Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı tədbir keçirib. APA-nın məlumatına görə, Dövlət Himni ifa edildikdən sonra Ali Sovetdə dövlət müstəqilliyi barədə Konstitusiya Aktına imza atan deputatlar yad olunub, rəhmətə gedənlərin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ruhuna dua oxunub.

Tədbiri giriş sözü ilə açan KXCP sədri Mirmahmud Mirəlioğlu 1988-1991-ci illərdəki tarixi prosesləri xarakterizə edib, SSRİ-nin dağılmasında Azərbaycandakı xalq hərəkatının önəmindən danışıb. Sabiq prezident Əbülfəz Elçibəyin xalq hərəkatının lideri kimi fəaliyyətinə toxunan M. Mirəlioğlu qeyd edib ki, Azərbaycan Xalq Cəbhəsi kimi təşkilatlanmış qurum olmasaydı, qarşıya çıxan bir sıra problemlərin həlli mümkün olmazdı.

Ali Sovetin sabiq deputatı, dövlət müstəqilliyi barədə Konstitusiya Aktının hazırlanması üzrə işçi qrupun rəhbəri Hacıbaba Əzimov o vaxtkı parlamentdə “Müstəqil Azərbaycan” Deputat Blokunun fəaliyyətinə diqqət çəkib: “Müstəqillik Aktı səsə qoyulanda bəzi deputatlar məqsədli şəkildə iclasa gəlməmişdi, bəziləri isə həmin vaxt parlamentin koridoruna çıxaraq, bu səsvermədə kvorumun olmamasına çalışırdılar. Lakin səsvermənin adbaad olacağı elan edildikdən sonra bəzi deputatlar zala daxil oldular”.

H. Əzimov Müstəqillik Aktına imza atan deputatlara və suverenlik uğrunda mübarizədə öndə gedən şəxslərə qarşı diqqətsizlik olduğunu söyləyib.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, dövlət müstəqilliyi barədə Konstitusiya Aktına imza atan Sabir Rüstəmxanlı isə keçmiş hərəkatçıları partiya maraqlarından çıxış etməməyə və birgə fəaliyyət göstərməyə çağırıb: “1991-ci ildə bizim bir səhvimiz oldu. Bu da dövlətimizin adını Şimali Azərbaycan Respublikası kimi göstərməməyimizdir. Bununla biz həm də cənubda yaşayan soydaşlarımıza dəstək vermiş olardıq”.

Azərbaycan Milli İstiqlal Partiyasının lideri, dövlət müstəqilliyi barədə Konstitusiya Aktına imza atan Etibar Məmmədov deyib ki, noyabrın 9-da Türkiyə Azərbaycanın müstəqilliyini tanıdıqdan sonra ABŞ Türkiyəyə rəsmi şəkildə müraciət edərək müttəfiq ölkənin atdığı bu addımdan narahatlığını bildirib: “Bu gün demokrat kimi özlərini təqdim edən həmin Qərb ölkələri SSRİ-nin bu şəkildə dağılmasının tərəfdarı deyildilər. Onlar yalnız Baltikyanı ölkələrin müstəqilliyini qəbul edirdilər. SSRİ-dəki xalq hərəkatlarının içərisində ən güclü olan Azərbaycan xalq hərəkatının fəaliyyəti nəticəsində həmin ideya müəllifləri öz məqsədlərinə çatmadılar”.

Mərasimdə çıxış edən keçmiş istiqlalçı deputatlar – İsgəndər Həmidov, Sülhəddin Əkbər, Tahir Kərimli, Firudin Cəlilov (Ağasıoğlu), Tahir Əliyev, İxtiyar Şirin, Füzuli Axundov, Məryəm Həsənova və digərləri də çıxışlarında dövlət müstəqilliyinin qazanmasında xalq hərəkatının önəmini vurğulayıblar.

Comments are closed.