevin ard-arda isterik çıxışına və yazısına əhəmiyyət verməmək də olardı. Lakin düşünürəm ki, bu haqda yazmaq da lazımdır. Bir halda ki, dünənə qədər ortada yeyib, qıraqda gəzənlər də dilə gəliblər, düşünürəm ki, bu, əhəmiyyətli hadisədir. Amma Musa Quliyev haqqında yazmazdan əvvəl, internetdə kiçik bir axtarış etdim, mətbuatda onun haqqında gedən yazılara nəzər saldım: elə bir fövqəladə keçmişə sahib deyil. Rejimin himayəsi altında “qaz vurub qazan dolduran” şəxslər kimi sadə bioqrafiyası var, həkimdir, ikinci təhsil alıb, ilhama gəlib şeir də yazır. STOP! İndi isə

İKİNCİ HAŞİYƏ – Allahsızlıq 

Musa Quliyevin ilk mətbu şeirləri 1984-cü ildə xalq şairi Məmməd Arazın “Uğurlu yol” təqdimatı ilə “Azərbaycan gəncləri” qəzetində çıxmışdı. Bu o zaman idi ki, Sabir Rüstəmxanlı ardıq 6 il idi ki, çoxlarına əlçatmaz görünən bir məqamda idi – “Yazıçı” Nəşriyyatının baş redaktoru. Və cənab Quliyevin ilk şeri dərc olunandan bir az sonra Azərbaycan ədəbi dünyasına və milli fikir tarixinə Rüstəmxanlı imzası ilə “Ömür kitabı” yazıldı. Deyəsən, ya o vaxtdan çox keçib, ya da Quliyevin yaddaşı zəifdir ki, bunları unudub və bu gün Sabir Rüstəmxanlını nəzərdə tutaraq yazır: “Əziz xalq şairi, bu xalqın sizin bir şerinizi də əzbər bilmədiyinin fərqindəsinizmi?” Belə yerdə deyiblər: “Adamın Allahı olar!” Axı vicdanla baş-başa qalanda Quliyev özü də Sabir Rüstəmxanlının 80-ci illərdə əl-əl gəzən kitablarını oxuduğunu etriraf edər. Burda mənə məlum olan bir faktı qeyd edim ki, Sabir Rüstəmxanlının poeziyası haqqında Azərbaycanda və Türkiyədə 12 kitab yazılıb, bir neçə dissertasiya müdafiə edilib. Bunları xalq deyib? Bir də ki, cənab Quliyev YAP Siyasi Şurasının üzvü kimi ciddi siyasi səhvə yol verib. Onun iddia etdiyi kimi, bu xalqın bir nəfəri belə Sabir Rüstəmxanlının şerini əzbər bilmirsə, prezident İlham Əliyevin ona Xalq şairi adı verilməsi haqda sərəncamını necə başa düşək. Belə çıxır ki, ya dövlət başçısının qərarında yanlışlıq var, ya da Quliyev öz komandasına hörmətsizlik edir.
Milli Məclisdəki qalmaqalla ürəyi soyumayıb “sifarişçilər”inə xoş gəlsin deyə rənglər aləminə də baş vuran Quliyev o qədər özünü itirib ki, tərifi, təvazökarlığı özünütərifə nökər edib. Diqqət edək: “Hər gün Milli Məslisdəki iş otağımda oluram, Sosial Siyasət Komitəsinin sədr müavini kimi hər gün də ölkənin müxtəlif bölgələrindən gələn şikayətçiləri qəbul edirəm, ərizələri araşdırır, imkanım daxilində cavab verirəm. On ildir ki, üzvü olduğum Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında ölkəmizi şərəflə təmsil edirəm və hazırda orada iqtisadiyyat komitəsinin sədri və Daimi Komitənin üzvüyəm. Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini olduğum on il ərzində komitənin o iclası olmayıb ki, çıxış eləməyim, təklif verməyim, yeri gələndə iradımı və etirazımı bildirməyim. Deputat olduğum on beş il ərzində hökümətin o hesabatı, o büdcə müzakirəsi olmayıb ki, orada çıxış etməyim, təkliflərimi və tənqidlərimi söyləməyim”. Bax buna deyərlər özünə vurğunluq. Və bu tərifləri puç edəcək

