Hafiz Mirzə
www.hafizmirza.com 

65 yaşın zirvəsindən geriyə baxanda köks ötürmə, şair! Sən qocalmadın ki!

Son vaxtlar xoş söz, tərif və ya tərənnüm oxumağa maraq azalıb. Bu azalmada günah oxocuların deyil, filosof, din xadimi və yazarlarındır.Məkr, məqsəd və təmənna müqabilində sözü zorlayıb, onu aid olmadığı şəxsə ünvanlayaraq, kimlərisə o ki var tərifləmiş və ümumi nəticədə urvatdan salmışlar. Buna görə də hazırda tənqid qərəz, tərif isə mədhiyyə formasına keçib. Belə bir zamanda sanki yaxşı adamların, əsil kişilərin sayı çox az görünür. Amma onlar çoxdur, həmişə də çox olublar. Əmsal ya bərabər, ya da yaxşının tərəfinə yüksək olmalıdır. Əks təqdirdə dünyanın nizamı pozular! Mənfi əmsal yüksəldikdə cəmiyyətdə aşınma gedir və o ölkənin məhvinə səbəb olur. Həyatın ağırlığı təkcə iqtisadı qıtlıqla ölçülməz! Azərbaycan xalqı tarixinin bütün zamanlarında müsbət əmsalı yüksək olan xalq kimi tanınıb. Onun ümummilli ruhunu yüksəldən və müsbət enerjisini artıran insanlar çox olublar çünki. Bu insanların sayəsində ölkə tarixinin son onilliklərində ictimai-siyasi gərginlik xarici qüvvələr tərəfindən nə qədər yüksəldilsə də dağıdıcılıq, vətəndaş müharibəsi, qan düşmənçiliyi və separatizm tüğyan etmədi, hər yanı bürümədi, sağlam məntiqə qalib gəlmədi və ölkə özünün ağır məqamlarından üzüağ çıxa bildi. Xatırlayaq 1988-93-cü illər mitinqlərini, dövlət çevrilişi və itaətsizliyə cəhtləri,.. Heç bir halda vəziyyət öz çərçivəsindən çıxmırdı. Və indi, hətta Vətən torpağının bir hissəsi düşmən tapdağı altında qalmışsa da hamı bir-birinin gözünün içinə dik baxa bilir. İtirilmiş torpaqların qaytarılacağına inam o qədər böyükdür ki, bu ağrını kimsə milli şərəfin alçaldılması kimi qəbul etmir. Bu günə, dünənə və sabaha olan yüksək inam insanlarımızın həyat eşqini artırır və ölkənin yaşam səviyyəsi durmadan yüksəlir. 
Bütün bunlar heç də elə- belə ərsəyə gəlmir, bunlar qorunur və yaşadılır! Bu həyat fəlsəfəsinin formalaşmasında isə əsil ziyalıların xidməti çox böyükdür. Onların adicə siması, hətta foto-şəkli də çox söz deyir, sadə insanlar onları görməkdən, həmsöhbət olmaqdan, barəsində eşitməkdən məmnun qalırlar. Onları hamı tanıyır. Belə ziyalılardan və ön cərgədə gedənlərdən biri də Sabir Rüstəmxanlıdır! Onu xalq şairi, Milli Məclisin üzvü, sabiq Mətbuat və İnformasiya naziri, filoloq alim, Vətəndaş Həmrəyliyi Partiyasının və Dünya Azərbaycanlıları konqresinin sədri kimi təqdim etməyə ehtiyac qalmır. Bu ad artıq bütövlükdə “brendə” çevrilib – desək yanılmarıq. Belə böyük uğurlar isə heç asanlıqla, bir günün, beş günün içində qazanılmır! Buna əzablı ömür və nurlu iman sərf olunur!
