Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Dünya Azərbaycanlıları Konqresinin həmsədri, millət vəkili Sabir Rüstəmxanlı ötən ilin sonunda İstanbulda cərrahi əməliyyat keçirib. S.Rüstəmxanlı ölkə xaricində ikən rəhbəri olduğu partiyanın adından onun mühafizəsinin təşkili ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edilib. Bəs, millət vəkilinin sağlıq durumu hazırda necədir? Onun həyatı üçün real təhlükə varmı? Bu və digər suallarımızı dünən S.Rüstəmxanlının özünə ünvanladıq.

– Sabir bəy, hazırda özünüzü necə hiss edirsiniz?

– Səhhətimdə yaranmış problem iş prosesi ilə bağlı idi. İşimin böyük hissəsi oturaq şəraitdə olduğundan bel nahiyəmdə ağrılar baş qaldırmışdı. Bu ağrılar ayağıma vurmuşdu və çətinliklə yeriyirdim. Dekabrın 19-da İstanbuldakı xəstəxanaların birində bel nahiyəmdə qısamüddətli, kiçik cərrahi əməliyyat keçirildi. Artıq hər şey arxada qalıb və indi özümü yaxşı hiss edirəm. Yanvarın 7-dən işə çıxıram.

– Ölkədə olmadığınız müddətdə VHP rəhbərliyi İran səfirliyinin Sizi hədəf götürdüyü açıqlamanı əsas gətirərək DİN-ə müraciət etmişdi. Həyatınıza real təhlükə hiss edirsinizmi?

– Doğrusu, bu müraciət mənim təşəbbüsümlə edilməyib. Çünki mən daim belə məsələlərə həm laqeyd olmuşam, həm də qeyri-ciddi yanaşmışam. 1988-ci ildən bəri ictimai-siyasi proseslər burulğanındayam. Başıma gələn və gələ biləcək hər hansı hadisəyə də tale kimi yanaşıram. Hərənin bir taleyi var. İndiyədək buna bənzər hadisələrin heç birində narahatlıq keçirməmişəm və heç vaxt hansısa quruma müraciət etməmişəm. İki-üç il öncə Nardaran kəndində keçirilən bir aksiyada da məni təhdid edən fikirlər səslənmişdi. O vaxt da dostlar, əqidədaşlar narahatlıq keçirmişdilər. Amma mən həmin vaxt da əleyhimə edilən çıxışları indiki kimi çox sakit qarşılamışdım. Buna baxmayaraq mən ölkədə olmayanda partiya rəhbərliyi DİN-ə müraciət edib, deyəsən, Bakı Şəhər Baş Polis İdarəsindən də müraciət müəlliflərini axtarıblar, nələrləsə maraqlanıbar. Bununla da məsələ bitib. Yanvarın 7-də partiya qərargahında olarkən əqidədaşlarım bu barədə sanki qarşıda məni gözləyən çox ciddi təhlükə varmış kimi danışırdılar. Amma mən bu təhlükəni görmürəm. Görsəm də güman edirəm ki, başımıza gələ biləcək hadisələr bizim iradəmizdən asılı deyil. Əgər kiminsə pis niyyəti varsa, onu hansı yolla olur, olsun həyata keçirəcək. Ona görə də bu məsələ məni qətiyyən narahat etmir.

– Görünür, Siz hiss etməsəniz, yaxud əhəmiyyət verməsəniz də, partiyadaşlarınız həyatınız üçün təhlükə hiss ediblər…

– Hər halda İran mətbuatında ünvanıma səslənən təhdidlər, açıqlanan mövqelər, buradakı səfirliyin yaydığı əsası olmayan qeyzli bəyanat, eyni zamanda qonşu ölkənin ona qarşı çıxış edən ayrı-ayrı şəxslərə münasibətdə artıq beynəlxalq aləmə bəlli yanaşma üsulu belə bir müraciətin edilməsinə əsas verib. Ancaq şəxsən mən ciddi narahatlıq keçirmirəm və o fikirdəyəm ki, bütün bunlar İran rəsmiləri ilə bizim aramızda söz səviyyəsində olan qarşıdurmadır. İllər uzunu bu cür davam edib, yəqin ki, bundan sonra da belə davam edəcək.

Bu gün İran İslam dünyasında özünü ərköyün uşaq kimi aparır, hara istəyir əl uzadır, hansı məsələyə istəyir qarışır. İran özü hər cür silah istehsalı ilə məşğul olsa da, Türkiyənin öz təhlükəsizliyini qorumaq üçün hətta kənardan alınma müdafiə silahlarına belə etiraz edir. Azərbaycan gənc müstəqil dövlətdir. Öz gələcəyi, təhlükəsizliyi, təbii ehtiyatlarının istifadəsi, iqtisadi inkişafı, başqa ölkələrlə münasibətləri ilə bağlı müəyyən addımlar atır. Ancaq İran həmin an bunu böyük hay-küylə qarşılayır. Bunlar deyirlər, bütün ətraf qonşular mənfi olsun, biz müsbət olaq. Rəsmi Tehranın apardığı assimilyasiya siyasəti azərbaycanlıların beynində, milli şüurunda, yaşam tərzində, danışığında, dünyaya baxışında artıq çox ağır iz buraxıb. İndi istəyirlər ki, bunu Quzey Azərbaycana adladsınlar və bir millət kimi Azərbaycan türklərini, ardınca isə bütün türk dünyasını yer üzündən silsinlər. Çünki Firdovsinin “Şahnamə”sindən başlayaraq min ildir ki, dünyada bir İran-Turan qarşıdurması var. Bunlar Turanı yer üzündən silməyə çalışırlar ki, dünyada bir İran qalsın.

