Faiq Balabəyli
VHP Siyasi Şurasının üzvü

Əfran İsmayılov da mən deyəni deyir , Berti Foqts komandada qalmalıdır. Gördünüz, sözümü qəribçiliyə salırdınız, nə bilim Foqts fokus-mokusla  məşğul olur, komandanı idarə edə bilmir, işi-gücü çayxanalarda domino oynamaqla keçir və ilaxır. Axır ki, mənim dediklərimi də təsdiqləyən tapıldı:

FOQTS QALMALIDIR

Belə götürəndə Berti qağamız heç də pis oğlan deyil. Neçə illərdi ki, Azərbaycandadır və bizim adət-ənənəyə uyğunlaşa bilib. Siz onun oyun zamanı keçirtdiyi həyəcanı, işlətdiyi ifadəni görmüsünüzmü? Əlbəttə yox. Amma mən görmüşəm. Zalım balası elə bil heç Almaniyada doğulmayıb, hardasa elə Bakı ətrafı kəndlərin birində dünyaya göz açıb, böyüyüb boya-başa çatıb. Yaxşı təsbeh fırlatmağı, meyxana deməyi var. Təsbeh fırlaya-fırlaya da AFFA-nın baş bilənlərini fırlatmağa cəhd elədi və hardasa da istəyini gerçəkləşdirə də bildi. Məsəl var, deyərlər, “atı atın yanına bağlasan, həmrəng olmasa da həm xasiyyət olacaq”. Berti  rəngini dəyişə bilməsə də, zato xasiyyətini dəyişib oldu bizimkilərdən biri. Arada onu istefaya çağırdılar. Ölmüşdü Xankişi, kimdi axı bu çağırışlara məhəl qoyan, fikir verən. Onda gərək Azərbaycanda hər gün istefalar qəbul oluna. Bizdə istefa vermirlər, bizdə istifadə olunub qurtarırlar, ya da qurtazdırırlar. Onda gərək bir çox  sahələrdə ucdantutma hamını istefaya göndərək. Məsələn, bizdə rüşvət alıb, rüşvətxoru azadlıqda saxlamaq təcrübəsi qonşu ölkələrlə müqayisədə daha geniş vüsət alıb. Həmişə də belələrini istefaya çağırırlar, amma elələri yerlərini daha da möhkəm qoruyur. Ölkə başçısının korrupsiyaya qarşı mübarizə istiqamətində tövsiyyələri diqqət mərkəzindədir, amma nələrsə yenə də diqqətdən kənarda qalır. Killerlər günün günorta çağı müdafiə nazirinin müavinini öldürür, ordu sıralarında atəşsiz ölən əsgərlərimizin sayı, müharibə zamanı ölən əsgərlərimizin sayı ilə demək olar ki eyni saya çatır, amma cavabdeh olanlar suallardan yayınmağı bacarır. Hansı istefadan danışmaq olar.

Vergilər Nazirliyinin əməkdaşları dükanlarda və digər iaşə obyektlərində sahibkarlara vergidən necə yayınmağın yollarını başa salır və qeyd etməliyəm ki, tədrisləri çox uğurlu dərk olunur.

Yazıçılarımız əsərlərində vətənimizin alınmaz qala olduğunu, Koroğlunun, Babəkin, Cavanşirin, Nəbinin övladları olduğumuzdan yazır. Nigarın döşündən süd əmdiyimizi deyirlər, amma unudurlar ki, Nigar xanım “voobşe” doğmayıb, sonsuz olub. Heç onları istefaya çağırıb, demirlər ki, qələmini yerə qoy.

Nə yapışıblar əziz və hörmətli Bertidən bilmək olmur. O boyda AFFA guya bunlardan az bilir. Olmasın 10-15 barrel neftin pulu, za to Foqts pensiyaya çıxanda, çayxanada oturub domino çırpa-çırpa ötənlərdən bəhs edəndə ölkəmiz haqda xoş sözlər danışacaq. Mən buna əminəm, o, çörəyi dizinin üstündə olanlardan deyil.

Istefaya göndərilməli o qədər adam var ki, gör tərpətmək istəsən tərpənəcəklər? Mıxlanıblar yerlərinə, necə lazımdı.

Berti müəllim də elə. Onu necə göndərək istefaya. Son iki oyunda 4 xal qazanmışıq, bu az deyil e, hələ 2 oyunumuzda durur. Olmadı elə, oldu belə, topdu getdi girdi rəqib komandanın qapısına, onda bu istefa çağıranlar nə edəcək? Tak çto, heç kəsi istefaya çağırmağa heç bir hacət yoxdu, qoy Berti müəllim başını salıb aşağı işləsin.

Hələ yollarımızı çəkib, körpülərimizi tikib, yol qovşaqlarını və keçidləri inşa edənləri demirəm, neynəyək, yığaq onları  ”ZQAN” şirkətinə məxsus olan avtobuslara “optovoy” göndərək istefaya? Bizə gülməzlərmi? Deməzlərmi ki, indi istefa vaxtıdı? Camaatın işi başından aşır.

Hirsli vaxtımda Berti mənə zəng vurmuşdu, salam-kəlamdan sonra dedi ki, bəlkə oyunqabağı oturaq? “Naxadu” razılaşdım. Görüşüb özümüzü verdik xəlvət bir guşəyə. Söz-sözü çəkdi, dedi gördün də Əfran da sən deyəni deyir, mənim yığmada qalmağımı istəyir. Mən də Bertiyə onun haqda  müsbət fikirlərin formalaşmasına sevindiyimi dedim. Təşəkkürünü bildirdi. Yaxşı çay içdik.

Arada vaxt tapıb AFFA-nın rəhbərliyinin ardıyca kəsib doğradı. Yanılmamışam, bu adam təmiz bizim xarakterimizi əxz eləyib, kimdi axı onu istefaya göndərən?

Comments are closed.