Sabir Rüstəmxanlı: “Razılaşma bölgədə yeni müharibə təhlükəsini də aradan qaldırır”

İran və “altılıq” dövlətlər arasında tarixi razılaşma əldə olunub. Cenevrədə əldə olunmuş razılığa əsasən nüvə proqramının əhəmiyyətli şəkildə kəsilməsinə razı olan İran dövləti nüvə obyektlərinə qərb müfəttişlərini buraxmaq və uranın 5 faizdən artıq zənginləşdirilməməsi öhdəliyini üzərinə götürür.

Həmçinin ABŞ və Avropa Birliyinin İran neftinin ixracatına və səhiyyəsinə qoyduğu embarqo da aradan qaldırılır. Məlumatı İran XİN rəhbəri Cavad Zərif də təsdiqləyib. Qeyd edək ki, hələlik razılaşmanın detalları açıqlanmır. İranın ali dini lideri Ayətullah Xameneyi də nüvə razılaşmasını təqdir edib. Qeyd edək ki, intensiv dörd gün ərzində davam edən danışıqların nəticəsində bazar günü səhər saatlarında tərəflər arasında artıq razılıq əldə olunub. Bu razılaşma İran ilə Qərb arasında on ildən çox müddətində davam edən nüvə probleminin tam şəkildə həllinə yol açır.

Cenevrədəki konfransından çox keçməmiş dünya ölkələrindən İranla altılıq ölkələri arasında bağlanmış razılaşmaya reaksiyalar gəlib. ABŞ prezidenti Barak Obama Ağ Evdən əldə olunmuş tarixi razılaşmaya öz münasibətini bildirib. O, İranla bağlanmış nüvə sazişinin, Tehranın nüvə proqramı ilə bağlı beynəlxalq ictimaiyyətin narahatlıqlarına son qoymaq istiqamətində ilk addım olduğunu vurğulayıb. Təxminən 5 dəqiqəlik nitqində, prezident sazişə, İrana qarşı zəruri məhdudiyyətlərin daxil edildiyini və razılaşmanın “İslam Respublikasının atom silahına aparan yolunu kəsdiyini” dilə gətirib. Habelə Obama İranın dinc məqsədli nüvə proqramı hüququnu tanıyıb”. Ekspertlər bu razılaşmanın İran ilə qərb arasında on ildən çoxdur davam edən nüvə probleminin həllinə yol aça biləcəyini istisna etmirlər.

Vətəndaş Həmrəyliyi Partiyasının rəhbəri, millət vəkili Sabir Rüstəmxanlı deyir ki, əgər İran atom silahı əldə etməkdən imtina edirsə və nüvə enerjisindən yalnız dinc məqsədlər üçün istifadə edəcəyini bəyan edirsə, bunu alqışlamaq lazımdır: “Əslində mən İranda, Türkiyədə, hətta Azərbaycanda da atom elektrik stansiyalarının olmasını istəyərdim. Axı niyə görə Avropa ölkələrində bir-iki yox, hətta onlarla atom-elektrik stansiyası ola bilər, amma müsəlman ölkələrində ola bilməz. Əslində, bu, elmin və texnologiyanın inkişafına ciddi təkan verən bir məsələdir”.

Deputat qeyd edir ki, İran və Türkiyə kimi ölkələrdə böyük çaylar olmadığı üçün su elektrik stansiyaları tikmək imkanları məhduddur. Belə dövlətlərdə atom elektrik stansiyalarına olan tələbat yüksəkdir: “Hesab edirəm ki, gündən-günə əhalisi çoxalan şərq ölkələrində insanların ehtiyacını təmin etmək üçün güclü stansiyaların qurulması faydalı və zəruridir. Eyni zamanda bu, dünyanın xeyrinə olar və neft-qazdan az istifadə edilməsinə gətirib çıxarar. Yenə deyirəm, əgər İran vədinə sadiq qalacaqsa, bu razılaşmaya ancaq sevinmək olar”.

S.Rüstəmxanlı İranın “yumşalmasının” region üçün, xüsusilə də Azərbaycan üçün faydalı olduğunu bildirib: “Razılaşma bölgədə yeni müharibə təhlükəsini də aradan qaldırır. Nəzərə alsaq ki, İran bizimlə qonşudur və əhalisinin təxminən yarısı soydaşlarımızdır, bu halda müharibə bizə yaxşı heç nə vəd etmir. Eyni zamanda Əfqanıstan, İraq kimi dövlətlərin də aqibəti göz önündədir. Bu baxımdan məsələnin dinc yolla həllinə müsbət yanaşmaq və dəstək vermək lazımdır”.

Millət vəkilinin sözlərinə görə, razılaşmanın arxasında başqa şey dayandığını və İranın bununla vaxt udmağa çalışdığını demək bir qədər çətindir: “Əslində atom elektrik stansiyasından nüvə silahına cəmi bir addımlıq məsafə qalır. İranın bu addımı atıb-atmayacağını dəqiq deyə bilmərəm. Amma indiki halda məsələ müsbət görünür”.

Şərq qəzeti

Comments are closed.