Bir qrup tanınmış hüquqşünasın Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyinə namizədi Cəmil Həsənli ilə bağlı bəyanat verməsi birmənalı qarşılanmadı. Çünki elə bəyanatda da vurğulandığı kimi hazırda Azərbaycanın siyasi həyatında mühüm bir tarixi hadisəni yaşadığımız bir məqamda tanınmış hüquqşünasların belə bir təşəbbüslə çıxış etməsi rəğbətə səbəb olub. Qəzetimizin dünənki sayında bəyanat müəlliflərindən Mətləb Mütəllimli ilə müsahibəni diqqətinizə çatdırmışdıq.
Bu gün də vəkillərin bəyanatına imza atmış başqa bir tanınmış hüquqşünasla müsahibəni diqqətinizə çatdırırıq.

Həmsöhbətimiz VHP Siyasi Şurasının üzvü Əlövsət Əliyevdir. Ə.Əliyevə ilk sualımız belə bir bəyanatın hazırlanmasını hansı səbəblərin zəruri etdiyi ilə bağlı oldu.

– Əslində Cəmil Həsənliyə dəstək verən hüquqşünaslar bu siyahıda əks olunanlarla məhdudlaşmır. Azərbaycan cəmiyyətində mövcud hakimiyyətin apardığı siyasətlə razı olmayan və yaxud buna etiraz etmək niyyətində olan böyük bir kəsim var. Bu bəyanat sadəcə olaraq insanları bu məsələyə münasibət bildirməyə həvəsləndirmək üçün verilən bir bəyanatdır. Insanlar çəkinməməli öz rəylərini bildirməlidirlər. Insanlar dəstəklədikləri insanlara münasibətlərini açıqlamalıdırlar. Bu çağırış Azərbaycanda baş verən qanunsuzluqlarla razı olmayan, oturuşmuş korrupsiyaya qarşı etirazını bildirən kəslərədir. Bu bəyanat insan hüquqlarının pozulmasının adi bir hala çevrildiyi məmləkətdə yaşamağa “yox” deyənlərə bir müraciətdir. Ölkənin az qala işğal ərazisi olması barədə düşünməyə məcbur edən və bu düşüncəni özündən rədd etməyi bacaran insanlara səslənmədir. Azərbaycanın regionun super dövləti olduğu kəlməsi tez-tez işlənir. Amma regionun super dövlətində insan hüquqları bu qədər pozula bilməz. Təsəvvür edin, demokratik dəyərlərə üstünlük verən, insan hüquq və azadlıqlarını qorumağa çalışan bütün beynəlxalq təşkilatlar Azərbaycana külli miqdarda vəsait ayırır ki, vətəndaşımıza öz hüquqlarını qorumaq üçün maarifləndirmə kursu keçir. Amma Azərbaycan hakimiyyəti yüz dəfələrlə çox sərmayə qoyurlar ki, vətəndaşlarımıza seçkini saxtalaşdırmanın qaydasını öyrətsinlər. Mən bu yaxınlarda seçkini saxtalaşdıran və dairələrdə təmsil olunan bir neçə hakimiyyət nümayəndəsi ilə görüşmüşəm. Bir daha o qərara gəlmişəm ki, Azərbaycan hakimiyyətinin insanlara bu cür neqativ keyfiyyətləri aşılamasına görə Azərbaycan vətəndaşı olmağımdan üzülmüşəm. Çox pis olmuşam. Həqiqətənmi belə cəmiyyət olar? Insanlara saxta olmalarına görə pul payla, rüşvət ver. Bu çox əxlaqsız tendensiyadır. Hakimiyyət təmsilçiləri müxalifət üzvləri ilə bağlı müəyyən səhnələri KIV-də işıqlandırmaqdan və bu halı əxlaqsızlıq kimi təqdim etməkdən zövq alır. Amma mən düşünürəm ki, hakimiyyətin apardığı bu siyasət fiziki əxlaqsızlıqdan dəfələrlə əxlaqsız hərəkətdir. Ona görə hüquqşünasların bəyanatı təkcə Cəmil Həsənliyə dəstək deyil, bu ölkədə baş verən hüquqsuzluğa qarşı mübarizə istiqamətində bir çağırışdır.

