Sabir Rüstəmxanlı

Sayın millət vəkili Sabir bəy Rüstəmxanlıya

Hər şeydən öncə ana dilimdə qüsurlu yazdığıma görə üzr istəyirəm. 80 ildən çox haqsızlıq mühitində yaşayan toplumun övladı olaraq sizə müraciət edirəm.

Azərbaycanın Güneydəki 30 milyon xalqının həmişə, sayının əksinə olaraq səsi və hayqırtısı Savalandan ötəyə keçə bilməmişdi. Sanki Savalan bu dərdləri sinəsində saxlamağa and içmişdir. Torpaq müqəddəsdir. Heç vaxt mətanətini satmaz. Nə qüsur varsa səbəbi insandır. Savalan da müqəddəsliyini qoruyub qürurunu saxlamışdır. Bu gün Güney gəncliyi Savalana ağ üzlə, alnı dik baxa bilməyir. Hələ də Ərk qalasına borcluyuq. Bu qara ləkə ortadan qalxmadıqca Savalan susqunluğunu qoruyacaqdır. Bu gün hələ də “ana dili” şüarı elə sözdə məhbusdur. Hələ də ilk məktəbdə ana dilimizdə dərsliklərin yeri boşdur. Biz doğma olan heç nəyi yaşaya bilmədik. Bayrağımızın dalğalandığı bu müqəddəs cümhuriyyətə gəldiyimdə yaşamadığımız doğmalığı geri almaq istədim. Ana dilimdə təhsil! Bir çox insan üçün önəmsiz olsa da, bizim üçün həddindən çox qutsal və mübarəkdir! Ona görə ki, o bir həyatdır! Həm də doğma həyat…

Universitet üçün hazırlıq kursunda Azərbaycan dili dərsində tapşırıq olaraq verilən “arzunuz” adlı mövzuda yazdıqlarım 12 il fars məktəbində olmayan və yasaq olunan diləklər idi. Mənim üçün bu bir səhifəlik mövzu illərlə şovinizm ayağı altında oxuduğum dərslərdən daha dəyərlidir. Ona görə ki, anamı, toprağımı, tariximi gerçək mənada hiss edə bilmirəm.

Bakıya gəlmədən yaratdığımız təsəvvürlərin bir çoxu bura gəldikdən sonra nə yazıq ki, əksinə çıxdı. Təəssüflə “iranlı” müamiləsindən qurtula bilmədik. Həmişə dar bir çərçivəyə salıb və beləcə bizi qəbul etməyə çalışdılar. Biz bütün çətinliklərə baxmayaraq vətənimizin böyük hissəsi olan Güneyimizin parlaq gələcəyini düşünərək dözməyi və mücadiləni sürdürməyi borcumuz bildik. 45-ci ildə dahi liderimiz S.C.Pişəvəri demişkən, “Sizi Bakıya göndərib orada başınızı qızıl edib burada qızılbaş ordunu təşkil etməyi düşünürəm”. Biz də eyni görəvi düşünüb burada təhsil almağa qərar verdik. Ancaq bu gün nə Liderimiz həyatda, nə də mövcud durum ürəkaçan deyil. Bir tərəfdən isə Güneydən kənar mühacir həyatı yaşayan insanlar Güneyi olduğu kimi əks etdirə biləcək imic və davranış sərgiləyə bilməmişdir. Tribunaları işğal etmək, Şöhrətpərəstlik ön planda olmuşdur. Güney Azərbaycan milli hərəkatının təməlini Dr. Zehtabi, Dr. Heyət, Pr. Nutqi kimi dahi insanlarımız qoymuş və bu gün onların yaratdığı işıqda irəliləməkdəyik. Ancaq təəssüf ki, xaricdəki əzizlərimizin bir çoxu bu görəvi düzgün başa düşməmişdir. Hərəkatın içərisində milli məfkurə və mənəviyyatı formalaşan uşaqlar nə yazıq ki, bu cərgənin içində görünmür. Sonradan yamaq kimi yapışmaq istəyən qruplar və şəxslər hərəkatın imicini korlamaqdan başqa heç nəyi ifadə etmirlər.