May ayının 20-də Sabir Rüstəmxanlının 65 yaşı tamam olur. Əyani ünsiyyətimiz, heç bir yaxınlığımız, hətta üzbəüz bir kəlmə kəsdiyimiz də olmayıb. Amma sanki mən də Sabir Rüstəmxanlını hamı qədər çox yaxşı tanıyıram. Hətta onu da bilirəm ki, uzaq və ucqar Yardımlı rayonunun Hamarkənd köyündən çıxmış yeniyetmənin Bakıya gedərkən geriyə dönüb baxdığı yollar da sanki arxasıyca su atırdı. Bu gəncin naşı addımlarının önündə isə paytaxtı və bütövlükdə ölkəni fəth etmək gücü vardı. İnsanın ən böyük uğuru özünü təsdiq edə bilməsidir. Çoxlarına nəsib olmayan bir səadət üzünə güldü və Sabir Rüstəmxanlı həm şair, həm publisist, yazıçı, siyasətçı və millətçi olaraq Bakıda özünü təsdiq edə bildi. Amma ən başlıcası, Sabir Rüstəmxanlı özünü bir vətəndaş kimi təsdiq etdi. Azərbaycanın bir böyük Sabiri vardı; Mirzə Ələkbər Sabir! Daha biri oldu: Sabir Rüstəmxanlı! 
Sabir Rüstəmxanlı adı ilə ilk dəfə rastlaşarkən onda SSRİ adlı böyük və möhtəşəm bir imperiyanın vətəndaşları idik və ölkədə Baykal-Amur Magistralı inşa olunurdu. Böyük təbliğat və entuziazm dövründə bir gənc şairin misraları ilə tanışlıq məni diksindirdi. Bunlar nəsə başqa havalar çalırdı. Mənə hələ naməlum olan bu şairin şeirlərində hamının yaxşı bildiyi, amma heç də bütün şairlərin dilə gətirmədiyi incə mətləblər ifadə olunurdu. Mən onun poeziyası ilə daha dərindən maraqlandım və Vyetnam xalqının mübarizəsini əks etdirən “Bütövlük” adlı poeması ilə də tanış oldum. Bu poemada Vyetnama aid olan çox az şey vardı.Buradakı fikirlər əslində ikiyə bölünmüş Azərbaycana aid idi. Bəxtiyar Vahabzadənin gizlicə və xəlvət əllərdə gəzən “Gülüstan” poemasını da təzəcə oxumuşdum! İlk dəfə onda şairlərin necə böyük və qüdrətli şəxsiyyət olduğunu dərk etdim! Onlar siyasətçılərin, tarixçılərin, filosofların, hətta yazıçıların da deyə bilmədiyi həqiqətləri min bir forma və metod taparaq etiraf edir, unudulmağa qoymur, sanki üstünü kül basmış ocağı püləyib alovlandırır, üzərinə odun atırdılar. Sönra mən Sabirin “Ömür kitabı” adlı əsərini əldə elədim. Çox oxunmaqdan və əllərdə gəzməkdən kitabın üzqabığı süzülmüşdü. Etiraf edim ki, “Ömür kitabı” içi mən qarışıq, onu oxuyanların ictimai təfəkküründə böyük oyanışa, intibaha səbəb oldu. Bəlkə də bu kitab olmasaydı Şimalı Azərbaycanı bir neçə il sonra – 1988-ci ildə gözləyən böyük fəlakət zamanı xalqın heç cınqırı da çıxmayacaq və respublikanın “DQMV” adlı bir hissəsi sakitcə Ermənistana birləşdiriləcəkdi. Sonra Naxçıvan, ardından Aran Qarabağ və əlvida digər ərazilər! Heç bir siyasi mərkəzi, gizli təşkilatı, dissident hərəkatı olmayan bir kiçik respublika birdən birə elə kükrədi ki, böyük Sovetlər İmperiyası lərzəyə gəldi. Kim deyirsə ki, SSRİ özü-özünə dğıldı və bu dağılma labüd idi – səhv edir! SSRİ məhz Azərbaycan xalqının dirənişi nəticəsində lərzəyə gəldi. Sonrakı proseslər artıq labüd idi. Bu dirəniş isə oxuduğumuz kitablardan formalaşmışdı. Bakıda inqilab rəhbəri V.İ.Leninin adına daşıyan mərkəzi meydana yaranışından bəri heç vaxt bir milyon nəfər toplaşmamışdı. Amma torpaqların müdafiəsi uğrunda imperiyaya etiraz etmək üçün ayağa qalxmış Azərbaycan gəncliyi bu meydanda bir milyon sayını da keçdi. Onların arasında “Ömür kitabı”nı oxumayan dost-tanış görmədim. Sabir Rüstəmxanlı tribunada mikrafon arxasına keçərkən hamı söhbətinə ara verir və əsil ziyalı sözünə diqqət kəsilirdi. Xalq ilk dəfə özünün əsil milli qəhrəmanlarını onun nitqini dinləyərək daha yaxından tanımağa başlayırdı. Sonralar qəhrəmanlıq simvoluna