VHP Diasporla İş Şöbəsinin  Güney Azərbaycanda baş verənlərlə bağlı həftəlik hesabatı

 

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Diasporla İş Şöbəsinin müdiri Real Cəfərli son iki həftə ərzində Güney Azərbaycanda baş verənləri şərh edib: “Son iki həftə bir sıra hadisələrlə yadda qaldı. Belə ki, bir aya yaxındır həbsxanada aclıq edən Yeni GAMOH təşkilatının üzvləri aksiyanı müvəqqəti olaraq dayandırdılar. Təşkilatın sədri Lətif Həsəni, qurumun Mərkəzi Komitəsinin üzvləri Mahmud Fəzli, Yürüş (Ayət) Mehrəlibəyli, Şəhram Radmehr və Behbud Quluzadə iyulun 13-dən etibarən ümumilikdə 45 il azadlıqdan məhrum edilmələrinə etiraz olaraq Təbriz şəhərinin mərkəzi həbsxanasında başladıqları aclıq aksiyasına avqustun 9-da Kərəc şəhərinin Rəcayişəhr həbsxanasında son verdilər. Ancaq bununla belə, soydaşlarımız zindandan göndərdikləri məktubda hər şeyin məhkəmənin son qərarından asılı olduğunu bildiriblər. Milli fəallar onlara ünvanlanmış çoxxaylı müraciətləri nəzərə alaraq bu addımı atdılar. Çünki aclıq aksiyasına son vermələri üçün İsveçdə, Almaniyada, Azərbaycanda, Türkiyədə, Finlandiyada, Böyük Britaniyada, Kanadada və s. ölkələrdə aksiyalar, müxtəlif tədbirlər keçirildi, minlərlə imza toplanıldı, hətta İranın müxtəlif aksiyalarında onlara dəstək üçün onlarla məhbus aclıq aksiyasına başladı. Məhz həmin məhbuslardan ikisi – Əziz Purvəli və Abdullah (Güntay) Səduqi Yeni GAMOH üzvlərinin müraciətindən sonra aclıq aksiyasına son verdilər”.

Real Cəfərli bildirib ki, Yədulla (Elman) Dəşti, Əli Hidayəti və Ramin Rzayi avqustun 3-də Mahabad (Soyuqbulaq) İnqilab Məhkəməsində mühakimə ediliblər: “Əli Hidayəti və Ramin Rzayi hakimiyyət əleyhinə təbliğat aparmaqda, Yədulla (Elman) Dəşti isə hakimiyyət əleyhinə təbliğat aparmaq və müxalif qruplarla əməkdaşlıqda günahlandırılırlar. Bundan əlavə, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi, Şəhriyarşünas araşdırmaçı Xalidə Xalidlə əlaqəyə görə həbs edilmiş tanınmış azərbaycanlı fəal, yazar və şair İlqar Müəzzinzadə 150 milyon tümən zəmanətlə 84 günlük həbs həyatından sonra Təbriz şəhərinin mərkəzi həbsxanasından sərbəst buraxılıb. Bu il mayın 8-də həbs edilmiş azərbaycanlı fəal Təbriz İnqilab Məhkəməsinin üçüncü şöbəsi tərəfindən 27 ay azadlıqdan məhrum edilib. Belə ki, İ.Müəzzinzadəyə milli təhlükəsizliyə xələl vurmağa cəhd göstərmək ittihamına görə 2 il, hakimiyyət əleyhinə təbliğat aparmaq ittihamına görə isə 91 gün həbs cəzası verilib. Təbriz İnqilab Məhkəməsinin üçüncü şöbəsi azərbaycanlı fəalı X.Xalidlə əlaqə qurduğuna, Azərbaycan türkcəsində ədəbiyyatlar yayan “Üçlük” ədəbi saytını işlətdiyinə görə İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) təqdimatı ilə bu şəkildə cəzalandırıb”.

VHP Diasporla İş Şöbəsinin müdiri deyib ki, Azərbaycan türkləri Qarabağ probleminə də laqeyd qalmır: “Belə ki, avqustun 2-də Muğan şəhərində Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsinə etiraz olaraq xeyli sayda broşur paylanılıb. Broşurda bildirilib ki, Ağdam şəhəri erməni silahlı birləşmələri tərəfindən işğal edilməmişdən əvvəl 160 min əhalisi var idi. Ancaq Qarabağ müharibəsi zamanı ermənilər bu şəhərdə tam bir soyqırım həyata keçirilib və Ağdam yerlə yeksan edilib. Broşurda həmçinin Ağdam şəhərinin məscidinin ermənilər tərəfindən donuz tövləsinə çevrilməsi kəskin şəkildə pislənilib.

Real Cəfərli həmçinin vurğulayıb ki, avqustun 4-də səhər saatlarında Səlmas şəhərinin həbsxanasında azərbaycanlı məhbus qətldə günahlandırılaraq dar ağacından asılıb: “Peyman Qəni Köhnəşəhri Səlmas şəhərinə bağlı Təzəşəhər rayonunun sakinidir və 2009-cu ilin avqust ayında yerlisi Əliəsgər Qulipuru qətlə yetirdiyinə görə ölüm cəzasına məhkum edilib”.

Comments are closed.