Güneydə olan gerçəklər həqiqətən bambaşqadır. Bizim amacımız düzgün istiqamətdə kadrlaşmaqdır. Bunun üçün də dərin savada və təcrübəyə yiyələnmək lazımdır.

Gələcəyimizi anlamaq üçün bu gün müstəqil Azərbaycan cümhuriyyətini izləməmiz gərəkir! Müstəqil Azərbaycan bizim ən böyük olqumuzdur. Bura gücləndikcə, sorunlardan arındıqca Güneydəki həvəs bir o qədər də çoxalır. Əksinə olaraq, Güneydəki hərəkat genişləndikcə Müstəqil Azərbaycanımız da güclənməyə doğru hərəkət edə bilər. Bütün bunlar fikrimizcə sistemli bir birliyin içərisində həyata keçə bilər. O birlik ki, orada hər iki toplum bir-birini düzgün tanıyıb və başa düşə bilsin. Mənəvi dəstəyi sözdə, ədəbiyyatda yox əməldə göstərməyin daha düzgün olduğunu düşünürük. Gələcək nəslə nəyi ötürəcəyimiz çox önəmlidir. Bu gün mənim kimilər çətin durumda ola bilər. Ancaq gələcəkdəkilər ruhdan düşməməlidir. Onun üçün biz bu gün onlara şəraiti hazırlamağı özümüzə borc bilirik. Keçmiş nəsilləri yarqıladığımız kimi gələcək nəsil də bizi yarqılamaqda haqlı olacaq.

Siz, Azərbaycanımızın müstəqilliyi və bütövlüyü uğrunda illərlə mücadilə etmiş, böyük işlər görmüşsünüz. Bu gün sizin durmadan göstərdiyiniz özveri və zəhmətlər bizim vicdanlarımızda həkk olunur.

Buna görədir ki, sizə müraciət etmək bizim üçün şərəfdir. Sizin bizi “iranlı” kimi yox, Azərbaycan türkü kimi, həm də bu yolun bir əsgəri kimi gördüyünüzdən əminik. Bu isə bizləri sevindirir və daha da ümidləndirir. Siz sədaqətin və haqqın yolunu gedir, biz də sizə baxıb örnək alırıq. Güneydən kənar Güneyi təmsil etməkdə israrlı olan bəzi Güneyli insanlarımız zəngin ictimai və siyasi şüura malik toplumun səsini əks etdirməkdə çətinlik çəkir. Xaricdə olan atmosferlə daxildəki arasında mütənasiblik yoxdur. Bu isə çox üzücüdür. Bizə bu yolda yardımçı olacağınıza inanırıq.

Güneydə səslənən ən anlamlı şüarlardan biri “Gələcək bizimdir” şüarıdır. Biz buna bütün vücudumuzla inanıb və əl-ələ həqiqi bir birlik içərisində olan mübarizədən yanayıq. Arzu etmirəm, əminəm ki, Urmiyadan Şuşaya və Bakıdan Təbrizə pasportsuz keçəcəyik.

Güvənlik məsələlərindən dolayı hüzurunuza gələ bilmədiyim üçün üzr istəyirəm.

Tanrı yar və yardımçınız olsun.

