“Urmiya gölünün qurumasıma gətirib çıxaran və buna etiraz edən güneyli soydaşlarımıza qarşı fars-molla rejimi tərəfindən atılan addımlar qiymətləndirilməli deyil, lənətlənməlidir”. Bunu mətbuata açıqlamasında millət vəkili, Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri Sabir Rüstəmxanlı dilə gətirib. Onun sözlərinə görə, İran rejiminin ölkə əhalisinə, xüsusilə, Azərbaycan türklərinə qarşı riyakar siyasətinin minbir üzü var. Millət vəkili deyib ki, onun dilinə, tarixinə, mədəniyyətinə, torpağına, iqtisadiyyatına münasibətindən tutmuş təbiətinə, ekologiyasına münasibətinə qədər dünyada mövcud olan, yəni, insanın yaşam tərzinin bütün parametrlərində, səhifələrində İran rejiminin güneyli soydaşlarımıza qarşı düşmənçiliyi çox qatı bir şəkildə özünü göstərir: “Son illərdə qəzet təhqirləri, sonra İran televiziyalarında azərbaycanlılara qarşı olan təhqiramiz verilişlər, nəhayət, onların baş qərargah rəisinin Şimali Azərbaycana – buradakı Azərbaycan türklərinə münasibəti əslində onun Güneydəki soydaşlarımıza qarşı münasibətdir. Bunlar hamısı mənim dediklərimin sübutudur. Bəzən oradakı məmurlar bu taydakı Azərbaycana üzlərini tutub millətimizi və dövlətimizi təhqir edirlər və özlərini elə aparırlar, elə bilirlər ki, oradakı xalq qoyun sürüsüdür , qulağını sallayıb buna fikir vermir. Amma bu Təbrizin, Ərdəbilin, Urmiyanın, Zəncanın, Həmədanın ürəyində yara kimi qalır və dəmirçi kömürü kimi yavaş-yavaş işarır. Günün birində hökmən bu üzə çıxmalıdır və artıq çıxır”.

Comments are closed.