Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Diasporla İş üzrə Şöbəsinin müdiri Real Cəfərli Güney Azərbaycanda ötən həftə ərzində baş vermiş hadisələrlə bağlı məlumat verib.

Real Cəfərli bildirib ki, fars şovinist rejimi milli fəalların hüquqlarını pozmaqda davam edir: “İyulun 13-də Təbriz şəhərinin mərkəzi həbsxanasında aclıq aksiyasına başlamış Yeni GAMOH təşkilatının üzvləri – doktor Lətif Həsəni, Yuruş (Ayət) Mehrəlibəyli, Mahmud Fəzli, Savalan (Səccad) Radmehr və Behbud Quluzadə öz mübarizələrini davam etdirirlər. Milli fəallar barələrində çıxarılmış ümumilikdə 45 illik hökmü ədalətsiz hesab edərək artıq 17 gündür aclıq aksiyası keçirirlər. Ancaq fars şovinist rejimi onların tələbləri yerinə yetirmək əvəzinə iyulun 20-də Təbriz şəhərinin mərkəzi həbsxanasından Tehran şəhərinin Evin həbsxanasına, daha sonra isə Kərəc şəhərinin Rəcayişəhr həbsxanasın köçürüb. Güney Azərbaycanın Təbriz, Mərənd və digər şəhərlərində onların azadlığa buraxılması üçün bildirişlər yayılıb, divarlara şüarlar yazılıb, eyni zamanda imzatoplama kampaniyası başladılıb”.

VHP-nin Diasporla İş üzrə Şöbəsinin müdiri deyib ki, İran islam inqilab məhkəmələrinin ədalətsiz hökmləri səngimir: “Ötən həftə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi, Şəhriyarşünas, araşdırmaçı-alim Xalidə Xalidlə birgə və sonra həbs edilmiş azərbaycanlı fəallara hökm oxunub. Hökmə əsasən, 2 azərbaycanlı fəal – İlqar Müəzzinzadə və Məhəmməd (Oxtay) Rəşidi ümumilikdə 31 ay azadlıqdan məhrum ediliblər. İ. Müəzzinzadəyə bir yerə toplaşmaqla milli təhlükəsizliyə xələl vurmağa cəhd göstərmək ittihamına görə 2 il, hakimiyyət əleyhinə təbliğat aparmaq ittihamına görə isə 91 gün həbs cəzası verilib. Məhəmməd Rəşidi isə eyni ittihamlara əsasən 91 gün və 1 ay həbs cəzasına məhkum edilib. Digər azərbaycanlı fəallar – aşıq İsa Qaraxanlu və Əmir Hadiyan isə bütün ittihamlar üzrə bəraət alıblar. Təbriz İnqilab Məhkəməsi azərbaycanlı fəalları X. Xalidlə əlaqə qurduqlarına, Azərbaycan türkcəsində kitab yaydıqlarına və İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) təqdimatına görə bu şəkildə cəzalandırıb. Məhəmməd Rəşidi aprelin 30-da, İlqar Müəzzinzadə isə mayın 8-də həbs edilib. Məhəmməd Rəşidi 56 gün saxlanıldıqdan sonra 150 milyon tümən zəmanətlə azadlığa buraxılsa da, ancaq İlqar Müəzzinzadə tutulduğu gündən həbsdədir. Təbriz İnqilab Məhkəməsinin üçüncü şöbəsi tanınmış azərbaycanlı bəstəkar Həsən Dəmirçini 6 ay azadlıqdan məhrum edib: “Azərbaycanlı bəstəkar Azərbaycan türklərinin problemləri ilə bağlı keçirilən iclaslarda iştirak etmək, İran dövlətinin icazəsi olmadan Qaradağ zəlzələsindən zərər çəkmiş insanlara köməklik göstərmək və ianə toplamaq, musiqi kursları təşkil etmək, Azərbaycan musiqisini tədris etmək, ölkə daxilində və xaricindəki istiqlalçı (“separatçı”) qüvvələrlə əlaqədə olmaq və həbsxanadan çıxan azərbaycanlı siyasi məhbusların qarşılanma mərasiminə getməkdə günahlandırılıb. Hakim Həmid Purbağır İran İslam Cəza Qanununun 500-cü maddəsini əsas götürərək 60-dan çox yaşı olan azərbaycanlı fəala belə bir cəza verib. Ancaq bu ittihamlara görə həmin maddənin tətbiqi mümkün deyil. Təbriz İnqilab Məhkəməsinin üçüncü şöbəsi həmçinin azərbaycanlı siyasi fəal Arəş Məhəmmədiyə də 6 ay həbs cəzası verib. Solçu tələbə fəal hakimiyyət əleyhinə təbliğat aparmaqda günahlandırılıb. A. Məhəmmədi hazırda Təbriz şəhərinin mərkəzi həbsxanasının maliyyə bölümündə saxlanılır”.

