İstiqlalçı deputat Məryəm Həsənova deputat pensiyasından məhrum edilməsi ilə bağlı prezident İlham Əliyevə məktub ünvanlayıb.
Məryəm Həsənova öncə məktubunda 1991-ci il martın 7-də Ali Sovetdə SSRİ-nin saxlanması ilə bağlı referendum keçirilməsi əleyhinə, Azərbaycanın müstəqilliyinə səs vermiş 43 istiqlalçı deputatdan biri, 1991-1995-ci illərdə cəmi 51 nəfərdən ibarət olan Milli Məclisdə qanunverici deputat statusunda qulluq edən və oradan əmək haqqı alan yeganə qadın deputat olduğunu xatırladır. Sonra bildirir ki, buna baxmayaraq Dövlət Sosial Müdafiə Fondu qanunvericiliyə deyil, Milli Məclisin Aparatının rəhbəri Səfa Mirzəyevin səlahiyyətlərini aşaraq qanuna verdiyi antikonstitusion şərhinə  istinad edərək ona sabiq deputatlar üçün müəyyən olunmuş pensiyanı verməkdən imtina edir: “Səfa Mirzəyev və DSMF öz ədalətsiz hərəkətinə bəraət qazandırmaq üçün heç bir hüquq normasına, məntiqə sığmayan qondarma və absurd iddialar irəli sürürlər.  “Əmək pensiyaları haqqında” qanunda Milli Məclisin sabiq deputatları arasında hər hansı ayrı-seçkilik, fərq qoyulmur. Ona görə də hələ 2007-ci il martın 7-də Milli Məclisin 21 nəfər nüfuzlu deputatı, o cümlədən Vahid Əhmədov, Əli Məsimli, İlyas İsmayılov, Qənirə Paşayeva, Sabir Rüstəmxanlı, Qüdrət Həsənquliyev, Asim Mollazadə, Azay Quliyev və başqaları ilk Milli Məclisin üzvlərinin pensiya hüququnun pozulması ilə bağlı Sizə məktubla müraciət edib”. 
İstiqlalçı deputat daha sonra qeyd edib ki, vaxtilə Azərbaycanın dövlət müstəqilliyinə qarşı çıxış edənlər indi yüksək imtiyazlı pensiya ilə təmin olunub, bəziləri hətta yüksək dövlət məmuru və deputat kürsülərində oturublar: “SSRİ dövründə  Azərbaycan xalqına qarşı amansız repressiyalarda iştirak etmiş Kommunist Partiyası və Sovet dövlət orqanlarının funksionerlərinə, Sovet prokurorluq, milis, “KQB” (DTK) işçilərinə, sovet hərbçilərinə  dövlət qulluqçuları statusunda yüksək və güzəştli pensiya verilir, lakin Səfa Mirzəyev kimi məmurların özbaşınalığı və qərəzli münasibəti üzündən Azərbaycanda dövlət müstəqilliyinin əldə edilməsində, 1991-1995-ci illərdə müstəqil dövlətimizin qanunvericilik bazasının hazırlanıb qəbul edilməsində dəyərli xidmətləri olan ilk Milli Məclisin deputatlarına qarşı diskriminasiya tətbiq edilib, onların deputat pensiyası almaq hüququna “həbs” qoyulur. Milli Məclisin Aparatının rəhbəri Səfa Mirzəyev və onun qardaşı, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının sədri Hikmət Mirzəyev vəzifə mövqelərindən istifadə edərək məhkəmə icraatına qanunsuz təsir və müdaxilə edirlər, mənim Milli Məclisin sabiq deputatı olaraq məhkəmə yolu ilə pensiya almaq hüququmun təmin edilməsinə imkan vermirlər”. 
Məryəm Həsənova mənəvi terrora məruz qoyulduğunu qeyd edərək yazır ki, bu səbəbdən başına gələcək bədbəxt hadisəyə görə Səfa Mirzəyev və qanunları pozan hakimlər, məmurlar məsuliyyət daşıyırlar: “İlk Milli Məclisin üzvlərindən 8 nəfəri, o cümlədən Ədalət Rəhimli, Mürşüd Məmmədli, Xanlar Məmmədov, Telman Əliyev uzun illər ərzində işsiz saxlanıldıqlarına, həm də halal deputat pensiyalarını almaqdan məhrum edilərək ağır maddi sıxıntı və mənəvi-ruhi sarsıntılara, “məxməri terrora” məruz qoyulduqlarına görə vaxtsız vəfat etmişlər. Bu ahıl yaşımda məmurlar mənə qarşı “məxməri terror” həyata keçirirlər, yəni qəsdən məni halal deputat pensiyamı almaqdan məhrum edərək ağır maddi sıxıntı və mənəvi-ruhi sarsıntılara məruz qoyurlar. Bunların nəticəsində hazırda səhhətim kəskin şəkildə pisləşmişdir. Buna görə də bəyan edirəm ki, mənim şikayətimə ədalətli baxılmaması səbəbindən həyatım üçün ciddi təhlükə yaranarsa və ya bədbəxt hadisə baş verərsə, bunun məsuliyyəti günahkar Mirzəyev qardaşlarının, hakimlərin,  onları himayə edən və ya bu diskriminasiya hadisəsinə biganəlik göstərən dövlət orqanlarının  rəhbərlərinin üzərinə qoyulmalıdır”.
Yazıda adları çəkilən və barələrində iddialar irəli sürülən şəxslərə də cavab haqqı tanıyırıq. 

Comments are closed.