Milli Şuranın yaradılması ilə bağlı aparılan işlər intensivləşdikcə İctimai Palatanın buraxılacağı məsələsi gündəmə gəlir. Artıq bununla bağlı qurumun daxilində müzakirələr getdiyi də bildirilir.

İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) üzvü, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı Publika.Az-a açıqlamasında deyib ki, belə bir müzakirələr var. Lakin o hesab edir ki, İP-i işləyən orqan olduğu üçün buraxmaq olmaz: “Milli Şuranın yaradılmasına gəlincə, hesab edirəm ki, bu bizim istədiyimiz formada deyil. İstədiyimiz birlik modeli də alınmadı. Burda İP-in demək olar ki, başqa bir formasında danışıqlar gedir. Mən Milli Şuranı belə görürəm və hesab edirəm ki, böyük birliyə nail olmaq uğrunda Milli Şuranın yaradılması üçün sərf etdiyimi çabalarımız baş tutmadı. İndi Milli Şura hansı formada fəaliyyət göstərəcəyini özü bilər. Amma hər-halda İP özünü sübut etmiş, işləmiş qurum idi. Bundan sonra İP-in fəaliyyəti dondurulacaq, Milli Şuraya paralel işləyəcək, yoxsa şuranın instrumenti olacaq, yəqin ki, bu müzakirələrdə həllini tapacaq”.
İP KŞ üzvü qurumun daxilində Milli Şura üzündən fikir ayrılıqların olduğunu da təsdiqləyib. Bildirib ki, Milli Şura Müsavat, AXCP və “El” hərəkatının prezident seçkiləri ilə bağlı alyansıdır. R.Manaflı onu da qeyd edib ki, “El” hərəkatı yaranma prosesində olsa da, bu danışıqlarda iştirak edir.

“Əlbəttə, müəyyən narazılıqlar var. Amma vətəndaş cəmiyyəti nümayəndələri var ki, onlar siyasi həyatın mərkəzində olmaq istəyirlər. Təbii ki, onları dəvət edən qüvvə olmadan iştirak edə bilməzlər. Əgər siyasi həyatın mərkəzində olmaq istəkləri təmin olunursa. Daha nə narazılıq olmalıdır? Mən danışıqlar prosesində iştirak etmirəm, ona görə də dəqiq deyə bilmərəm. Yəqin ki, Milli Şuraya vətəndaş cəmiyyətinin üzdə olan, razılıq verən nümayəndələri, həmçinin ziyalılar dəvət olunacaq”-deyə İP KŞ üzvü diqqətə çatdırıb.
Narazılıqların səbəbinə gəlincə, R.Manaflı hesab edir ki, danışıqların formatı düzgün deyil: “Danışıqlar prosesində iştirak etməsəm də reallığı götürüb nəticə çıxarıram ki, bu, insanların gözləntisi olan birlik formasında olmayacaq. Artıq bir çox real qüvvələr orda iştirak etməyəcəklərini deyiblər”.

VHP-nin şurada təmsil olunmasına gəlincə, R.Manaflı qeyd edib ki, bu formada təmsil olunmaq istəmirlər. Onun sözlərinə görə, birincisi dəvət olunmayıblar, ikincisi, hətta dəvət olunsaydılar belə, yenə getməzdilər.

“Düşünürəm ki, Milli Şura böyük birlik formasında yaradılmayacağı üçün, İP-in formatını dəyişməyə ehtiyac yox idi. Bizi dəvət etməyiblər, amma Milli Şuranın özü bizim istədiyimiz formada deyil. Partiyamız yaxın günlərdə bununla bağlı konkret mövqeyini açıqlayacaq”-deyə VHP rəsmisi diqqətə çatdırıb.

Comments are closed.