“Gündəlik Teleqraf”ın suallarına Milli Şuranın, İctimai Palatanın Koordinasiya Şurasının və VHP Siyasi Şurasının üzvü Rafiq Manaflı cavab verir. 
– Rafiq bəy, Milli Şurada Rüstəm İbrahimbəyovun vahid namizədliyini dəstəkləməyən yeganə şəxs siz idiniz. Hazırda vahid namizədlə bağlı problem yaranıb. Bu məsələləri necə qiymətləndirirsiniz?
– Hesab edirəm ki, Rüstəm İbrahimbəyov birləşdirici fiqur kimi düzgün seçilmişdi. Ancaq mənim onu dəstəkləməməyim heç də ona qarşı olmağımla bağlı deyildi. Əksinə, mən hesab edirdim ki, İbrahimbəyov Bakıya gəlməlidir, biz onunla görüşüb müzakirələr aparmalıyıq və sonda bu məsələ həll oluna bilər. Yəni bu görüşdə çox məsələlər müzakirə oluna bilərdi. Ancaq mən açıq deyim ki, hətta onun vahid namizəd kimi irəli sürülməsi zamanı mən bilmirdim ki, İbrahimbəyov ikili vətəndaşlığa malikdir. Ola bilsin ki, bunu əvvəlcədən bilənlər olub. Şübhəsiz ki, bunu bilə-bilə namizədliyinin irəli sürülməsini mən prezident seçkilərinə münasibətdə ciddiliyin olmaması kimi qiymətləndirirəm. Əks halda, biz özümüzü indiki formada dalana salmazdıq. Rüstəm İbrahimbəyov uğurlu fiqur idi, ancaq adamın hüquqi problemləri var. Bu problemlər isə Azərbaycan çərçivəsində deyil, xarici dövlətdən asılı məsələdir və biz burada ciddi iş görə bilmərik. Fakt odur ki, biz İbrahimbəyovu vahid namizəd seçməklə, Azərbaycan və Rusiya arasında alver predmentinə çevrildik. Mən xüsusilə vurğulayıram ki, İbrahimbəyovun əleyhinə deyildim. Amma onun namizədliyi verilməzdən qabaq bir çox məsələlərə aydınlıq gətirilməli idi. 
– Hansı məsələlərə?
– Biz seçkidə qalib gələcəyimiz təqdirdə vahid namizədin iki il müddətinə islahatlar həyata keçirəcəyini razılaşdırmışdıq. Bu islahatların mexanizmləri hazırlanmalı idi. Üstəlik hüquqi problemlər məsələsi ortaya çıxmalı idi və biz əvvəldən bilməli idik ki, onun ikili vətəndaşlığı var və bu namizədliyinin irəli sürülməsində baryer yaradır. Seçki prosesi elə-belə məsələ deyil və onun kim tərəfindən aparılması da ciddi hadisədir. Amma fakt ondan ibarət oldu ki, Milli Şuranın vahid namizədinin seçki kampaniyası prezident seçkilərində ciddi təcrübəsi olmayan adamlara tapşırıldı. Yəni İbrahimbəyovun özünün prezident seçkiləri kampaniyasını aparmaq təcrübəsi yoxdur. Amma Milli Şurada təmsil olunan çoxlu sayda partiya var ki, belə seçkilərdə iştirak ediblər, böyük təcrübəyə malikdirlər. Mənim fikrimcə, Milli Şuranın vahid namizədinin seçki kampaniyasını bu işi bilənlər həyata keçirməli idi. Əlbəttə, başqa məsələlər də var idi. 
– Deyirsiniz ki, İbrahimbəyovun seçki kampaniyasını seçkilərdən anlayışı olmayan şəxslər aparır. Siz Eldar Namazovu nəzərdə tutursunuz?
– Eldar Namazovun prezident seçkiləri aparmaq təcrübəsi yoxdur. Bu onun apardığı kampaniya və işdə açıq görünür. Baxın, artıq neçə müddətdir ki, bu işlər gedir. Görün, Eldar Namazov necə komanda yaradıb. Əlbəttə, mən Milli Şuranın sədr aparatını rəhbər qurum kimi qəbul etmirəm. Əksinə, bunu işçi qrupu hesab edirəm və bu qurum əsasən konkret işləri yerinə yetirməlidir. Eldar Namazovun burada ətrafına topladığı şəxslərə diqqət edəndə görürsən ki, onların prezident seçkiləri kampaniyası aparmaq təcrübəsi yoxdur. Mən anlayıram ki, mexanizmi hər kəs bilə bilər, lakin təcrübə başqa şeydir. Ancaq onun ətrafına topladığı komandadan görünür ki, Namzovda belə təcrübə çox azdır. 
– Eldar Namazov 2008-ci ildə prezidentliyə namizəd olub və seçki kampaniyası aparıb, sonra isə namizədliyini geri götürüb. Sizcə, bu təcrübə deyilmi?
–  Əhməd Oruc da namizədliyini irəli sürüb. Şübhəsiz ki, mən Eldar Namazovu Əhməd Orucla və fərdi şəkildə namizədliyini irəli sürən daha bir neçə şəxslə müqayisə eləmək istəmirəm. Amma nəzərə alın ki, bu şəxslər də kampaniya aparacaq. Bir var siyasi qurum çərçivəsində bütün strukturlarınla bu prosesdə iştirak edəsən, bir də var həvəskar səviyyəsində bu işlərə qatılasan. Eldar Namazovun arxasında heç bir siyasi qüvvə yox idi. Onun 2008-ci ildə apardığı seçki kampaniyasını mən həvəskar seçki kampaniyası hesab edirəm.
