Sabiq istiqlalçı deputat, tanınmış ictimai-siyasi xadim İbrahim İbrahimli Naxçıvanda döyülərək təhqir edilib. İştirak etdiyi yas mərasimində bir dəstə şəxsin təhqiredici hücumuna məruz qalan İ.ibrahimli bu haqda özü mətbuata məlumat verib. Qeyd edək ki, hadisə eks-deputatın bacısı oğlunun yas mərasimində baş verib.

Özlərini MTN və polis əməkdaşı kimi təqdim edən dörd nəfər şəsx İ.İbrahimlini şəhər kənarına apararaq onu təhqir edib və bədəninə ciddi xəsarət yetiriblər. Zərərçəkmiş işə hesab edir ki, baş verənlər onun siyasi fəaliyyəti, konkret olaraq müxalifətdəki mövqeyi ilə bağlıdır. Hadisəyə münasibət bildirən millət vəkilləri yaşanan olayı biabırçılıq adlandırıblar.

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP)  sədri, millət vəkili Sabir Rüstəmxanlı insanların bu şəkildə təhqir olunmasının yolverilməz olduğunu deyir: “İ.İbrahimli sıradan bir adam deyil. Respublikada kifayət qədər tanına bir ziyalı şəxsdir. Vaxtilə mən Mətbuat və İnformasiya naziri işlədiyim zaman o da Naxçıvanın mətbuat komitəsinin rəhbəri vəzifəsində çalışıb. Dövlət strukturlarında müxtəlif vəzifələrdə işləyib. Eyni zaman da da millət vəkili olub. İndi də ictimai həyatda kifayət qədər rol oynayan şəxsiyyətdir. Bütün bunların hamısını qoyaq bir kəanara. Lap tutaq ki, sıravi vətəndaşdır, ora qohumunun yas mərasiminə gedib. Bu millətin öz adət-ənənəsi, əxlaqi keyfiyyətləri var. Hüzr yerinə gəlmiş bir adama niyə əl qaldırmalıdır? Hansı səbəbə görə, o, təhqir olunmalıdır? Utanverici hadisəni qətiyyətlə pisləyirəm. Biz, ölkədə demokratik cəmiyyət qurmaq istəyirik. Ancaq belə olaylarla demokratik cəmiyyəti necə qurmaq olar? Hər kəs özünə bir sual versin”.

Deputat qeyd edir ki, “heç bir şəxs siyasi görüşünə və fikir ayrılığına görə döyülməməli, şantaj edilməməlidir. Dövlətimizin qanunlarına görə, istənilən şəxs azad fikrini ifadə etməkdə və siyasi yolunu müəyyənləşdirməkdə sərbəstdir. Hətta hər hansı insan öz siyasi baxışlarını ifadə etməyə getsə belə, bu cür davranışla üzləşməməlidir”.         

Comments are closed.