Real Cəfərli vurğulayıb ki, Güney Azərbaycanda həbslər, qeyri-qanuni sorğu-suala çəkilmək də davam edir: “Belə ki, daha çox azərbaycanlıların milli-mədəni hüquqları mövzusunda türk dilində səsləndirdiyi tənqidi şeirləri ilə tanınan Əli Cabbari tutulub. Azərbaycanlı şair İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (Təbriz) şöbəsinə çağırılmasını səbəbini aydınlaşdırmaq üçün müraciət edərkən həbsə alınaraq Təbriz şəhərinin mərkəzi həbsxanasına salınıb. Əli Cabbari isə öz şeirlərində “pantürkizm” və “separatçılıq” kimi ittihamlardan əsasən azərbaycanlı fəallara qarşı təzyiq üçün ortaya atılan bəhanələr kimi bəhs edir. Bundan əlavə, milli fəallar Yədulla (Elman) Dəşti, Əli Hidayəti və Ramin Rzayi ifadə vermək üçün avqustun 3, 4 və 5-də Soyuqbulaq İnqilab Məhkəməsinə çağırılıb. Onlar hakimiyyət əleyhinə təbliğat aparmaqda və müxalif qruplarla əməkdaşlıqda günahlandırılırlar. Həmçinin 5 nəfər məhbus yoldaşı ilə birlikdə heç bir dəlil olmadan və saxta ittihamlarla Tehranın Evin həbsxanasının 240-cı bölümünün təkadamlıq kamerasına salınan azərbaycanlı jurnalist Səid Mətinpur zindanın 350-cı bəndinə geri qaytarılıb. Eyni zamanda bu il iyunun 12-də həbs olunmuş və 40 günə yaxın ETTELAAT-ın Təbriz şəhərindəki təcridxanasında təkadamlıq kamerada saxlanılmış azərbaycanlı fəallar Bəhram Axuni və Nasir Kazımpur Təbriz şəhərinin mərkəzi həbsxanasına köçürülüblər. Onlarla birlikdə tutulmuş Məcid Səfidani isə hazırda ETTELAAT-ın Təbriz şəhərindəki təcridxanasında saxlanılır. Bundan əlavə, azərbaycanlı tələbə fəal Mehdi Həmidi Şəfiq iyulun 22-də Təbriz şəhərinin mərkəzi həbsxanasından ETTELAAT-ın Təbriz şəhərindəki təcridxanasına köçürülüb.

VHP-nin Diasporla İş üzrə Şöbəsinin müdiri bildirib ki, Urmiya gölündəki ekoloji fəlakətlə bağlı da həyacan təbili çalınmaqdadır: “Belə ki, Urmiya gölündəki ekoloji fəlakət hövzənin ətrafında yerləşən 7 şəhər böyük təhlükəylə üzləşib. İranın Şərqi Azərbaycan vilayətinin Kənd Təsərrüfatı İdarəsinin rəhbəri Məsud Məhəmmədian Urmiya gölünün qurumasının hövzənin ətrafında yerləşən 7 şəhərin artezian quyularına ciddi təsir göstərdiyini və quyuların suyunun şorlaşmasının artmasına gətirib çıxardığını söyləyib. Onun sözlərinə görə, hazırda Urmiya gölü hövzəsi ətrafındakı 600 min hektardan çox əkin və bağ sahəsi ekoloji fəlakətin mənfi təsiri ilə qarşı-qarşıyadır və ciddi ziyan görməkdədir. Eyni zamanda artezian quyularında da duzluluğun miqdarı getdikcə artır. Bundan əlavə, İran parlamentinin 10 nəfər deputatı da Urmiya gölü ilə bağlı ölkə prezidenti Mahmud Əhmədinejada məktub yazıb. Deputatlar İran parlamentinin 90-cı komissiyasına da eyni məzmunlu müraciət ediblər. Məktubda Urmiya gölü ətrafında duz tufanları başladığı qeyd olunub və ölkə rəsmilərindən Urmiya gölünü ekoloji fəlakətdən xilas etmək üçün təcili addımlar atmaq tələb olunub. Məktubu Təbriz, Ərdəbil, Urmiya, Tehran, Abadan və Qum şəhərlərini İran parlamentində təmsil edən deputatlar imzalayıblar. İran rejimi zahirən addımlar atdığını göstərmək üçün iyulun 27-də Araz çayının suyunun Urmiya gölünə axıdılması layihəsinin icrasına başlayıb. Layihə Araz çayının suyunun Culfa, Mərənd, Şəbüstər və Təbriz şəhərlərinin çöllərinə, ümumilikdə 15 min hektar əraziyə axıdılmasını özündə ehtiva edir. Ümumilikdə, 22 şəhər və 286 kənd içməli su ilə təchiz olunacaq”.

Comments are closed.