Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı kəndlərə, xüsusilə ucqar dağ kəndlərinə təyinatla müəllim göndərilməsinin formal xarakter daşıdığını bildirir.   

“Media forum” saytının məlumatına görə, iyunun 10-da Milli Məclisin iclasında Sabir Rüstəmxanlı deyib ki, kəndlərdə, xüsusən ucqar dağ kəndlərində xarici dil müəllimi çatışmır. Ona görə də kənddə orta məktəbi bitirənlər sonradan iş tapmaqda çətinlik çəkirlər, çünki çox yerdə adamı işə qəbul eləyəndə ondan ingilis, rus dillərini bilib-bilmədiyi soruşulur.

Sabir Rüstəmxanlı vurğulayıb ki, kəndlərə təyinatla göndərilən müəllimlər əslində orda qalıb dərs demirlər, yalandan adlarını kənd məktəbində ştat cədvəlinə yazdırıb qayıdıb şəhərdə işləyirlər, onların kənddəki maaşını isə məktəb direktorları alıb qoyur ciblərinə: “Heç kim də bunu yoxlamır”.

Sabir Rüstəmxanlı xaricdə dövlət hesabına təhsil alan gənclərin ölkəyə qayıdanda iş tapa bilmədiyini də söyləyib. Bildirib ki, dövlət həmin gənclərin təhsilinə milyonlarla manat vəsait xərcləyir, ona görə onların işlə təmin olunması məsələsini də diqqətdə saxlamalıdır: “Əks halda dövlət vəsaiti göyə sovrulmuş kimi olur”.

Comments are closed.