Sabir Rüstəmxanlı: “Dövlət müstəqilliyini bərpa eləməyin özü təzədən dövlət qurmağa bərabər bir işdir”

Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktının qəbul olunduğu gün – 18 oktyabr istirahət günü elan olunacaq. Bu, Azərbaycan Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında imzalanmış 2012-2013-cü illər üçün Baş Kollektiv Sazişdə nəzərdə tutulur.

Nazirlər Kabinetindən verilən məlumata görə, sazişin “Sosial müdafiənin gücləndirilməsi istiqamətləri” hissəsində bildirilir ki, sənədi imzalayan tərəflər müstəqillik gününün (18 oktyabr) də iş günü hesab edilməyən bayram günü kimi qeyd edilməsinə və bununla əlaqədar Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsində dəyişiklik edilməsinə nail olunması üçün tədbirlər görəcəklər. Qeyd edək ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktını qəbul edib. 1992-2006-cı illərdə 18 oktyabr Azərbaycanda qeyri-iş günü hesab edilib. 2006-cı il dekabrın 8-də isə Milli Məclis Əmək Məcəlləsinə dəyişiklik edib. Həmin dəyişikliyə əsasən, 18 oktyabr – Müstəqillik Günü, 12 noyabr – Konstitusiya Günü, 17 noyabr – Milli Dirçəliş Günü bayram kimi qalsalar da, istirahət günü kimi qeyd edilmir. 
İstiqlalçı deputat, sabiq təhsil naziri Firudin Cəlilov Müstəqillik Gününün yenidən istirahət günü elan edilməsini müsbət qarşılayır: “Həmin günün iş günü olması iqtidarın Azərbaycanın müstəqilliyinə, azadlığına olan münasibəti idi. Axır ki, indi ağılları başlarına gəldi. Əgər həmin günü qeyri-iş günü elan etməsəydilər, bu, gələcəkdə mütləq ediləcəkdi. Çünki 18 oktyabr bizim xalqın, ölkəmizin müstəqillik günüdür. Bunu necə ola bilər ki, qeyd etməyəsən?! Çox absurd bir durum yaranmışdı. Heç xalqa, dövlətə aidiyyəti olmayan günləri qeyd edirdilər, amma Müstəqillik Günü kənarda qalmışdı. Azərbaycan xalqının ən önəmli sayılan iki bayramı var- Novruz və Müstəqillik Günü. Hər iki bayram da yüksək səviyyədə qeyd edilməlidir”. 
Müstəqillik aktına qol çəkən digər istiqlalçı deputat Tahir Kərimli də xəbəri eşidib, çox sevindiyini bildirdi: “Bir qədər də rahatlıq tapdım. Bu, tək bizim keçmişimizə deyil, həm də gələcəyimizə aid bir məsələdir. Bu, mənim ümidimi də artırdı. Gürcüstan prezidenti Mixail Saakaşvili də bu məsələyə toxunmuşdu. Onun açıqlamasından sonra yenidən belə bir niyyətin olmasını alqışlayıram”. 
Müstəqillik Aktında imzası olan deputat Sabir Rüstəmxanlı da bildirdi ki, 18 oktyabrın yenidən qeyri-iş günü kimi qeyd edilməsi doğru addım olar: “Hesab edirəm ki, 18 oktyabr bizim tariximizin ən parlaq günlərindən biridir. SSRİ kimi bir imperiyadan qopmaq, dövlət müstəqilliyini bərpa eləməyin özü təzədən dövlət qurmağa bərabər bir işdir”. S.Rüstəmxanlı eyni zamanda hesab edir ki, 18 oktyabr günündə xidməti olan adamların zəhməti 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətini quranların xidmətlərindən az deyil: “Onların da tariximizdə, taleyimizdə çox böyük rolu olub, 1991-ci il 18 oktyabrda bu işi görənlərin də. Ona görə də bu günün bayram günü kimi qeyd olunması çox vacibdir”.
İstiqlalçı deputat Mirmahmud Mirəlioğlu isə məsələyə münasibət bildirərkən dedi ki, əvvəl-axır haqq yerini tapmalıdır. Onun fikrincə, 18 oktyabr Azərbaycanın şərəf tarixidir: “Əslində biz burda hüquqi varisliyin bünövrəsini qoymuşuq. Əvvəl bu gün bayram kimi qeyd olunurdu, sonradan ləğv olundu”. M.Mirəlioğlunun sözlərinə görə, 18 oktyabrın yenidən qeyri-iş günü kimi qeyd olunması barədə nəzərdə tutulan qərar Azərbaycan hakimiyyətinin islahata gedən yolundakı addımlarından hesab oluna bilər: “Ara-sıra belə məsələlər olacaq. Bunlar təqdir olunan məsələdir”.

Günay MUSAYEVA

“Yeni Müsavat” qəzeti

Comments are closed.