18 may 2011-ci il tarixində saat 12:00-da Azərbaycan Atatürk Mərkəzində Güney Azərbaycan siyasi mühacirləri simpozium keçirdi. Tədbirdə “Güney Azərbaycanda insan haqlarının tapdalanması”, “Güney Azərbaycanın bütün təşkilatlarının bir araya gəlməsi”, “Milli fəalların “yaşıl hərəkat”a baxışı”, “22 may hadisələrinə münasibət” və s. mövzularda çıxışlar edildi. Simpoziumu tədbirin təşkilatçısı, güneyli mühacir Babək Muğanlı açaraq bildirdi ki, İran adlanan yerdə öz tarixi torpaqlarında yaşayan 35 milyondan çox Azərbaycan türkü fars şovinist rejiminin basqısı altındadır: “Soydaşlarımız heç bir hüquqa malik deyil, uşaqlarımız ana dilində təhsil almaqdan məhrumdurlar. Hətta Tehran rejimi azyaşlı uşaqlarımızın fars dili haqqında heç bir anlayışları olmasa da belə, ibtidai məktəb müəllimlərinə siniflərdə Azərbaycan türkcəsində danışmağa icazə vermir. Nəticədə 5-ci sinifədək uşaqlarımız zamanlarını yalnız fars dilini öyrənməyə sərf edirlər. Sanki 5-ci sinfdən sonra 1-ci sinifə gedirlər. Ona görə də dünyanın hər yerinə səpələnmiş Güney Azərbaycan ziyalıları, yazarlar, şair və milli fəallar özlərinə məqsəd seçməli və milli mübarizəni gücləndirmək üçün əllərindən gələni əsirgəməməlidirlər: “Fikir ayrılığı ola bilər. Bu qaçılmaz faktdır. Federalçılar, islamçılar və s. bu fikirdə olan soydaşlarımız bilməlidirlər ki, mübarizəmiz 35 milyon Azərbaycan xalqını əsarət altından qurtarmaq və azadlığa qovuşmaqdır. Son 100 ildə bütün hərəkatlar Azərbaycandan başlayıb, Tehranda qurtarıb. Biz Güney azərbaycanlıları dəfələrlə İran adlanan ölkəyə və xalqlarına azadlıq bəxş etmişik. Ancaq təssüf ki, daima özümüzü qurban vermişik və öz azadlığımızı əldə edə bilməmişik. Düşmən və fars şovinizmi bizim sədaqətimizdən daima istifadə edib. Bu baxımdan Güney Azərbaycan təşkilatları, siyasətçiləri, ziyalıları, milli fəalları və s. xalqımızın azadlığı uğrunda birgə mübarizə aparmalıdır. Biz Güney Azərbaycan təşkilatlarının daimi şurasını yaratmalıyıq. Bu bizim Vətən, xalq qarşısında borcumuzdur”.

Dünya Azərbaycanlıları İnformasiya Mərkəzinin (DAİM) təmsilçisi Əlirza Amanbəyli dedi ki, son illər Güney Azərbaycan Milli Hərəkatının genişlənməsi İran adlanan yerlə yanaşı, Rusiya, Birləşmiş Ştatlar və bir sıra Avrora dövlətlərini də ciddi narahat etməyə başlayıb: “Bu gün Güney Azərbaycanda insan haqları pozulmaqda davam edir. Öz milli-mədəni haqlarını tələb edən minlərlə soydaşımız həbsdədir və ya sürgündə yaşayır: “1828-ci il Türkmənçay müqaviləsi imzalanandan bəri quzeydə və güneydə Azərbaycanın bütövlüyü uğrunda mübarizə davam edib. Sevindirici haldır ki, öz müstəqilliyini yenidən qazanmış Azərbaycan Respublikası gündən-günə inkişaf edir. Bu da Tehran rejiminin canına vəlvələ salır. Ona görə də öz milli mücadilələrindən çəkinmələri üçün Azərbaycan türklərinə basqılarını getdikcə daha da artırır. Fars şovinizmi soydaşlarımızın təkcə haqq və hüquqlarını pozmur, eləcə də azərbaycanlıların yaşadığı ərazilərin ekologiyasını korlayır, həmin əraziləri bilərəkdən çirkləndirir. Bu gün İran nüvə tullantılarını məhz güneylilərin yaşadığı ərazilərdə basdırır. Ona görə də İran adlanan yer bu gün təkcə region deyil, eləcə də bütün bəşəriyyət üçün təhlükəli ölkədir”. Onun sözlərinə görə, 2006-cı ilin may hadisələri bütün dünyanın diqqət mərkəzindəydi: “”İran” adlı dövlət qəzetində Azərbaycan türkləri tarakana bənzədilməklə təhqir edilmiş, milyonlarla soydaşımız Təbriz, Urmu və Güney Azərbaycanın digər şəhərlərində küçələrə çıxmışdı. Fars şovinist rejiminin qəddarlığı nəticəsində onlarla adam ölmüş, yüzlərlə adam yaralanmış və minlərlə adam həbs olunmuşdu. Hazırda həmin vaxt tutularaq qondarma ittihamlarla həbsdə yatan soydaşlarımız var”. Əlirza Amanbəyli dedi ki, güneyli soydaşlarımızın fars şovinizmi tərəfindən haqq və hüquqlarının pozulması beynəlxalq birliyə məlum olsa da, ancaq hansısa müsbət addımlar atılmır: “Necə ki, 20 ilə yaxın müddətdə beynəlxalq birlik Dağlıq Qarabağ probleminin həlli istiqamətində heç bir iş görməyib”. O, həm Güney, həm də Dağlıq Qarabağ probleminin türk dövlətlərinin gündəminə gətirilməsini təklif etdi. 
