Ictimai Palatanın gələn il yanvarın 8-də keçiriləcək sessiyasında Koordinasiya Şurasının yeni tərkibi seçiləcək. Koordinasiya Şurasına keçiriləcək seçkilərdə namizəd olmaq istəyən şəxslər yanvarın 6-ı saat 18.00-dək IP-nin katibliyinə müraciət edə bilər. Bu barədə qəzetimizə məlumatı Müsavat Partiyası başqanının müavini, Ictimai Palatanın katibi Gülağa Aslanlı verib.
Bu günə kimi IP-nin rəhbər strukturunda təmsil olunmaq üçün 4 nəfərin namizədliyini irəli sürdüyünü deyən G.Aslanlı vurğuladı ki, bunlar VHP Ali Məclisinin sədri Rafiq Manaflı,
Milli Demokrat (Boz Qurd) Partiyasının sədri Qələndər Muxtarlı, tanınmış siyasətçi Ibrahim Ibrahimli və Ixtiyar Abdulovdur. G.Aslanlı onu da bildirdi ki, Koordinasiya Şurasının hazırkı 13 üzvünün hamısı yeni tərkib üçün namizədliklərini irəli sürüblər. G.Aslanlı qeyd etdi ki, namizəd olmaq istəyən şəxslərin yanvarın 6-dək katibliyə müraciət etməsi kifayətdir.
IP KŞ-da təmsil olunmaq üçün namizədliklərini irəli sürən şəxslərdən bu addımı atmalarının səbəbini öyrəndik.
VHP Ali Məclisinin sədri Rafiq Manaflı bildirdi ki, o, IP-ni müxalifətin vahid güc mərkəzi kimi gördüyü üçün bu addımı atır. IP-nin ötən müddət ərzində çox nüfuzlu bir təşkilata çevrildiyini deyən R.Manaflı vurğuladı ki, gələcəkdə təşkilatın idarəçiliyində partiya mexanizminin tətbiqi IP-ni daha da gücləndirə bilər. “Hesab edirəm ki, Ictimai Palatanın Koordinasiya Şurasında təmsil olunmaqla təşkilatın idarəçiliyinə müəyyən töhfələr verə bilərəm”, deyə R.Manaflı vurğuladı.

http://azadliq.info

Comments are closed.