Dünən Azərbaycan hökumətinin Gürcüstan azərbaycanlıları ilə bağlı son dövrlərdə tətbiq etdiyi siyasətə həsr olunmuş mətbuat konfransı keçirildi. Tədbirə toplaşmış və özlərini yeni miqrasiya siyasətinin qurbanları hesab edən soydaşlarımız ciddi problemlə üz-üzə qaldıqlarını bildirdilər. 

VHP Siyasi Şurasının üzvü və Azərbaycan Miqrasiya Mərkəzinin (AMM) rəhbəri Əlövsət Əliyev isə ölkənin miqrasiya siyasətinin və bu sahədəki qanunların tamamilə normal olduğunu bildirdi. Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti etnik azərbaycanlıların Gürcüstandakı doğma yerlərini tərk etməsini istəmir: “Eyni zamanda, problemlər də var. Bizə Azərbaycanda sənədsiz yaşayan beş mindən çox Gürcüstan azərbaycanlısı müraciət edib və əksəriyyətində sovet pasportları var”.

Ə. Əliyevin sözlərinə görə, Azərbaycan dövləti Gürcüstanda, İsraildə, Ermənistanda və bir sıra digər ölkələrdə olduğu kimi. Gürcüstan azərbaycanlılarına münasibətdə amnistiya tətbiq etməlidir. Yəni, söhbət həmvətənlərə münasibətdə miqrasiya siyasətinin sadələşdirildiyi “Həmvətənlər haqqında” qanundan gedir. AMM rəhbəri 7 ildən artıq Azərbaycanda yaşadığı halda vətəndaşlıq ala bilməyən, habelə müvafiq sənədləri olmayan Gürcüstan azərbaycanlıları haqqında vahid məlumat bazası yaratmağı təklif etdi: “Təklif edirəm ki, bu şəxslərin hüquqları məhkəmə yolu ilə müdafiə edilsin. Hazırda 70 iş məhkəmədədir və artıq müsbət qərarlar var”. 

Comments are closed.