Dünya Azərbaycanlıları Konqresi (DAK) Daimi Şurasının sədri Əjdər Tağızadə bildirdi ki, Güney məsələsi Azərbaycan mətbuatında davamlı şəkildə işıqlandırılmalı, soydaşlarımızın problemləri ilə bağlı müntəzəm olaraq tədirlər, dəyirmi masalar keçirilməlidir: “Çünki dünyanın istənilən yerində 35 milyondan artıq Azərbaycan türkünün heç bir haqqı olmadığını söyləyəndə inanmırlar. Halbuki Güney Azərbaycan hər tərəfdən basqıya məruz qalır. Təəssüf ki, Azərbaycan Respublikasında da bir sindrom var. Halbuki cənab prezident 50 milyonluq Azərbaycan xalqının prezdenti olduğunu deyib. Ona görə də bu dövlət heç vaxt parçalanmış hissəsinin taleyinə biganə qala bilməz. Çünki Azərbaycan Respublikasında yaşayan güneylilər bu dövlətin təməlinin qoyulmasında yaxından iştirak ediblər”. Azərbaycan Respublikasında mühacirət həyatı yaşayan güneylilərin haqq və hüquqlarının tanınmasını zəruri sayan DAK rəsmisi söylədi ki, rəsmi Bakı 20 ilə yaxın müddətdə Azərbaycanda yaşayan güneylilərə status verməlidir: “Burada 20 ildir yaşamasına baxmayaraq, əlində heç bir sənədi yoxdur. Bundan başqa, çox acınacaqlı vəziyyətdə yaşayırlar. Bu da bizim üçün utandırıcı vəziyyətdir. Halbuki güneylilərin bu dövlətə, bayrağa sevgisi qat-qat çoxdur”. Əjdər Tağızadə vurğuladı ki, Azərbaycanın güneyindən olan insanların lobbisi ilk növbədə Bakıda olmalıdır. Bundan əlavə. Güney Azərbaycanın təşkilatları, cəmiyyətləri, televiziyaları, radioları Azərbaycan Respublikasında qeydiyyata alınmalıdır. DAK Daimi Şurasının sədri bildirdi ki, İran adlanan yer parçalanacaq: “Ona görə də Azərbaycan Respublikası güneyli soydaşlarımıza yardım etməlidir. Bunun üçün də Bakıya gələn soydaşlarımızın haqlarını rəsmən tanımalı, onlara lazımi şərait yaratmalı və dərnəklərini qeydiyyata almalıdır”.
Güneyli mühacir Həsən Məhdəvi dedi ki, bəşəriyyətin üzqarası, şər qüvvəsi, diktator molla rejimi yalnız Azərbaycan xalqını yox, İran adlanan ölkədə yaşayan bütün xalqları zülm və işgəncə altında yaşadır: “Tarix boyu türk millətinin haqqı bir para şovinist tərəfindən haqsız yerə tapdalanıb. Bu haqsızlıqlar ondan ibarətdir ki, Azərbaycan xalqının dilini, mədəniyyətini, ədəbiyyatını və hətta adət-ənənələrini əlindən almaq üçün dini bəyanatlardan da istifadə olunub. Ancaq artıq bu siyasət sona çatmaqdadır. Güney Azərbaycan öz milli mənafeyini müdafiə etmək qabiliyyətinə malikdir və özü öz taleyini həll edəcəkdir. Bu gün Güney Azərbaycan xalqının öz ayıq-sayıqlığı ilə “yaşıl hərəkat”a qoşulmaması təqdirəlayiqdir. Mən istər daxildəki, istərsə də xaricdəki güneyli soydaşlarımı birliyə dəvət edirəm. Çünki yalnız birgə hərəkət etməklə mənfur düşmən üzərində qələbə qazana bilərik”. 
Bundan əlavə, tədbirdə Azərbaycan Demokrat Firqəsinin (ADF) təmsilçisi Yədulla Kənani və başqaları da çıxış etdilər.

Comments are closed.