Anar MAHMUDOĞLU

Onu çox gözəl tanıyırsınız – şairdi, nasirdi, millət vəkilidi… Inanılmaz dərəcədə demokratdı, ipək kimi yumşaqdı, sözgötürəndi; Incimir, ürəyində kin yaşatmır, ona ən çox pislik edəni də, haqqında ağzına və ağlına gələni danışanı da qısa sürədən sonra bağışlaya bilir (mən bağışlamazdım!);

Hamıya eyni gözlə baxır, ən ziddiyyətli adamlarla da dil tapmağı bacarır;
Hər kəsə milli sərvət kimi yanaşır (məncə, düz eləmir – oğruyla doğruya fərq qoymaq lazımdır axı!);

Kimsənin xətrinə dəymir – ən ciddi iradını deyəndə də öz səviyyəsini saxlayır, aqressiya göstərmir, ürək qırmır (təki mən də belə olaydım!)…Amma… bu görünənlərdən başqa görünməyənlər də; bu bilinənlərdən başqa bilinməyənlər də var!Onu gözəl tanıya bilərsiniz, amma yaxşı tanımaq, bilmək və anlamaq çətindir!Lap təzə söhbətdi. Başına yığışmışdıq, nəyisə müzakirə edirdik. Hansısa rayondan bir cavan oğlanın qəbulda gözlədiyi xəbərini verdilər; “Gözlətməyin, gəlsin” – dedi.

Içəri 30-35 yaşlarında yaşamaq, mövcud olmaq üçün həyatla ölüm-dirim savaşının üzündə vaxtsız şırımlar açdığı arıq bir oğlan girdi. Əlində telefon nömrəsi vardı – “hansısa rayonda” yol çəkilişini aparan bir şirkətin yüzlərlə iş icraçısından birinin, həm də türkiyəlinin, nömrəsiydi. Söhbətdən belə məlum oldu ki, az öncə yanında olubmuş, geri qayıtmaqda məqsədi zəng etdirmək, özünü tapşırtmaq, fəhlə işinə (!) düzəlmək idi.Telefona əl atanda “türkiyəli birdən tanımaz, kobudluq edər, ayıb olar” narahatlığı ilə müdaxilə etdim, “bu xırda şeylər sizlik deyil” dedim, “tapşırmaq məsuliyyətini” öz üstümüzə çəkdim – təbii ki, onun adıyla.

Beş dəqiqədən sonra işi düzələn adamın üz-gözündən tökülən sevinc hamımıza təsir etmişdi – fəhlə düzəlmək üçün insanın bu ölkədə haralara qədər gedib çıxmasını da, fəhlə düzəlmək üçün hansısa iş icraçısına xahiş etməyə məcbur olan millət vəkilini də həmin an müşahidə etmək xoş deyildi…Hələ bu harasıdı ki? Mən bu on ildə yaşayış haqda arayış ala bilmədiyi üçün onu MIS-ə aparan şəhid ailəsini də gördüm, “tez mənə zəng elə” deyib telefonu qapadan, təkrar zəngə, “müəllim, filankəsəm, Qarabağ əlili, tanıyırsan”la özünü “xatırladan” şəxsin “mənə təcili kontur al, mesajla göndər” deməsini də. Kim desəydi, inanmazdım – amma mən bunların şahidiyəm axı; bu əlil qardaşımıza mən kontur göndərmişəm, axı!Yüzdü, mindi yaddaşa ilişib qalan belə hadisələr…

Ən dar məqamlarda üz tutulan qapılardan biridir Sabir Rüstəmxanlı qapısı. Adam – hamının əl atanda əli çatdığı, ünü yetdiyi, xırda məişət qayğılarına qatdığı, ən azı dərdini dediyi; nəsə qoparmaq istədiyi, böyüklüyündən çəkdiyi, xərcləmək istədiyi; bir çoxlarının kölgəsini qılınclaya-qılınclaya kölgəsinə sığındığı bir kişidir; hər kəsin “BIZIM” saydığı, umduğu, güvəndiyi, sevdiyi, küsdüyü, acıqlandığı bir yerdi Sabir Rüstəmxanlı!

Hərdən onun özünü xırdalayıb tanıdığı, tanımadığı yüzlərə, minlərə qəpik-qəpik xərcləməsindən əsəbiləşirəm. Yalnız bircə dəfə etirazımı bildirmişəm: “Tanımadığınız adamdan ötrü tanımadığınız xırdaca bir məmura niyə xahişə gedirsiniz”. “Xançalımızın qaşı düşməz” deyib. “Birdən düzəlməsə, sizi eşitməsə?”. “Gücümüz çatdığını edək, vicdanımız rahat olsun” – olub cavabı.

Görünür, Böyüklüyü sevinc kimidir – paylaşdıqca, xərcləndikcə çoxalır, artır, hamının olur; görünür, hələ ondan öyrənəcəyimiz çox şeylər var…Həmişə düşünmüşəm ki, arzusuna çatmış adamdır – bütün şüurlu həyatını Vətənin azadlığı, müstəqilliyi yoluna həsr edib də sonda bu müstəqilliyi nəinki görmək, həm də Müstəqillik Aktının müəlliflərindən olmaq çox böyük xoşbəxtlikdir. Amma…

Çox tez-tez düşünürəm ki, arzusu ürəyində qalıb onun – müsahibələrində özü də “biz müstəqil dövlətimizi belə təsəvvür etmirdik” deyir hərdən.Onu çoxları çox gözəl tanıya bilər; amma onu çox az adam yaxından tanıyır…

Sözə bu qədər açıq olan, sözdən bu qədər qorxmayan… sözü saatlarla sığallayan, üstündə əsən, bir yazıda gedən xırdaca hərf səhfini də özünə bağışlamayan, gecə-gündüz sözlə əlləşib özünü zərrə-zərrə sözə çevirən az, lap az adamlarımızdan biridir Sabir Rüstəmxanlı. Köşənin imkanları azdı yaxından tanıdığım Sabir Rüstəmxanlını tanıtmaq üçün. Ona görə, bir günə ağlasığmaz işləri sığdıran bu adam haqda məcburam, düşündüklərimin içindən bircə cümlə seçəm ki:
Sabir Rüstəmxanlı – miqyası SÖZ boyda olan adamdır!

Bu gün – mayın 20-də Sabir Rüstəmxanlı ömür kitabının 65-ci səhifəsini çevirir. Hələ kitab heç yarı da olmayıb.Təbrik edirəm – Allah qorusun!

Comments are closed.