Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Abşeron rayon təşkilatının sədri, Masazır bələdiyyəsinin üzvü Niyaz Qubadov ötən həftə polis tərəfindən saxlanılıb. İyunun 3-də axşam saatlarında polis əməkdaşları N.Qubadovun evinə gəlib və axtarış keçirəcəklərini deyib, N.Qubadov isə polisdən məhkəmə ordeninin olub-olmadığını soruşub. 
   
   Və bu zaman mübahisə yaranıb. Daha sonra o, rayon polis şöbəsinə aparılıb və haqqında məhkəmə tərəfindən 10 gün müddətinə həbs-qətimkan tədbiri seçilib. Belə ki, N.Qubadov Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə başlanmış cinayət işi əsasında saxlanılıb. Məsələ ilə bağlı “Şərq”ə açıqlama verən VHP sədri Sabir Rüstəmxanlı deyib ki, bu məsələni Rayon Polis Şöbəsinin bu qədər şişirtməsi düzgün deyil. Onlar işi bu yerə gətirib çıxartmaya bilərdilər. Çünki N.Qubadov Abşeron rayon təşkilatının sədridir. Və həm sədr, həm də işçi kimi kollektivdə hər kəs ondan razıdır. Sadəcə məişət zəminində qonşular arasında mübahisə düşüb və polis də hadisəyə müdaxilə edib. Və müdaxilə də bir az kobud şəkildə olub. Əgər normal tərzdə münasibət göstərilsəydi, bu iş də bu qədər böyüməzdi. S.Rüstəmxanlı deyib ki, hadisənin bu qədər böyüməsinin səbəbi polis işçilərinin mədəni səviyyəsinin aşağı olmasından irəli gəlir: “Həmin hadisə ilə bağlı məhkəmə prosesinə getdim. Həmin vaxt da məhkəmə binasının qarşısında bir neçə polis işçisi dayanmışdı. Siqareti adamın üzünə elə üfürürlər ki, o dəqiqə səviyyələrinin aşağı olduğu görünür. Heç olmasa, döşümdəki deputat nişanına görə də özlərini yığışdırmadılar. Ona görə də özlərini aparmaqlarından onların adi vətəndaşla necə davrandıqlarını təsəvvür etmək o qədər də çətin deyil”. Qeyd edək ki, S.Rüstəmxanlı Niyaz Qubadovun qohumu olması ilə bağlı yayılan məlumatların əsassız olduğunu deyib: “N.Qubadov mənim qohumum deyil. Sadəcə, o da mənim kimi Yardımlı rayonundandır”.


Şərq qəzeti

Comments are closed.