Güney Azərbaycanda Urmiya gölünün qurudulmasına qarşı edilən etirazlar hələ ki, davam etməkdədir. Hazırda izdihamlı mitinqlərə ara verilsə də ara – sıra insanların etiraz səsləri eşidilməkdədir. Etirazçılar gölün hökumət tərəfindən bilərəkdən qurudulduğunu idda edir və bunun səbəblərini açıq şəkildə göstərirlər. İran hökuməti də etiraz edənləri həbs edir. Güneyli soydaşlarımız isə etirazların davamlı olacağını bildirirlər.

Hətta sentyabrın 3-də Güneydə böyük, izdihamlı mitinqlərə start veriləcəyi ilə bağlı məlumatlar gəlir. Cənubda baş verən hadisələrlə bağlı “Şərq“i bilgiləndirən Dünya Azərbaycanlıları Konqresinin (DAK) təmsilçisi Əjdər Tağızadə deyib ki, ayın 5-də Ərdəbil şəhərində də Urmiya gölünün qəsdən qurudulmasına etiraz olaraq aksiyalar keçiriləcək: “Məsələ burasındadır ki, etiraz aksiyaları ekoloji məsələdən siyasi məsələyə çevrilir. İran rejimi çalışır ki, Urmiya gölünün qurudulmasına etiraz edən azərbaycanlıları basqıya məruz qoysun. Ona görə də aksiyalara siyasi don geydirməyə, bu yolla da basqılar etməyə çalışırlar. Hələ Urmiya gölü ilə bağlı elan olunan tədbirlərdən neçə gün qabaq iftar mərasimində 25 nəfər bizim soydaşımızı həbsə alıblar, hadisədən qabaq Ərdəbil, Təbriz, Urmiya və başqa şəhərlərdə Azərbaycan Milli Hərəkatı ilə bağlı olan insanları tutublar. İran rejimi ekoloji məsələ ilə siyasi, milli məsələləri qarışdırır. Məqsəd də böyük çoxluq olan Azərbaycan türklərinin səsini boğmaqdır. Biz əminik ki, Urmiya gölünün qurudulması İran rejiminin qəsdidir və yalnış siyasətinin nəticəsidir. Bunu rejimin daxilindəkilərin özləri də deyirlər. Molla məclislərinin birində yaramaz bir molla qalxıb deyir ki, azərbaycanlılar İranı bəyənmirlərsə yığışıb ayrı yerə köç etsinlər.
Bu nə deməkdir? İran Milli çoxluq olan azərbaycanlıları öz doğma ərazilərindən qovmaq niyyətindədir ki? Dəfələrlə mollalar bunu səsləndiriblər. Tehran rejimi yaxşı bilir ki, Güney Azərbaycanın Milli Hərəkatının səsini boğa bilməz. Rejim vəziyyəti o həddə çatdırır ki, azərbaycanlılar etiraz etsinlər. Buna görə də rejim basqılarını gücləndirsin”.

Ə.Tağızadə deyib ki, bölgədə baş verən hadisələr, ərəb dünyasında əsən “küləklər” İranı dəhşətli dərəcədə qorxuya salıb: “İran rejimi bilir ki, daxildə Güney Azərbaycan Milli Hərəkatı kimi güclü bir hərəkat var ki, son illər bu hərəkat daha da güclənib. Və İran rejimi elə zənn edir ki, daxildə hərəkatçıları kimsə oyadır. Əslində isə hərəkatçıları oyadan elə molla rejiminin özüdür. Azərbaycan türklərinin hüquqlarının tapdanması, milli ruhlu insanların zindanlara atılması hərəkatı oyadır. Bu azmış kimi Urmiya gölünün qəsdən qurudulması bir qığılcımdır”.

Ə.Tağızadə deyib ki, Tehran rejiminin öz içərisində olan, özlərini xuzistanlılar adlandıran ərəblər də ayağa qalxır: “Mollaların bəyanatları bütün vətəndaşları özündən narazı salıb ki, indi İran adlanan ərazidə yaşayan bütün xalqlar öz azadlıqlarını, hüquqlarını tələb edirlər. Azərbaycanın Milli Hərəkatı ayağa qalxanda artıq digər xalqlar da bizə qoşulurlar, öz hüquqlarını tələb edirlər. Bu da tarixi bir ənənədir ki, hüquq və azadlıqlar rejimdən tələb ediləndə oradakı başqa xalqlar da hamısı ümidlərini Azərbaycan türklərinə bağlayırlar”.

Ə.Tağızadə aksiyaların davamlı olacağını, insanların öz haqlarını tələb edəcəyini söyləyib: “Biz ərəb ölkələrində baş verənləri izləyirik, görürük. Və görürük ki, Liviyada, Misirdə, Tunisdə, Suriyada azsaylı xalqlar belə öz haqlarını tələb edirlər. Belə olan təqdirdə 35 milyonluq Güney Azərbaycan türkü nədən öz haqqını tələb etməsin ki? Niyə faşist bir rejimin əlində qul kimi yaşamalıdır güneyli soydaşlarımız. Ona görə də yaxın günlərdə də etiraz aksiyaları davam edəcək, tədbirlər keçiriləcək. Biz də DAK olaraq güneylilərin demokratik yoldakı mücadiləsinə əlimizdən gələn köməyi edəcəyik”. Anar Bayramoğl

Comments are closed.