– Diaspor fəaliyyəti ilə əlaqədar tez-tez Avropa ölkələrində səfərlərdə olursunuz. Bu ölkələrdə Sizə qarşı hər hansı addımın atılmasını mümkün sayırsınızmı?

– Hər şey ola bilər. Amma mən o ölkələrdə təbii ki, dostlarımın əhatəsində oluram. Yəni, bu o qədər də asan məsələ deyil. Çünki mənim kifayət qədər geniş çevrəm, ətrafım və məni qoruyan insanlar var. Mən mühafizəmlə xüsusi məşğul olmasam da, şübhəsiz ki, yerdən də çıxmamışıq.

– Diaspor məsələlərindən söz düşmüşkən bir məqamı qeyd etmək istərdik. Bəzən belə fikirlər səslənir ki, güney və quzey azərbaycanlılar arasında Azərbaycanın ən ümdə probleminin nədən ibarət olmasına dair fikir ayrılıqları var. Hətta diaspor işi ilə məşğul olan şəxslər də qeyri-rəsmi söhbətləri zamanı etiraf edirlər ki, quzey azərbaycanlılar ən ümdə problem kimi Dağlıq Qarabağın, güneylilər isə Güney Azərbaycanın azadlığı məsələsini görürlər. Bu isə müzakirələrin, bütövlükdə ümumi işin gedişinə pis təsir göstərir…

– Bu məsələlərdə heç bir fikir ayrılığı yoxdur. Bunlar sadəcə işi bilməyənlərin söz-söhbətləridir. Qarabağ məsələsi bütün güneylilərin əsas dərdlərindən, problemlərindən biridir. Bilirsiniz ki, Qarabağ savaşı zamanı güneydən gəlib bu savaşa qatılanlar da olub. Eyni zamanda Güney Azərbaycanın azadlığı da bizim ümumi problemimizdir. Bunları hansı problem birinci, hansı problem ikincidir deyə nə növbəyə, sıraya düzən var, nə də tərəfkeşlik və bu məsələləri qarşı-qarşıya qoymaq cəhdi var. Belə bir şey heç vaxt olmayıb. DAK-ın bütün qurultay və toplantılarında da bu məsələlər yanaşı müzakirə olunub. Xaricdəki digər diaspor təşkilatlarında da məsələyə bu kontekstdə yanaşılır. İndiyədək bu məsələdə heç vaxt problem yaşanmayıb və bundan sonra yaşanılacağı da gözlənilmir.

– Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri Mahmudəli Çöhrəqanlının Azərbaycana səfər edə bilməsi üçün noyabrın əvvəllərində dövlət başçısına müraciət etmişdiniz. Bu istiqamətdə nə yenilik var?

– Bəli, belə bir müraciət etmişdim. Amma sonra nəticəsi ilə maraqlanmaq imkanım olmadı. Çünki təxminən iki aya yaxın – əvvəlcə Azərbaycanda, sonra isə Türkiyədə müalicə olundum. Fəal işləmək imkanım yox idi, hərəkətim məhdudlaşmışdı. Ona görə də etdiyim müraciətin nəticəsi ilə maraqlana bilməmişəm. Ancaq hər halda maraqlanacam. Bu günlərdə Mahmudəli bəylə Türkiyənin “Bengü Türk” televiziya kanalında birlikdə saat yarımlıq bir proqramın qonağı olduq. Mən canlı şəkildə, Mahmudəli bəy isə skaypla verilişdə iştirak etdi. Bu ay bizim Avropa ölkələrinin birində görüşümüz olacaq. O görüşə Mahmudəli bəy də xüsusi olaraq dəvət olunub. İnşallah, orada görüşəcəyik. Sonrakı mərhələdə Azərbaycandakı tədbirlərimizə də dəvət edəcəyik.

– Belə başa düşdük ki, Avropadakı görüşünüz hansısa tədbir çərçivəsində olacaq…

– Bəli, bizim görüşümüz DAK-ın İdarə Heyətinin və fəallarının toplantısı çərçivəsində baş tutacaq.

– Toplantı hansı ölkədə keçiriləcək?

– Bunu indidən açıqlamaq istəmirəm.

– Artıq seçki ilindəyik. Bir sıra partiyalar, məsələn, Müsavat Partiyası seçkidə iştirak edəcəyi namizədini müəyyənləşdirib. VHP seçkidə hansı formada iştirak etməyi düşünür?