çevriləcək Gəncə hakimi Cavad xanı da xalqa yenidən məhz Cabir Rüstəmxanlı tanıtdı. Cavad xan rus imperiyasına qarşı rəşadət göstərmiş Azərbaycan xanlarının bayraqdarına çevrildi. Sabir bəy kimi öz xalqını, ölkəsini, türk dünyasını sevən bir şəxs Milli-azadlıq hərəkatının bayraqdarı olmalı, öndə getməli idi! O, bu hərəkatın öncüllərindən və siyasi mübarizə təşkilatı olan Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri oldu. Sabir Rüstəmxanlı filologiya üzrə ali təhsili fərqlənmə diplomu ilə başa vurdu, sonra daha çox “Ədəbiyyat və incəsənət” qəzetində çalışdı. Publisistika ondan kənar deyildi və içində şairliyi ilə yanaşı addımlayırdı. Xalqın siyasi mübarizə illərində bu publisistika özünün zirvəsinə qalxmalı idi! 1989-cu ildə o, Azərbaycanda ilk müstəqil qəzet olan “Azərbaycan” qəzetini təsis etdi və iki il onun baş redaktoru oldu. İndi bu qəzet Azərbaycan Dövlətinin rəsmi orqanıdır. “Azərbaycan” qəzeti öz dövründə təkcə Sabir bəyin deyil, bütün azadlıq aşıqlərinin əsas tribunasına çevrilmişdi. Sabir Rüstəmxanlı millətin haqq sözünü deməyə çalışır, yalnız onun istəklərini ifadə edirdi. Belə bir şəxs Millət Vəkili olmalı idi! 1990-cı il deputat seçkiləri ilk dəfə idi ki, xalqa qismən öz seçimini etmək imkanı vermişdi. Onu AXC-dən Azərbaycan Respublikası Ali Sovetinə deputat seçdilər. Sonra bu Sovetdə demokratik deputat bloku yaradıldı və Sabir bəy ən obyektiv nümayəndələrdən biri kimi onun həmsədri seçildi. Demblokun həmsədri kimi, 1991-ci ildə o Azərbaycanın Müstəqillik haqqında Aktının müəlliflərindən biri oldu. Ölkə mətbuatı Sabir bəyi özünün ən böyük hamisi hesab edirdi. O ölkə mətbuatının baş sükanına keçməli idi. 1991-ci ildə Sabir Rüstəmxanlı Mətbuat və İnformasiya naziri təyin edildi. Ölkə öz müstəqilliyinə qovuşmuş, siyasi məqsədlərin böyük qismi gerçəkləşmişdi. Amma Ermənistanın işğalçılıq siyasəti davam edirdi. Bu illər həm də Azərbaycanda demokratik mətbuatın yaranması və formalaşmasında çox mühüm məqamlar idi. Sabir bəy bundan məharətlə istifadə etdi və indi ölkə mətbuatının siyasətdən, ədəbiyyat və mədəniyyətdən daha irəlidə olmasının əsası da məhz həmin illərdə qoyuldu. Ölkədə partiyalaşma dövrü digər ölkələrin Azərbayacana qarşı daha kəskin mübarizəyə qalxdığı ərəfəyə düşmüşdü. Yenicə qurulmağa başlayan dövlətin qarşısında çox mühüm və böyük vəzifələr durduğu halda yad dövlətlərin təhriki ilə insanları qarşıdurmaya və separatizmə sövq edən qüvvələr peyda olmuşdu. Onlar xalqı çaşdırır, təhlükəyə yönəldirdilər. Belə məqamda Sabir Rüstəmxanlı öz partiyasını yaratmalı və xalqı vətəndaş həmrəyliyinə səsləməli idi. 1992-ci ildə Sabir Rüstəmxanlı Vətəndaş Həmrəyliyi Partiyasını yaratdı və onun sədri seçildi. Ölkədə vətəndaş həmrəyliyinin formalaşmasına bu partiya çox mühüm töhvələr verdi. Zatən Sabir bəyin özü şəxsən bir neçə partiyaya bərabər qüdrət sahibi idi. Onun bir böyük qüdrəti də maraqlı natq olması idi. O sadə ifadə, məntiqli ahəng və şirin səs tembri ilə müsahibini inandıra bilirdi. Ən başlıcası, o hər sözündə, hər çıxışında sidqi ürəklə danışır, sanki ürəyinin yağını əridirdi. Belə insanlar barmaqla sayılacaq qədər azdır. Amma ölkədə millətinin vəkili ola bilmək naminə nazir vəzifəsindən və böyük dövlət təltifindən imtina etmiş ikinci bir şəxs heç yoxdur. Sabir bəy 1995-ci ildə nazir vəzifəsindən, 1996-cı ildə isə “Şöhrət ordeni”ndən imtina etdi. Torpağının bir hissəsi düşmən tapdağı altında olan şairin “Şöhrət ordeni” taxmasını ləyaqətinə yaraşdırmadı.