Sayğı və sevgilərimlə,
Yaşar Savalanoğlu
Bakı, 9 sentyabr 2013

***

Bu məktubu mənə bir mühacir gətirdi. Oxudum və bir xeyli özümə gələ bilmədim. Ona görə yox ki, milli faciələrimizdən doğan ağrının, böyük gücümüzü görmək sevinci ilə o gücdən istifadə edə bilməməyimizin, ümidin və ümidsizliyin, inamın və inamsızlığın bu cür dəqiq və ölçülü-biçili ifadəsindən duyğulandım. Yox! Azərbaycanın bütövlük həsrətiylə dolu çox məktub alıram, müxtəlif ölkələrdə görüşdüyüm Güneyli gənclərin ruhunu, böyük vətən sevgisini yaxşı bilirəm. Məni duyğulandıran bu məktubu yazanın Bakıda yaşaya-yaşaya mənimlə görüşməyə cəsarət etməməsi, özünə və ailəsinə haqsız sorunlar yaratmaq istəməməsiydi. Məktubu bir çinli miqrantdan göndərmişdi. Haqq qazandırdım ona! Eyni zamanda, düşündüm ki, İran deyilən ölkədəki qardaşlarımızın durumu, dil, məktəb tələbləri ilə bağlı iki-üç kəlmə söz deyən kimi nota dalınca nota göndərən hörmətli İran cümhuriyyəti insan haqlarını, Allahı, Quranı o qədər unudub ki, türk gənclərinin İrandan kənarda da nəfəs almasına, düşündüyünü sərbəst ifadə eləməsinə imkan vermir. Müstəqil Azərbaycanı da gənclərimiz üçün zindana çevirib… Heç mənimlə görüşməsələr də, keçdiyim yoldan keçdiklərini görsələr sorğu-sual başlanacaq!

Məncə, məktub müəllifinin adı da şərtidir (öz əsil adını sonra öyrəndim). İranda uşağına öz ana dilində ad vermək imkan tanımırlar. Nə olsun türksən? Nə qədər istəsən yəhudi, yunan, ərəb, fars, moltanı adı qoy! Keyxosrov, Keyqubad, Şəddad (zülümkar), Keyumərz, Lohqarsp, Bijən, Güsərz, Əndəriman, Mənucöhr, Huşəng, Dəhhak, Zöhhak, Göydafərid, Feriburz, amma Meta, Atilla, Gürşad, Yaşar, Orxan, Qorqud, Araz olmaz; çünki bunlar türk adlarıdır.

Dünya tarixini vərəqləsən hələ heç bir zülümkar və ya cahil hakimiyyətin belə yasaqları olmayıb: Ana öz uşağını dədəsinin, babasının adıyla çağıra bilməz. Halbuki min il öncə böyük şair və böyük fars şovinisti Firdovsi belə, “Şahnamə” də türk adlarının çoxunu tarixdə olduğu kimi saxlamışdı.

Təxminən 20 il öncə İranın o vaxtkı mədəniyyət naziri, sonralar prezident olmuş ağaye Xatəmi ilə bir söhbətimdə demişdim: Biz İrana da öz dövlətimiz kimi baxırıq, əhalinin yarısı bizdəndir, onun iç işlərinə qarışmaq niyyətimiz də yoxdur, gənc dövlətik, dərdimiz də başımızdan aşır. Ancaq əynimizə Qurandan köynək geysək də bizə inanmayacaqsınız; çünki Güneydəki qardaşlarımız səslərini çıxaran kimi elə biləcəksiniz orda bizim əlimiz var. Siz Avropada oxumuş adamsınız, dünyanın hara getdiyini yaxşı bilirsiniz. İranın bütövlüyünü istəyirsinizsə, burda yaşayan xalqların haqqını tanımalısınız. Bunu eləməsəniz İran gec-tez içindən partlayacaq. Və bizim zərrə qədər iştirakımız olmasa da yenə bizdən şübhələnəcəksiniz (Bax “Bu sənin xalqındır”. Bakı, 1995).

İndi həmin proses gedir. İranda milli oyanış qaçılmazdır və İran yetgililəri bu məsələlərin hamısında Azərbaycan Respublikasını və bizi günahkar sayırlar.

Guya Quzey Azərbaycanda müstəqil dövlət olmasa Güney elə əsrlərcə yata-yata qalacaqdı. Düzdür, İranın siyasəti bəzi güneyli qardaşlarımızı çox dərin yuxuya verib. Ancaq nəzərə almırlar ki, Güneyin yuxusu aldadıcıdır, o, bir gözünü açanda bütün Şərqi yerindən oynadır və İran dəfələrlə bunun şahidi olub.

