İctimai Palatanın Koordinasiya Şurasının yeni tərkibi srağagünkü seçkilər nəticəsində məlum oldu. Yeni tərkib 17 nəfərdən ibarətdir. 17 nəfərdən 12-si Koordinasiya Şurasında fəaliyyət göstərən şəxslərdir. Onlar son bir ildə rotasiya qaydasında növbə ilə İctimai Palatanın sessiyalarına və Koordinasiya Şurasına sədrlik ediblər. Yeni tərkibin 5 nəfəri isə Koordinasiya Şurasına ilk dəfədir seçiliblər. Onlar barədə məlumatları təqdim edirik:

1. Leyla Ağa qızı Əliyeva, 1959-cu ildə Bakı şəhərində anadan olub. Elmlər doktoru, müstəqil siyasi təhlilçi və politoloqdur. Bakıda fəaliyyət göstərən Milli və Beynəlxalq Tədqiqatlar Mərkəzinin prezidentidir. Leyla Əliyeva həmçinin Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin (1991-1997) qurucularından biri və prezidenti olub. Harvard Universiteti (1993-1994), Vudro Vilson Mərkəzi – Kennan İnstitutu (1995), Kaliforniya Universiteti-Berkli (2000) və Con Hopkins Universitetində (2001) tədqiqatlar aparmış, Avropa Yenidənqurma və İnkişaf Bankı Prezidentinin müşaviri, Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının Azərbaycan üzrə Milli Koordinatoru (1999) olmuşdur. Tədqiqat sahələri post-sovet məkanında konfliktlər, təhlükəsizlik, neft və siyasət məsələlərini əhatə edir.

2. İbrahim Zeynəddin oğlu İbrahimli, 1952-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Zeynəddin kəndində anadan olub. Ali təhsillidir. Siyasətə gəlməzdən öncə Naxçıvanda pedaqoji fəaliyyətlə məşğul olub. Orta məktəb müəllimi, məktəb direktoru, maarif şöbəsinin baş inspektoru işləyib. Naxçıvan MR-də AXC-nin vilayət və rayon şöbəsinin yaradıcılarından biri, AXC Babək rayon şöbəsinin, Naxçıvan Vilayət Xalq Cəbhəsinin sədri, 1990-cı ildə Azərbaycan Ali Sovetinin deputatı seçilib. 1994-cü ilə qədər deputat olub. AXC-nin təşəbbüsü ilə keçirilən mitinqin təşkilatçısı olduğu üçün 1994-cü ildə deputat mandatı qanunsuz olaraq alınıb. İstiqlalçı deputatlardandır. 1992-ci ildə Müsavat Partiyasının bərpasında iştirak edib. Müsavat Məclisinin, Divanının üzvü, Müsavat başqanının müavini olub. 1993-cü ildə AXC-nin İcraiyyə Komitəsinin sədri olub. 1994-cü ildə AXC sədrinin birinci müavini seçilib. 1995-ci ildə AXC-nin qurultayında böhran mərhələsinin arxada qaldığını əsas göstərərək yenidən Müsavat Partiyası üzvlüyünə qayıdıb. 2003-cü il oktyabrından 2005-ci ilin martına qədər həbsdə olub. 2010-cu ildə Müsavat Partiyasından istefa verib. 2011-ci ildə Vətəndaş Hərəkatı Təşəbbüs Qrupunu yaradanlardandır. Hazırda qurumun koordinatorudur.

3. Rahim Bahadur oğlu Hacıyev, Saatlı rayonunda anadan olub. AXC-nin ilk üzvlərindən və fəallarından olub. Ali təhsillidir. Xalq hərəkatının iştirakçısıdır. Ölkənin tanınmış politoloqlarındandır. “Azadlıq” qəzeti baş redaktorunun birinci müavinidir.

4. Rafiq Hidayət oğlu Manaflı, 1958-ci ildə Salyan rayonunun Qardaşbəyli kəndində anadan olub. 1975-1980-ci illərdə Voronej Meşə Texnikası İnstitutunda ali təhsil alıb. 1980-1991-ci illərdə Ələt Ağac Emalı kombinatında mühəndis, baş mexanik, sex rəisi vəzifələrində çalışıb. 1992-1996-cı illərdə özünün təşkil etdiyi “Plastik” kiçik müəssisəsində direktor işləyib. 2000-ci ildən özünün təsis etdiyi “Təkamül” MMC-nin direktorudur. 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsinin yaradıçılarından və fəal üzvlərindən olub, 1990-1992-ci illərdə AXC-nin Qaradağ rayon şöbəsinin sədri, AXC Məclisinin üzvü olub. 1996-cı ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür, həmin ildən VHP Siyasi Şurasının üzvüdür. 2001-ci ildən VHP Ali Məclisinin sədridir. 2010-cu ilin noyabr ayında keçirilən Milli Məclisə seçkilərdə 59 saylı Salyan Dairə Seçki Komissiyasından deputatlığa namizəd olub.

5. Qələndər Şəmil oğlu Muxtarlı, 1965-ci ildə Tərtər rayonunda anadan olub. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Tarix fakültəsində aspiranturada təhsil alıb. İlk tələbə könüllü özünü müdafiə batalyonunun yaradıcılarından biri olub və Qarabağ müharibəsində iştirak edib. 1992-1993-cü illərdə Prezident Aparatının humanitar şöbəsində işləyib. 1993-cü ildə Azərbaycan Milli Demokrat (Boz Qurd) Partiyasının yaradıcılarından olub. “Boz qurd” qəzetinin baş redaktoru işləyib. 1998-ci ildə seçki saxtakarlığına etiraz olaraq ictimai asayişin pozulmasına səbəb olan hərəkətlərin təşkilində ittiham edilərək 2 illiyinə həbs olunub. 2011-ci ilin iyulunadək Milli Demokrat Partiyasının rəhbərliyində təmsil olunub. 2011-ci ilin iyulundan Azərbaycan Milliyyətçi Demokrat Partiyasının sədridir.

E.SEYİDAĞA
Yeni Musavat 

Comments are closed.