– Hələlik partiyanın siyasi şurasında seçkidə nə cür iştirak etməklə bağlı müzakirələrimiz olmayıb. Ona görə indidən bu istiqamətdə fikir yürütməyə çətinlik çəkirəm. Amma hər bir halda partiya seçkilərlə bağlı öz mövqeyini bildirəcək.

– Bu mövqe Sizin namizədliyinizin irəli sürülməsindən ibarət ola bilərmi?

– Mənim nə sağlamlıq, nə digər fiziki parametrlər, nə iş, fəaliyyət enerjisi, gücü və illər uzunu yığılmış problemləri həll etmək iradəsi baxımından heç bir sorunum, heç bir problemim yoxdur. Amma mən bu məsələlərə bir qədər real yanaşıram və ölkədəki qüvvələr nisbətini daim nəzərə alıram. Mən bu məsələlərə izafi güc sərf etməyin tərəfdarı deyiləm. Çünki elə məsələlər var ki, istəyib istəməməyimizdən, xoşumuza gəlib gəlməməyindən asılı olmayaraq o məsələlərlə hesablaşmaq məcburiyyətindəyik. Mən xüsusən əlavə konfliktlər və əlavə hansısa xüsusi mübarizə meydanları, əlavə ziddiyyətlər yaratmadan gələcəyə yönəlmiş məsələlərdə, bəlkə bu gün üçün deyil, gələcək üçün addımların atılmasının tərəfdarıyam. Ona görə də hələlik bu məsələlər müzakirə olunmayıb. Biz müxalifət partiyasıyıq və indiki hakimiyyət strukturlarının apardığı işlərlə razı deyilik. Bununla bağlı münasibətlərimizi ardıcıl olaraq həm mətbuatda, həm də Milli Məclisdəki müzakirələrdə bildiririk. Bu, göz önündədir. Amma seçki daha mürəkkəb və böyük vəsait, böyük güc, çoxlu vaxt, təkcə bir neçə partiyanın deyil, küll halında cəmiyyətin və bütün xalqın dəstəyini tələb edən bir prosesdir. Təəssüf ki, bu məsələdə güclər bizdən asılı olmadan çox parçalanıb. Bu parçalanma şəraitində kimin daha çox real imkanının olduğu, hansı arqumentlərin burada ciddi rol oynayacağı və digər bütün məsələləri müzakirə edəcəyik və sonda öz qərarımızı verəcəyik.

– Bəs bütövlükdə müxalifət üçün seçki ilini nə cür dəyərləndirirsiniz?

– Bilirsiniz, iqtidarı bəyənməmək, onu ittiham etmək, nöqsanlarını, səhvlərini ortaya qoymaq işin bir mərhələsidir və az qala hamı bununla məşğuldur. Ən ucqar bir kəndə də getsəniz, hansısa işin düzgün olmadığını deyən kimsə tapılacaq. Amma qeyd etdiyim kimi, bu, işin bir mərhələsidir və bu iş görülür. Eyni zamanda işin digər mərhələsi bu işləri bəyənməyən və tənqid edən qüvvələrin – hərçənd ki, mən bunu normal qəbul edirəm və özüm də onlardan biriyəm – ortaya öz gücünü, imkanlarını, bu problemləri həll etmək yollarını qoyub və xalqı buna inandırmaq bacarığından ibarətdir. Həmin bu ikinci mərhələ zəifdir və müxalifətin yaxın vaxtlarda xalqın ciddi etimadını qazanması da təəssüf ki, mənə real görünmür. Məncə, ən böyük problem budur.

– Aznews.az saytında bu günlərdə reallaşan baş redaktor dəyişikliyindən sonra mətbuatda Sizin bu saytı satın almağınızla bağlı məlumat yayılıb. Bu məlumat nə dərəcədə həqiqətəuyğundur?

– Vallah, xəbərim yoxdur. Mətbuatda mənimlə bağlı çox şeylər gedir. O qədər hədyanlar, yalanlar eşitmişəm… Çox təəssüf ki, mən artıq buna öyrəşmişəm. Bəzən mən özümlə bağlı bəzi fikirləri oxuyub heyrətə gəlirəm. İndi bu da həmin silsilədən, təxəyyül məhsulu olan yazılardan biridir. Bəlkə mənim bacım oğlu başqa bir yerdə işlədi, onda da yazacaqlar ki, o yer Sabir Rüstəmxanlınındır? Mənim qohumlarım arasında dövlət idarəsində işləyəni yoxdur. Məcbur olub, QHT-lərdə, digər yerlərdə çalışanlar var. Belə çıxır ki, hardan mənim bir qohumumun səsi gəlsə o yer mənimdir? Hər halda Elçin istedadlı jurnalistlərdən biridir. Bu sayt da onun özünün çalışdığı yerdir və mənə aidiyyatı yoxdur.

– Elçin Zahiroğlu bacınız oğludur?

– Bəli, bacım oğludur.

Səxavət Həmid

Comments are closed.