ÜÇÜNCÜ HAŞİYƏ – puç olan özünütərif

Parlamentin sosial-siyasət komissiyasının üzvü o kəsdir ki, iki il öncə hökuməti müxalifət nümayəndələrinə qocalığa görə pensiya verilməsini qadağan etməyə çağırdı. Razılaşın ki, bu günə qədər ağlı başında olan heç bir iqtidar rəsmisi müxalifəti bu dərəcədə təhdidə cəsarət etməmişdi. Bu həm də bir bolşevik düşüncəsidir və bu düşüncənin ifadə etdiyi fikirlərin, əməllərin nəticəsidir ki, Qərbdən erməni diasporunun təsirilə Azərbaycana qarşı bəyanatlara rəvac verilir. İndi gördünüzmü bir deputat kimi fəaliyyətinizin sonucu nə olur? Hələ bu da hamısı deyil. Qanun layihələrinin hazırlanması, təkliflər verilməsi prosesindəki aktif fəaliyyətindən danışır bu şəxs. Lap bu yaxınlarda Azərbaycanda müəllimlərə və həkimlərə dövlət qulluqçusu statusunun veriləcəyilə bağlı gözləntilərə məhz Musa Quliyev son qoyub. O bildirib ki, bu məsələ gündəmdə deyil. Maraqlıdır ki, elə həmin Musa Quliyevin özü yaxın keçmişdə indi dediklərinə tamamilə zidd olan bir açıqlama vermişdi. Deputat 30 avqust 2013-cü il tarixlı açıqlamasında müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsinə dair konsepsiya hazırlanacağını, ardınca da “Dövlət qulluğu haqqında” qanuna əlavə və dəyişikliklər ediləcəyini bildirmişdi. Hətta o, bu hadisənin ictimai həyatda inqilabi yenilik olacağını da vurğulamışdı. Və nəhayət Musa Quliyevin seçildiyi ərazidə hansı nüfuza malik olması onun bir neçə il öncə parlamentdə Məhəmməd Əmin Rəsulzadənin xatirəsinin ayaq üstə yad edildiyi vaxt yerindən qalxmaması zamanı bəlli oldu. O zaman xeyli Gəncə sakini bu olaya etiraz etmiş, hətta Musa Quliyevin mandatının alınması təklifləri səslənmişdi. 
Yuxarıda da qeyd etdiyim kimi, Musa Quliyevlə bağlı internet üzərindən axtarışlarda qeyri-adi bir şey tapmadım, amma diqqətimi onun bir müsahibəsi çəkdi. Məlum yazıdan sonra həmin müsahibəyə görə

DÖRDÜNCÜ HAŞİYƏ – Raskolnikov həqiqəti

Deputat müsahibələrinin birində böyük rus yazıçısı Dostoyevskinin məhşur “Cinayət və cəza” romanının qəhrəmanı Raskolnikovu mühakimə edir. Sitatı olduğu kimi verirəm: “Cinayət və Cəza”nı oxuyandan sonra altı ay havalı gəzdim. Əsərin təsirindən çıxa bilmirdim. Roskolnikovun o qarını öldürməyini heç cür qəbul edə bilmirdim. Bütün günü özümə suallar verirdim. Mənə elə gəlirdi ki, Roskolnikov qarını öldürməyə də bilərdi”. Musa Quliyev Raskolnikova qəzəblənib havalı gəzəndə Sabir Rüstəmxanlı bütöv bir millətin param-parça olmasından, əsarət altına alınmasından, ana dilinin, milli mentalitetin erroziyasından havalanmışdı. Bu havalanma həm də dövlət müstəqilliyinin təməlini yaradan MEYDAN hərəkanının əsas dalğası oldu. Görünür xatırlatmağa, həm də konkret ünvan üçün konkret müqayisələrlə xatırlatmağa ehtiyac var: 
Sabir Rüstəmxanlı 1988-ci ildə başlanan milli-azadlıq hərəkatının ilk təşkilatçılarından və liderlərindən, həmçinin Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri olub.
1989-cu ildə Azərbaycanda ilk müstəqil, demokratik qəzet olan “Azərbaycan”ı təsis edib, onun baş redaktoru (baş yazarı) olub.
1990-cı ildə Azərbaycan Xalq Cəbhəsindən parlamentə deputat seçilmiş, “Müstəqil Azərbaycan” deputat fraksiyasının həmsədri, Azərbaycanın Müstəqillik Aktının müəlliflərindən biridir. 
Gəlin eyni zaman kəsiyində qarşıdakı kəsin həyatın nəzərdən keçirək:
Gəncə Narkoloji dispanserində həkim-narkoloq (1986-1990), 7 saylı Bakı şəhəri poliklinikasında həkim nevropatoloq (1990-1993), Bakı şəhəri Yasamal rayonunda həkim əmək ekspert komissiyasında ekspert nevropatoloq (1993-1994), Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyində şöbə müdiri(1994-1997), idarə rəisi (1997-2000) vəzifələrində işləyib.
Bunlar heç bir əlavəsi olmayan Vikipediya məlumatlarıdır. Və bu müqayisənin ikinci tərəfinin qələmindən çıxan sözlərə ancaq bir cavab qalır: AYIBDIR! Yerini bil!
Musa Quliyevin parlamentdə millətin deyil, məmurun vəkili kimi iki dəfə Milli İstiqlal Liderimiz Məhəmməd Əmin Rəsulzadə ilə bağlı qalmaqalla yadda qalması deyəsən, heç təsadüf də deyil axı. Adamın alt düşüncəsində müstəqilliyə və istiqlala fərqli münasibət var və bu haqda