– Tanınmış hüquqşünas kimi siz özünüz Cəmil Həsənlinin kampaniyasında necə iştirak edəcəksiniz?
– Helmit Kol Almaniyanı birləşdirən kansler oldu. Amma zamanı çatanda alman xalqı dedi ki, bəsdir və növbəti müddətə sizi seçmək istəmirik. Eyni yanaşma Azərbaycanda da olmalıdır. Mən demirəm ki, Ilham Əliyev bu hakimiyyəti idarə edə bilmir, o, çox pis prezidentdir, korrupsionerdir, o, Azərbaycandan ölkəmizə çatacaq var-dövləti, əmlakı talayaraq xaricdə özünə, uşaqlarına mülk alır. Amma mən artıq Ilham Əliyevdən yorulmuşam və istəyirəm ki, artıq Azərbaycana başqa bir şəxs rəhbərlik etsin. Mən Azərbaycana başqa idarəçilik nəfəsinin, başqa ruhun gəlməsini istəyirəm. Tez-tez bəyan edirlər ki, biz Əliyevlərə minnətdar olmalıyıq ki, Azərbaycan müstəqilliyini qoruyub saxlaya bilib. SSRI-nin şinelindən çıxan hansı respublika məhv olub ki? Yalan üzərində qurulan bir təbliğatdır. Xalqı bu qədər aşağlamaq olmaz. Parlamentə “Detektiv fəaliyyəti”ylə bağlı qanun layihəsi təqdim edirik. Onu qəbul etməyərək, bəzi komissiya sədrləri bəyan edirlər ki, Azərbaycan xalqının səviyyəsi imkan vermir ki, “Detektiv fəaliyyəti”ylə bağlı qanun layihəsi təqdim edilsin. Bunu deyən deputatların öz səviyyəsi çatmır. Onların öz səviyyələri o qədər aşağıdır ki, xalqı da öz səviyyələrində görürlər.

“Hakimiyyət təbliğatı ilə əxlaqını göstərir”

– Cəmil Həsənli Milli Şuranın prezidentliyə namizədi olduqdan sonra ona qarşı çirkin kampaniya aparılır. Seçki müəyyən dövrü əhatə edir. Amma Cəmil Həsənli Azərbaycanı dünyada tanıdan bir elm xadimidir. Ona qarşı bu cür münasibəti necə dəyərləndirmək olar?
– Milli Şura ikinci dəfə vahid namizədi müəyyənləşdirən zaman mən özüm Cəmil Həsənli ilə Mehman Əliyevin namizədliyi arasında qalmışdım. Milli Şuranın sədri Rüstəm Ibrahimbəyovun prezidentliyə namizədliyi haqqında mən əvvəlcədən fikrimi bəyan etmişdim. Bu fikir hətta Milli Şuradakıları da qəzəbləndirmişdi. Mənə etirazlar bildirirdilər ki, niyə Rüstəm Ibrahimbəyovun Rusiya vətəndaşlığından çıxa bilməyəcəyini yazıram. Çünki Rüstəm Ibrahimbəyov namizədliyi irəli sürülən gün Rusiya vətəndaşlığından çıxması ilə bağlı arayışı ictimaiyyətə açıqlamalı idi. Biz də bilərdik ki, bu şəxs vətəndaşlıqdan çıxmaq üçün müraciət edib və ondan sonra Rusiyaya təpki göstərmək olardı ki, nəyə görə bu müraciətə 5 aydan çox müddətə baxırsız. Mən düşünürdüm ki, Mehman Əliyev və Cəmil Həsənli haqqında hakimiyyət az ittiham tapa biləcək. Hərçənd ki, Azərbaycanda heç kim qondarma ittihamlardan sığortalanmayıb. Buna baxmayaraq Cəmil Həsənli haqqında da bu cür çirkin addımlara yol verilir. Bunu təbii qəbul etmək lazımdır. Çünki bu, hakimiyyətin idarəçilik formasıdır. Əgər hakimiyyət kiminsə ailəsinə, onun şəxsi həyatına müdaxilə edir, onun yaxınlarını aşağlayırsa, deməli, öz yaxınları barəsində də bu cür aşağlama hallarına vərdiş edib və bu onun həyat tərzidir. Əgər qəzetin baş redaktoru bu cür yazıları dərc edirsə, deməli, o öz ailəsi haqqında oxşar materialların dərc olunmasına hazır adamdır. Əgər bu hallar televiziyada baş verirsə, deməli, telekanal rəhbərliyi üçün baş verənlər adi haldır və onun həyat tərzidir. Cəmil Həsənli barəsində bu cür ittiham xarakterli məlumatların verilməsiylə hakimiyyət texnoloqları öz həyat tərzlərini göstərirlər. Cəmil bəy ən nümunəvi və hörmət etdiyim insanlardan biridir. Cəmil Həsənli azərbaycanlı olduğuna görə qürur duyduğum şəxslərdəndir.