Türk düşmənçiliyi bizim düşündüyümüzdən daha dərin məsələdir və bu cəbhədə İran, Rusiya, Qərb ölkələri çox asanlıqla birləşirlər. Öz başları üstündən milçək uçanda dünyanı ayağa qaldıran böyük güclər, Qərb ölkələri 25 ildir Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına göz yumur. Minsk qrupu sirk truppası kimi, Ermənistanla Azərbaycan arasında kəndirbazlıq edir! 200 il öncə parçalanmış, bir neçə yerə bölünmüş və assimilə edilmiş Azərbaycanın ümumi taleyinə baxış da bundan az fərqlənir.

Azərbaycanın birləşmə məsələsi 1920-ci illərdə, 1940-cı illərdə daha çox diqqət mərkəzindəydi, beynəlxalq aləmdə daha çox müzakirə olunurdu, nəinki, indi. Çünki onda Rusiyayla bir yerdəydik.

Arxamızda böyük dövlət dayanmır deyə bütün hüquqlarımızdan imtina eləməli deyilik ki? Bəlkə bu problemləri Rusiya özü yaratmamışdır? Rusiya böyükdür, düzdür! Amma kimin hesabına – Türk torpaqlarınımn hesabına! Heç bir zülm sonsuza qədər davam edə bilməz!

Ş.M.Xiyabani deyirdi: “Qorxaqlıq insanın öz vicdanı qarşısında ən alçaq etirafıdır!”

Qorxaqlığın, çəkingəliyin də bir əndazəsi var! Biz bir xalq olaraq nə istəyirik və bu istəyi nə vaxt ortaya qoyacağıq? Bunun üçün neçə əsr gözləməliyik? Bəlkə əriyib, itib getməkdən başqa bir arzumuz yoxdur!

İndi də Güneydən danışan kimi deyirlər, amandı, bunu yada salmayaq, çünki Qarabağ məsələsi var. Bu ilin aprel ayında Dünya Azərbaycanlıları Konqresinin həmsədri olaraq ABŞ konqresində görüşüm vardı. “Önəmli nöqtələrdən birinə toxunmaq istəyirəm, dedim, – Siz dünyanın super dövlətinin təmsilçiləri İranda və bölgədə mənim xalqımın taleyini və gələcəyini necə görürsünüz? Əlbəttə hər xalq öz gələcəyini özü qurur və qurmalıdır. Ancaq bu işlə bağlı layihələriniz ortadadır. Orda biz necə görünürük?” Cavab verdilər ki, əlbəttə azərilər çox əziyyət çəkiblər, parçalanıblar, haqları tapdalanıb, öz haqlarına qovuşmalıdırlar və biz buna kömək etməliyik.

“Siz bu yollamı kömək etmək istəyirsiz?” deyərək Güneyli, Quzeyli Azərbaycanın məlum və tarixi xəritəsini, bir də ABŞ-da hazırlanmış Orta Doğu Projesini əks etdirən xəritəni qoydum ortaya!

“Siz bu cürmü həll edəcəksiniz bizim xalqın gələcək taleyini?.. Burda siz İran Azərbaycanı ərazilərinin böyük bir hissəsini, Urmiyə də daxil olmaqla, bütün Qərbi Azərbaycanı, Naxçıvana qədər (bəlkə ona da gizli bir tor qurulub) Kürdüstanın tərkibinə daxil etmisiniz. Rusiya işğalçı Ermənistana yardım edir, siz də Qərbi Azərbaycanın işğalına yardım etmək istəyirsiniz? Mənim xalqım silahsızdır, terror yolu tutmayıb, demokratik yollarla mübarizə aparır. Bu o demək deyil ki, onun torpaqlarını hərraca qoymaq lazımdır”.

Yəqin söhbətin bu istiqamət alacağını gözləmirdilər.

Xəritələrə diqqətlə baxdılar. “Bilirsiniz, bu Orta Doğu projesi rəsmi bir şey deyil!” dedilər. “Nə olsun!” dedim. On ildən artıqdır ki, yüzlərlə kitabda, qəzetdə, jurnalda çap olunur və bütün dünyanın gözü öyrəşdirilir ona. Üstəlik Türkiyə Cümhuriyyətinin başbakanı özünü bu projenin eşbakanı kimi təqdim edir. Bu xalqları qarşı-qarşıya qoymağın bir üsuludur.