BEŞİNCİ HAŞİYƏ – tarixi dərs…

Musa Quliyev yazır: “Siz doğrudanmı inanırsınız ki, SSRİ-ni Sizin meydan mitinqləriniz yıxdı və Azərbaycan məhz buna görə müstəqillik əldə etdi? Bəs onda necə oldu ki, meydan mübarizəsi aparmayan Moldova, Belorusiya, Ukrayna, Özbəkistan, Qırğızıstan, Tacikistan respublikaları bizdən də qabaq –1991-ci ilin avqust-sentyabr aylarında öz müstəqilliklərini elan etdilər?” Cənab YAP Siyasi Şurasının üzvü, Azərbaycan Milli Azadlıq Hərəkatının Azərbaycanın müstəqilliyinin qazanılmasında müstəsna rol oynaması və həmin Hərəkatda Sabir Rüstəmxanlının xüsusi yeri mərhum dövlət başçısı Heydər Əliyevin çıxışlarında dəfələrlə vurğulanıb. Unutmusansa onun əsərlərinin 13-cü cildini, o vaxtın qəzetlərini vərəqləyə bilərsən. Nə deyirsiniz cənab Quliyev, Heydər Əliyev səhv edib? Bir az ehtiyatlı olun. Bəli, Özbəkistan, Qırğızıstan, Tacikistanda xalq hərəkatı olmayıb və bu respublikalar da müstəqillik qazanıb. Amma məsələ bunda deyil. Düzdür, SSRİ-ni Bakının Meydan Hərəkatı dağıtmadı, amma SSRİ-nin dağılması bu hərəkatları sürətləndirdi. 
Bəlkə də Musa Quliyevə bu qədər vaxt və söz sərf etməyə dəyməzdi, amma neyləyəsən ki, adamın balaca bir yazısında olan boşluqlar və bu boşluqlarda yığılan qərəz o qədərdi ki, bitmək bilmir. Nə başınızı ağrıdım