“Hakimiyyət hər addımı ilə siyasi fəaliyyəti aşağı endirməyə çalışır”

– Hakimiyyət ölkədə seçki fəallığının qarşısını almaq üçün əlindən gələni edir. Budəfəki seçkidə namizədlərin sayının çox olması da hakimiyyətin məqsədyönlü siyasətidir. Bundan başqa, ITV istisna olmaqla heç bir telekanal seçki təşviqatında iştirakla bağlı müraciət etməyib. Bu halların qanuni tərəflərin necə dəyərləndirərdiniz?
– Özünü müxalifət sayan və prezidentliyə namizədliyini irəli sürərək, qeydə alınacaq şəxslər sonda öz namizədliklərini Cəmil Həsənlinin xeyrinə geri götürəcəklər. Düşünürəm ki, namizədlikləri qeydə alınmış şəxslərdən xüsusilə Ilyas Ismayılov bu addımı ata bilər. Digər namizədlər də bunu edə bilər. Çünki dünyanın bir çox ölkələrində, xüsusilə ABŞ-da şəxslər bir dəfə namizədliklərini irəli sürürlər. Namizədlər uduzduqdan sonra ikinci dəfə eyni döyüşə girmirlər. Düşünürəm ki, bu cür siyasilər də Cəmil Həsənlinin xeyrinə namizədliklərin geri götürəcəklər. Amma digər namizədlər barəsində bunu deyə bilmərəm. Onlar hakimiyyətin niyyətlərini gerçəkləşdirmək üçün bu addımı atıblar. Hakimiyyətin addımlarını və əvvəlcədən nələrin baş verəcəyini proqnozlaşdırmaq olmaz. Çünki hər dəfə yeni sürprizlə üzləşirik. Hakimiyyət seçkinin irəli çəkilməsi, seçki müddətinin azadılması ilə bağlı Seçki Məcəlləsinə edilən dəyişikliklərlə çalışır ki, ölkədə normal seçki mühiti yaratmasın. Bu yaxınlarda YAP bəyanatla da çıxış etdi ki, Ilham Əliyevin xüsusi təbliğatla məşğul olmasına ehtiyac yoxdur. Çünki xalq onu kifayət qədər yaxşı tanıyır.

– Yeri gəlmişkən hakimiyyət təmsilçiləri bəyan edir ki, seçki kampaniyası dövründə Ilham Əliyev iş qrafikinə heç bir dəyişiklik etməyəcək və iqtidarın namizədi üçün, ümumiyyətlə, təbliğat kampaniyası aparmayacaq. Seçkidə iştirak edən namizədin bu cür addımın necə qiymətləndirmək olar?
– KIV-lərə yaxşı bəllidir ki, seçkinin saxtalaşdırılmasıyla bağlı ölkədə bütün mexanizmlər hazırdır. Hesab edirlər ki, əhalinin seçkiyə dəvət olunmasının əhəmiyyəti yoxdur. Çünki bu mexanizm elə qurulub ki, onun işləməsi üçün seçicilərin seçkiyə cəlb olunması gərək deyil. Ona görə Ilham Əliyev televiziyaya çıxan zaman xalqa müraciət edərək seçkiyə çağıracaq? Belə çağırış hakimiyyətə sərf etmir. Bütün mexanizm seçkinin saxtalaşdırılmasına yönəlib. Ona görə də hakimiyyət məhz bu cür seçki kampaniyasının onlar üçün əhəmiyyətsiz olduğunu bəyan edir və bunu utanmaz şəkildə elan edirlər.

