Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Gənclər Təşkilatına yeni sədr seçilib – Pünhan İmamlı. 1989-cu ildə Şəkidə anadan olan Pünhan İmamlı Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində oxuyur. Aprelin 10-da Pünhan İmamlı “Media forum” saytının suallarını cavablandırıb.

– VHP Gənclər Təşkilatına sədr seçilməyiniz kimin təşəbbüsü ilə baş tutdu: özünüzün, təşkilat üzvlərinin, yoxsa partiya rəhbərliyinin?

– 2011-ci ilin fevralından VHP Gənclər Təşkilatının üzvüyəm. Bu müddətdə təşkilat sədrinin müavini vəzifəsini icra etmişəm. Çalışdığım müddətdə təşkilatın keçirdiyi bütün tədbirlərin, o cümlədən aksiyaların təşkilində fəal iştirak etmişəm. Dostlarımın təşəbbüsü ilə sədrliyə namizədliyimi verdim və təşkilat üzvlərinin etimadı nəticəsində seçildim. Mənim seçilməyimdə partiya rəhbərliyinin hər hansı rolunun olduğunu düşünmürəm.

– VHP Gənclər Təşkilatı Azərbaycanın digər gənclər təşkilatlarından əsasən nə ilə fərqlənir?

– Geniş imkanlarına görə. Bizim qərargahımız var. Rahat fəaliyyət göstərə bilmək üçün əsas şərtlərdən biri ofisdir. Qərargahımızın qapısı Azərbaycanda fəaliyyət göstərən və maliyyə çətinliyi səbəbindən ofisi olmayan digər gənclər təşkilatlarının üzünə həmişə açıqdır və onlar öz tədbirlərini rahatlıqla burada keçirə bilirlər.

Digər məsələlərdə VHP Gənclər Təşkilatı ilə başqa qurumların arasında elə də fərq görmürəm. Bütün gənclər təşkilatları kimi biz də Azərbaycanda tezliklə müsbət dəyişikliklərin olmasının tərəfdarıyıq, ədalətsizliklərin, hüquq pozuntularının qarşısının alınmasını istəyirik, siyasi baxışına görə həbs olunanların azadlığa buraxılmasını tələb edirik. Fəaliyyətimizin əsas istiqamətləri bunlardır.

– Bir sədr kimi hansı planlarınız var? Bura təşkilatınızdakı yeniliklər, digər partiyaların gənclər təşkilatları ilə birgə fəaliyyət də aiddir…

– Bir neçə gənclər təşkilatının birlikdə fəaliyyət göstərdiyi Gənclərin Hüquqlarını Müdafiə Komitəsi var. Heç bir təşkilat təklikdə mübarizə aparıb böyük uğurlara nail ola bilməz. Birlikdə fəaliyyətin gücünü gənclərin 17 mart aksiyasında hamı gördü. Biz birlikdə güclüyük. Odur ki, sədrliyim dövründə əsas fəaliyyət planımızı digər gənclər təşkilatları ilə birgə quracağıq.

– Təşkilat olaraq gənclərin ictimai-siyasi fəaliyyətinə nə kimi yeniliklər təqdim edə bilərsiniz? Günümüzdə hansı mübarizə metodlarını daha keçərli və effektiv hesab edirsiniz? Məsələn, dinc aksiya metodları, flaşmob və sair.

– Təbii ki, VHP Gənclər Təşkilatı olaraq özümüzün tək təşkil etdiyimiz tədbirlər var, aksiyalar da olacaq. VHP Gənclər Təşkilatı yeni metodlara – dinc aksiyalara, flaşmoblara, virtual aksiyalara üstünlük verəcək. Təşkil etdiyimiz aksiyalarda, flaşmoblarda yeniliyə, kreativliyə xüsusi önəm verəcəyik.

– VHP sədri Sabir Rüstəmxanlı həm də Dünya Azərbaycanlıları Konqresinin həmsədridir. Bu, VHP Gənclər Təşkilatının fəaliyyətinə təsir göstərirmi? Təşkilatınızın fəaliyyət prioritetləri içərisində Güney Azərbaycan məsələsi, güneyli gənclərlə əməkdaşlıq məsələləri də yer tuturmu?

– VHP Gənclər Təşkilatı həm partiyanın nizamnaməsinə, həm də gənclər təşkilatının əsasnaməsinə uyğun olaraq fəaliyyət göstərir. Sabir Rüstəmxanlının həm də Dünya Azərbaycanlıları Konqresinin həmsədri olması bizim təşkilatın fəaliyyətinə heç bir təsir göstərmir. Dünya Azərbaycanlıları Konqresi başqa təşkilatdır və bizim onlarla heç bir əlaqəmiz yoxdur. Güneyli gənclərlə əməkdaşlıq məsələlərinə gəldikdə isə VHP Gənclər Təşkilatı həm Güneydə, həm də digər yerlərdə yaşayan azərbaycanlı gənclərlə sıx əlaqədədir.

“Media forum”

Comments are closed.