ALTINCI HAŞİYƏ – hakimiyyətə siyasi zərbə

Adam Sabir Rüstəmxanlının müxalifətçiliyindən vurur, partiya fəallarının çıxışından çıxır, Əlövsət Əliyevin ölkə kənarında olmasından başlayır, Vətəndaş Həmrəyliyi ideyasında qurtarır. Və bu dolanbaclarda ardarda siyasi səhvlər buraxır. Baxın nə yazır: “Məlumdur ki, payızda parlament seçkiləri olacaq. Sabir bəy bir təcrübəli siyasət adamı kimi bu çıxışı ilə iqtidara mesaj göndərdi ki, baxın, mənim seçilməyimə dəstək verməsəniz, müxalifət cəbhəsində daha kəskin danışacağam.” Sonra da Şultsu və ya qeyrisini hədəfə alırlar. Hörmətli iqtidar təmsilçiləri, sizin bəh-bəhlə YAP ali orqanına seçdiyiniz şəxs açıqdan- açığa yazır ki, Azərbaycanda parlamentə hökumətin dəstəyi ilə seçilirlər. Bu, prezidentin dəfələrlə bəyan etdiyi, parlamentin qanunlarla tənzimlədiyi azad seçki prinsiplərinə qarşı çıxmaq deyil, bəs nədir? Avropadan gələn hər hansı xoşagəlməz hesabat və ya bəyanatda bu fikrə rast gəlsəniz, daha dağa-daşa düşməyin, “nakolka” ocaq başından verilib. Bax bu siyasi düşüncədə olan Musa Quliyevin Sabir Rüstəmxanlının siyasi fəaliyyətini təftiş etməyi baytarın nerocərrahiyyə əməliyyatına girməsi kimi bir şeydir. Bəli, Musa Quliyev, Sabir Rüstəmxanlı Şöhrət Ordenindən imtina edən ziyalıdır. Bəlkə də bu addımı elə sizin kimilərə görə atmışdı. Mərhum Heydər Əliyev buna normal yanaşmışdı, amma siz başa düşməzsiniz. O həm də nazir postundan könüllü istefa verən nazirdir, “dumanlı Albion” olayında müxalifəti qeyri-səmimilikdə ittiham edən partiya sədridir, BMT kürsüsündə Azərbaycanın güneyində yaşayan milyonlarla soydaşımızın haqqını səsləndirən liderdir… Və bunların hamısı bir şəxsdir – SABİR RÜSTƏMXANLI… 

Və nəhayət son olaraq

YEDDİNCİ HAŞİYYƏ – kim kimdir? 

Öz yazısında “Budur Sizin Məclisdəki hörmətiniz, gücünüz, kölgəniz!” deyə Sabir Rüstəmxanlıya hücum çəkən Musa Quliyevə isə cavabı oxucuların dili ilə verəcəyik. Dərc olunan yazısının altında yer alan oxucu şərhlərindən yalnız üçünü olduğu kimi bu adamın diqqətinə çatdırırıq:
“Qiziniz Ayteni BDU-nun Huquq fakultesi ile PARALEL (eyni ilde,eyni kursda) londonun ali mekteblerinin birinde oxutduran (en maraqlisi da budur ki, qizi Huquq fakultsinde yalniz axirinci kursda peyda olub ve telebeler arasinda gorunmeye ba$layib) Musa Quliyev (Erud). Beyem, Memmed Emini mudafie etmek muxalifet olmaq demekdir??? Mentiqinize qiziniz ucun London ali mektebine milyonlarala pul odediyiniz muessisenin rektoru quzu kessin.”
“Hörmətli, Sabir müəllim!Dünyada ən dəhşətli şey, halalın harama, pisin yaxşıya qarışmasıdır, yəni, məzhəbin itməsidir! Siz az-çox bu xalqa xidmət etmiş ziyalısınız. Lakin o musya isə, bu hakimiyyətin qulbeçəsidir Bax, siz heç evladınızı yalandan BDUa, özü də hüquq fakültəsi, son kursa düzəldərdiniz? Yox! Həm də paralel olaraq avropada, o qədər xərclə düzüb qoşa, ora soxa bilərdiniz? Yox! Siz, hesabına yaşadığınız bu xalqın mənəvi sərvətlərinə, onun liderlərinə xor baxardınız? Yox! Amma o, bunu edir, çünki.”.
“Mən Sabir müəllimdən TALIŞ dağlarını Yardımlı dağları adlandırdığı üçün narazıyam.Ancaq həqiqəti böyük Allah daha yaxşı bilir.Sabir müəllim yaradıcı insandır,daim xalqına arxalanan və millətini sevən bir ziyalıdır.Ancaq Musa müəllimin öz deputat yoldaşını bu qədər aşağılaması yolverilməzdir.Özünü zadəgan adlandıran millət vəkili xəyallarında Fransada yaşayır və əlbəttə həm də qorxur.Sabir müəllimin ona atacağı ,,söz gülləsi,,nə çətin davam gətirə bilsin”.
Beləliklə, Musanın həmkarına atmaq üçün qaldırdığı kəsək əlində təzəyə çevrilmiş oldu. 

Nəsimi

Comments are closed.