– Deyirsiniz ki, Milli Şura vahid namizəd məsələsində dalana dirənib. Bəs çıxış yolunu necə görürsünüz?
– Hesab edirəm ki, bu məsələ avqustun 19-da keçiriləcək sessiyada müzakirə ediləcək. Fikrimcə, bir çox ziyalılarımız var ki, Rüstəm İbrahimbəyovu əvəz edə bilər. Məsələn, mən ilk olaraq, hörmətli Rafiq Əliyevin adını çəkə bilərəm. 
– Rafiq Əliyev siyasətlə məşğul olmaq niyyətində olmadığını elan edib…
– Hesab edirəm ki, Rafiq Əliyevlə danışmaq lazımdır. Heç kəs yaxasını kənara çəkməməlidir. Rüstəm İbrahimbəyov gəlməyəcəyi təqdirdə onun yerinə Rafiq Əliyevin namizədliyini görürəm. Düzdür, prezident seçkilərinə yenicə start verilib, hələ vaxtımız var. Ancaq vahid namizəd gəlib çıxmasa, bir neçə variant haqda düşünmək olar. Bir variant Rafiq Əliyevdir. Eləcə də Müsavat başqanı İsa Qəmbərin bir neçə ay əvvəl səsləndirdiyi əsas namizəd konsepsiyası var. Yəni maraqlı şəxslər namizədliyini irəli sürür və kampaniyanın gedişi zamanı  xalq özü kimə səs verəcəyini müəyyən edir. Bununla da əsas namizəd bəlli olacaq.
– Bu ideya faktiki olaraq Milli Şuranın dağılması demək deyilmi?
– Biz əvvəldən demişdik ki, Milli Şura İbrahimbəyovun namizədliyini irəli sürmək və kampaniyasını  həyata keçirmək üçün yaradılıb. Bu, öncədən bəlli idi. 
– İsa Qəmbərin iddiası var və bunu da açıq şəkildə elan edir. Müsavat başqanı Milli Şuranın vahid namizəd ola bilərmi?
– İsa Qəmbər bir neçə dəfə elan edib ki, Milli Şuranın vahid namizədi olmaq iddiasında deyil. O, Milli Şurada siyasi partiya üzvlərini vahid namizəd kimi görmür və yalnız ziyalıların vahid namizəd kimi dəstəklənməsini mümkün sayır. Mən bu məsələ ilə bağlı AXCP sədri Əli Kərimlinin fikirlərini bilmirəm. Müsavat başqanı isə vahid namizəd olmaq istəmir.
– Son sessiyada Cəmil Həsənlinin vahid namizəd olması təklif edilsə də, o bundan imtina edib. Rafiq Əliyev də siyasətdə olmaq istəmədiyini dilə gətirib. Bu halda Mehman Əliyev vahid namizəd ola bilərmi?
– Mehman Əliyev bizim dostumuzdur və neçə illərdir ki, bizimlə çiyin-çiyinə gəlir. Ancaq məndə olan informasiyaya görə, Milli Şurada Mehman Əliyevi dəstəkləməyən qüvvələr var. Milli Şura müxalifətin toplaşdığı bir qurumdur və onun irəli sürəcəyi namizəd artıq müəyyən statusa malik olur. Şübhəsiz ki, Mehman Əliyevin kampaniyasını aparmaq İbrahimbəyovun və ya Rafiq Əliyevin kampaniyasını aparmaq qədər asan olmayacaq. Amma mən hesab edirəm ki, Mehman Əliyev də uyğun fiqurdur.
– Rüstəm İbrahimbəyov bir neçə ay əvvəl elan etmişdi ki, onun özünün də namizədi var. Bu namizədin Eldar Namazov olması heç kimdə şübhə doğurmur. Milli Şura üzvləri İbrahimbəyovun bu təklifini qəbul edib Namazovu vahid namizəd elan edə bilərmi?
– Mənim bu məsələ ilə bağlı mövqeyim var. Hörmətli Rüstəm İbrahimbəyov mənim liderim deyil. Sadəcə olaraq, hamımızın qəbul etdiyimiz birləşdirici bir fiqurdur. Əgər İbrahimbəyov fikrimdə olan şəxsin vahid namizəd olmasını təklif edəcəksə, bu təşəbbüsü müdafiə edəcəyəm. Əgər başqa şəxsin adını çəkəcəksə, bu olacaq İbrahimbəyovun adicə təklifi. Mən də istədiyim şəxsin namizədliyini irəli sürəcəyəm. 
– Milli Şurada İbrahimbəyovun seçki prosesindən kənarda qalacağı fikri getdikcə qətiləşmirmi?
– Təxminən belə əhval-ruhiyyə hamıda var.
– Milli Şura üzvlərinin hamısında?
– Əksəriyyətində. Yəni vaxt-vədə keçir. Mən hesab edirəm və zənnimcə, hər kəs anlayır ki, Rusiya hakimiyyəti artıq qərar qəbul edib. Bir sözlə, hər şey aydındır.
– Demək istəyirsiniz ki, İbrahimbəyovun Bakıya gəlməsi məsələsi baş tutmayacaq?
– Gürcüstanın indiki baş naziri İvanişvilinin Rusiya vətəndaşlığı məsələsinə bir gün içində baxıldı və həll olundu. İndi İbrahimbəyovla bağlı məsələnin bu şəkildə uzadılması Rusiya hakimiyyətinin qəbul etdiyi siyasi qərardır. 
Nemət

Comments are closed.