– Dövlət başçısı Bərdəyə səfəri zamanı məmurlara növbəti xəbərdarlığını edib. Ilham Əliyev bir daha vurğulayıb ki, məmurların həyatı vətəndaşlar üçün nümunə olmalıdır və məmurlar sadə həyata üstünlük verməlidirlər. Bundan əvvəl də oxşar çağrışlar olmuşdu. Əvvəlki çağrışlardan fərqli olaraq bu dəfəki çağrış bir nəticə verə bilərmi?
– Bu, idarəçilik formasıdır. Ölkə rəhbəri məmurları bu vasitələrlə xəbərdarlıq edir. Ilham Əliyev əvvəl bəyan etmişdi ki, ad gününü qaçqınlarla keçirib. Bu cür çağırışlardan daha çox sərt addımlar atılmalıdır. Bəzi müsəlman ölkələrində bu yaxınlarda inqilab baş verən zaman Ilham Əliyev sərt şəkildə bəyanat verdi və bildirdi ki, Azərbaycanda korrupsiya elementləri aradan qaldırılmalıdır. Bu bəyanat iki ay ömür sürdü. Həmin müddətdə heç kəs rüşvət almadı və insanlar çox xoşbəxt yaşayırdılar. Prosedur qaydalar o qədər rüşvətsiz həyata keçirilirdi ki, mən düşünürdüm ki, bundan sonra insanlar rüşvət versələr belə məmurlar almayacaqlar. Amma məmurlara qarşı sərt addımlar atılsa və bunu ölkə başçısı istəsə, rüşvət almamaq halı daimi otruşa bilər. Amma bu, mövsümü xarakterli çağırışlardır.

“Aslan İsmayılova, Qurban Məmmədova qarşı bu cür münasibət yolverilməzdir”

 – Əgər hakimiyyət tərəfindən əvvəllər siyasi fəallar hədəf götürülürdüsə, indi hədəfə həmin siyasi fəalların hüquqlarını qoruyan şəxslər gəlir. Tanınmış vəkillər Qurban Məmmədov və Aslan Ismayılovla bağlı baş verənlər bunu sübut edir. Bu yürüdülən siyasəti necə dəyərləndirirsiniz?
– Bu çox gülməli haldır. Həm Aslan Ismayılov, həm Qurban Məmmədova qarşı bu cür münasibət yolverilməzdir. Aslan Ismayılov ölkənin tanınmış vəkillərindən biridir. Bu ərəfədə ona qarşı törədilən hərəkətləri onun siyasi aktivliyi ilə izah edirəm. Qurban Məmmədova qarşı münasibət isə olduqca gülməlidir və Hacıbala Abutalıbov demişkən, analoqu olmayan faktdır. Yol-nəqliyyat hadisələrinə görə, xüsusilə az ağır xəsarətlə bağlı baş verən hadisə üzündən kiminsə həbsi mənim yadımda deyil. Mən beş il müstəntiq işləmişəm və ən çox apardığım işlər yol-nəqliyyat hadisələri ilə bağlı olub. Bu, hüquq müdafiəçilərinin susdurulmasına yönəlib. Yəqin ki, seçkiyə qədər bununla kifayətlənilməyəcək və növbəti qurbanlar da olacaq.

– Hazırda həbsdə olan siyasi məhbuslara təzyiq edərək onlardan hakimiyyətin lehinə bəyanatların alınması, onlara əfv ərizəsinin yazılması üçün təzyiqlər edilir. Bunu necə dəyərləndirirsiniz?
– Əli Insanova, Fərhad Əliyevə və başqa siyasi məhbuslara əfvlə bağlı ərizələrin imzalatdırılması, onların adından indiki dövlət başçısına dəstək müraciətlərinin alınıb, dərhal ictimaiyyətə çatdırılması ilk növbədə onların siyasi yükə malik olmasının göstəricisidir. Həmin şəxslərin məhz bu siyasi yükə görə həbs olunduğu bununla bir daha sübut olunur. Hakimiyyət bununla özünü ifşa edir. Hakimiyyət beş il öncə bu şəxslərin siyasi məhbus olmadığını iddia edirdisə, indiki addımları ilə bu insanların siyasi məhbus olduqlarını təsdiqləyir.

Xəyal

“Azadlıq” qəzeti

Comments are closed.