Hamının yaxşı tanıdığı Sabir Rüstəmxanlı heç vaxt yüksək mənsəb və firavanlıq üçün yaşamırdı. Şimali Azərbaycanın müstəqillik qazanması hələ görülməli siyasi fəaliyyətin yekunu deyildı. Qarşıda ikiyə bölünmüş Azərbaycanın birləşdirilməsi, dünya azərbaycanlılarının bir ali məqsəd ətrafında cəm olmasına nail olmaq və əlbəttə ki, yazılası çox bədii əsərlər vardı. Bunları həyata keçirtməkdən daha böyük vəzifə olmaz! Bu sahə üzrə apardığı gərgin əməyinin sayəsində 2004-cü ildə onu Dünya Azərbaycanlıları Konqresinin qurultayına DAK Məclisinin sədri, 2008-ci ildə isə həmsədri vəzifəsinə seçdilər. Sabirin siyasi fəaliyyəti elə bir həddə yüksəldi ki, irtica qüvvələri barəsində ölüm hökmü çıxartdılar. O isə onsuz da milli-azadlıq mücadiləsinə zatən kəfən geyinərək gəlmişdi. 1990-cı illərin əvvələrində onun başı sarıqlı vəziyyətdə Ali Sovet tribunasından (4-cü mikrafon) necə alovlu çıxışlar etdiyini xatırlayıram. Ürək yanğısı ilə deyilmiş hər fikir o andaca qəbul edilir, kimsə əks dəlillər tapa bilmirdi. İçinin hərarəti Sabir bəyin bədii əsərlərinə də hopmuşdur. O həmçinin «Tanımaq istəsən», «Xəbər gözləyirəm», «Gəncə qapısı», «Sağ ol, ana dilim!», «Qan yaddaşı», «Zaman məndən keçir» şeir kitablarının, eləcə də «Bütövlük», «Didərginlər», «Cavad xan», «Orxonla görüş» poemaların, «Bu sənin xalqındır» publisistik əsərin, «Atamın ruhu», «Xətai yurdu», «Göy Tanrı», «Ölüm yaşamaqdan şirinmiş (Cavad xan)» romanlarının müəllifidir. Ötən il onun “Difai fədailəri” adlı romanı işıq üzü görmüşdür. 
Bəli, artıq 65 yaş tamam olur! Dağ adamı uzunömürlü olar! Hələ qarşıda görülməli nə qədər işlər var! Sanki hər şey indi başlanır. Eləcə ömür də! Cavanlıq şövqü bitməyib ki! Çünki gördüyü işlər və əməlləri çox cavandır! Sabir bəyi konkret və daha çox nə şair hesab etmək olur, nə konkret publisist, nə yazıçı, nə də kino-dramaturq. Çünki o bu sahələrdə eyni qədər peşəkarlıqla gözəl əsərlər yaradır. Ancaq 2005-ci ildə Sabir Rüstəmxanlı məhz “Xalq şairi” fəxri adına layiq görüldü. Şair-yazıçı-publisist-dramaturq Sabir Rüstəmxanlı həm də eyni qədər yüksək səviyyəli siyasətçidir. Azərbaycan həqiqətlərini dünyanın 40-a yaxın ölkəsində yalnız mahir siyasətçi hayqırmağı bacarar. Sabir Rüstəmxanlının qazandığı bütün vəzifələrdən daha üstün olan bir müqəddəs vəzifəsi də var: Müstəqil Azərbaycan Respublikasının vətəndaşı olması! Gənclik çağlarından ən çox arzuladığı da elə bu deyildimi?
Əsil ziyalı üçün bundan daha şərəfli vəzifə olmaz ki!

Comments are closed.