Elçin Zahiroğlu
VHP Ali Məclisinin üzvü

Azərbaycanda bu iki gənci artıq hamı tanıyır: Fərid Hüseyn və Şəhriyar del Gərani! 

Təbrizdə şeir festivalına yollanan, mayın 2-də isə vətənə qayıdarkən Təbrizdə “naməlum istiqamətə” “yol alan”, ərşə çəkilən iki şair! 

Bu iki şairin taleyilə bağlı hansı addımların atılması konusu cəmiyyəti iki yerə parçalayıb. Mövqeləri bilirsiniz, bu barədə danışmaq istəmirəm. 

Sadəcə, reallıqları hamıdan yaxşı dərk edən siyasi analitiklərin naqolay və ya radikal bəyanatlarına toxunmaq istəyirəm. Axı onlar yaxşı bilir ki, ortada məkrli niyyət var: İran bu iki gəncin üstündə manipulyasiya etmək istəyir! Bunu sübut etmək üçün nə İran mollasına “Quran açdırmağa”, nə də xüsusi araşdırmalar aparmağa ehtiyac yoxdur. Sadəcə, fikir vermək lazımdır ki, Bakı məsələyə soyuqqanlı yanaşdıqca, üstəlik, İrana qarşı münasibəti sərtləşdirdikcə şairlərimizə sürülən ittihamlar “tündləşir”. Xatırlayırsızsa, şairlərlə bağlı əvvəl «miqrasiya qanununu pozduqları» üçün həbs olunduqları haqda qeyri-rəsmi açıqlama verildi, sonra narkotik ittihamına cəhd edildi, indi isə onların dar ağacından asılması müzakirə mövzusuna çevrilir – «Mossadla əməkdaşlıq» gündəmə gətirilib. Baxmayaraq ki, ETTALAAT sədri «istintaqın getdiyini» bildirir, bu barədə rəsmi mövqeyi dilə gətirməyin «hələ tez olduğunu» söyləyir… 

“Hələ tezin” Azərbaycana düşünmək, mövqeyini “dəqiqləşdirmək” üçün daha bir şans olmasını adi vətəndaşlar bilməyə bilər, amma prosessləri izləyənlərə bu, gün kimi aydındır. Belə bir məqamda ziyalıların məsələyə qarışması göydəndüşmə bir hadisə oldu. Ağıllı adamlar bilir ki, bütün dünyaya meydan oxuyan, heç bir beynəlxalq qadağalardan çəkinməyən bir dövlətlə bu məqamda pişlim-pişlimlə danışmaq lazımdır. Əlbəttə, biz müstəqil dövlətik, dövlət qürurumuz var! Amma ortada iki gəncin taleyi tükdən asılı bir vəziyyətdədir: Nişanlısından borca pul götürüb şeir festivalına gedən Fərid Hüseyn və anasının müalicəsi ilə bağlı bir neçə dəfə İranda olduğundan ona «bələdçilik edən» şair dostu Şəhriyar del Gerani! Hər halda bu gənclər siyasi mübarizənin, qürurun qurbanına çevrilməməlidir. Hələ nəzərə alsaq ki, bunların qurban verilməsilə nə İranın Azərbaycana qarşı münasibəti dəyişəcək, nə də 35 milyonluq soydaşlarımızın hüquqları bərpa olunacaq. Eləsə məsələylə bağlı deyilən hər bir sözü götür-qoy etmək lazım gəlir. Ziyalıların “mədəni müstəvi” çərçivəsində yalnız “ziyalı təşəbbüsü” unikal addımdır. (Bəlkə bu mövqe İran üçün də bir örnək ola: istədiklərini almaq üçün kimlərisə qaçırmaqdan yox, ictimaiyyətin gücündən yararlana). Çünki İran regionun ən güclü dövlətlərindən biridir: 1.500 km-dən hədəfi dəqiq vura bilən yarımballistik raketlərini, kimyəvi silahlarını, HHM komplekslərini – hər şeyi bir kənara qoyuram, yarımhərbi sistemə malik İran cəmi 3 günə 12 milyon əsgər toplamağa qadirdir.

Türkiyə kimi dövlət beynəlxalq sularda vurulan kəşfiyyat təyyarəsinə görə özündən qat-qat zəif və dünyanın üstünə yeridiyi Suriyaya meydan oxuya bilmirsə, sən iki gəncə görə İrana neyləyə bilərsən? 

Bəli, İran fövqəldövlət deyil, dünyanın mizanı ayrı istiqamətdədir və beynəlxalq hüquq müstəvisində ədalət tələb edə bilərik. Bəlkə də Beynəlxalq Haaqa Məhkəməsinə müraciəti gündəmə gətirməkdə də ziyalılar haqlıdır. Amma bütün iqtisadi-siyasi embarqolara rəğmən tutduğunu buraxmayan, MAQATE kimi beynəlxalq qurumla əməkdaşlıqdan imtina edən və nüvə silahına doğru irəliləyən İran Haaqa Məhkəməsinə verilməsindənmi çəkinəcək? 

Dövlət maraqları və ölkənin öz iradəsini ifadə etməsi məhz «beynəlxalq hüquq normalarından» keçir. Mənimçünsə ayrı məsələ maraqlıdır. Beynəlxalq Hüquq Fəridlə Şəhriyara nə verəcək? «Dövlət iradəsinin» dünyadakı izharı iki gəncin həyatı bahasına başa gəlməyəcək ki?! 

Məncə ziyaylılar da, dövlət də, siyasətçilər də bunun məsuliyyətini hiss eləməlidir. 

Burda iki insan taleyi ortadadır: Bu iki şəxsin indiyə qədər hər hansı ciddi ictimai-siyasi yazısını, geopolitik analizini görən, oxuyan varmı? Eləsə, niyə bu gənclər hansısa siyasi maraqların, iradə nümayişinin güdazına getməlidirlər? Dövlətlərarası münasibətlər niyə iki məsumun başında çatlamalıdır?

Onsuz da Fəridlə Şəhriyarın bundan sonrkı həyatları ala-qaranlıq olacaq. Bu gün azad olunsalar belə, vətəndə heç də arxayın, rahat, firavan gələcək gözləmir bu gəncləri. Həyatın bərk-boşuna düşməyən, iradə baxımından hələ möhkəmlənməyən, ictimai-siyasi mübarizələrdən tam kənarda, mum kimi yup-yumşaq iki sütül ədəbiyyat adamından ETTALAAT-ın zirzəmisində «nə düzəldildiyi» barədə hələ çox sorğu-suallar olacaq, nə vaxtsa əsəbiləşən həmkarlarının bu «ləkədən» öz maraqlarına uyğun istifadə etməyəcəkləri də mübahisəlidir. 

Söhbət artıq taleyin ən ciddi zərbəsini alan gənclərin həyatından gedirsə, onların xilasını istəyiriksə, Bakıda qəhrəmanlıq eşqinə düşməyək. Hamı bilir ki, İran barədə bəyanatlar səsləndirmək artıq elə də böyük qəhrəmanlıq, vətənpərvərlik tələb eləmir. Fəridlə Şəhriyardan danışırıqsa, İran barədə cəsarətli və qorxmaz fikirlərimizi, qəhrəmanlığımızı bir kənara qoyaq – hələlik!..

Comments are closed.