O məclisdəki konqresmenlər Azərbaycana rəğbəti olan adamlardı. Ancaq gördüm ki, biz onları düzgün məlumatlandıra, bölgədəki problemlərin mahiyyətini çatdıra bilməmişik.

Ona görə ki, Güneyli dostumun yazdığı kimi, birlik yoxdur. Güney, Quzey əlaqələrinə və gələcəyimizə dair milli bir konsepsiya hazırlanmamışdır. Halbuki bu bizim haqqımız və vəzifəmizdir. Heç kim bu haqqı əlimizdən ala bilməz.

Təəssüf ki, bu sahədə bir addım atan kimi, böyrünə on nəfər ayaqaltıqazan, xəbərdaşıyan qoşurlar. Bir təşkilat yaradılan kimi üç-dörd alternativini də qoyurlar ortaya. İşin mahiyyətindən xəbərsizlər düşür ortaya ki, mənim pulum var, mən bu təşkilatı ələ ala biləcəyəm!

İndiyədək Güneyə yönəlmiş və ya ümummilli mədəniyyətə xidmət edən bir dənə radiomuz, televiziyamız yoxdur. Ana dilində ədəbiyyat nəşrində onlara yardım etmirik. Cənubdan gəlmiş gənclərin burslu, yəni təqaüd alaraq və ya dövlət hesabına təhsil alması üçün bircə manat vəsait xərcləmirik.

Güney Azərbaycandan və İranın çeşidli bölgələrindən gələn gənclərin Müstəqil Azərbaycan Respublikasına hansı ümid və sevgilərlə bağlı olduqları və bura və hansı sevinc və həyəcanla üz tutduqlarını bu məktub aydın göstərir.

Əvəzində biz nə edirik, necə qarşılayırıq, necə qayğı göstəririk onlara?

Vaxtilə, 20-ci illərin əvvəllərində təhsil haqlarının bu qədər yüksək olmadığı və rəsmi vəzifəm olanda İrandan və Türkiyədən gələn onlarla gəncin ali məktəblərimizdə oxumasına köməklik eləmişəm. Amma indi, mənəvi, hüquqi yardımım qalsa da təhsil haqlarının ödənilməsinə yardım etmək imkanım yoxdur.

Rəsmi mövqeyi başa düşürük, ancaq Hacı Zeynalabdin Tağıyevdən daha zəngin olanlarımızdan bircə nəfər xeyriyyəçi tapılmır ki, ordan gələn beş gəncin təhsil haqqını boynuna götürsün.

Milli təəssübkeşlik duyğumuz niyə bu qədər zəifləyib, gələcəyimizi niyə düşünmürük?

Bakıda İrandan və Türkiyədən gələn gənclərin qarşısına onlarla süni maneə çıxardılar. Onları sayıb və yazını uzatmaq istəmirəm.

Köhnə sovet, Moskva xiffətini daşıyanlar, yarırus yarıazərbaycanlı eybəcər söz qarışığıyla danışanlar dilimizin köhnə ərəb və fars kəlmələrindən təmizlənməsi üçün yeni-yeni atılan addımları görəndə, təmiz ana sözlərimizi eşidəndə göyə çıxırlar “amandı qoymayın bunlar türk sözləriylə dilimizi zibilləyirlər”. Zibilin özü təmiz suya qarşı çıxır!

İrandan və Türkiyədən gələn qardaşlıq duyğusuna da təxminən bu cür qısqanclıqla yanaşanlar var!

Parçalanmalarımızın, faciələrimizin səbəbkarı bunların dədələriydi, indi də özləri yeni işğallar və yeni köləlik təbliğatını köürkləyirlər.

Təkcə güneyli gəncin bu məktub min elə təbliğatdan daha güclü və daha dəyərlidir.

Çünki halal milli ruhdan doğulub.

Comments are closed.