İşıqlı ATALI 

Oktyabrın 12-də tarixi Azərbaycan torpaqlarını ikiyə bölən “Gülüstan” müqaviləsinin bağlanmasından 198 il ötür. Bu müddətdə Azərbaycan tarixi torpaqlarının 80 faizini itirib.

Keçmişdə baş verənlərə nə qədər ağrıyıb-acısaq da, sonradan yanlışları düzəltmək çox çətin olur. Millətimizin, torpaqlarımızın bütövləşməsini, bir olmasını hələ ki, gerçəkləşdirməmişik. 200 ilə yaxın müddətdə Azərbaycan türklərini iki yerə ayıran “Gülüstan” müqaviləsi özündən sonra xaqımızın həyatında dəhşətli hadisələr üçün pis başlanğıc olub.

“Gülüstan”la fars və rus hegemonluğuna, işğalçılığına qarşı dura bilməyən ulusumuzun aqibətinə hələlik davam edən ayrılıq, parçalanma yazıldı.

Adıçəkilən müqavilə ilə farslarla ruslar torpaqlarımızı şəxsi mal kimi öz aralarında böldülər. 410 min kvadrat kilometrlik ərazisi olan dövlətçilik imkanımız, tarixi ərazilərimiz əlimizdən çıxdı. “Gülüstan”dan sonra ardıcıl olaraq yurdumuz böyük faciələrə tuş gəlməkdədir.

Müqavilədə bircə dəfə də “Azərbaycan” adına rast gəlinmir. Rusiya və İran yurdumuza yiyələnmək üçün bir-birini didsə də, sonda bağladıqları müqaviləyə cinayətlərini gizlətmək üçün yurdumuzun adını bilərəkdən salmayıblar. Sanki bölüşdürdükləri Azərbaycan torpaqları deyilmiş. Yurdumuzu 11 maddədən ibarət müqavilə ilə bölən yağılarımız öz aralarında savaşa son qoymaq üçün bundan sonra əbədi dostluq şəraitində yaşayacaqlarına söz də verdilər. Bu gün həmin dostluq davam etməkdədir.

“Gülüstan” “sülh”ünün şərtlərinə görə, Talış, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ, Şəki xanlıqları Rusiya imperiyası tərkibinə qatıldı. Beləliklə, bütöv Azərbaycan iki yerə parçalandı. Azərbaycandan – bölüşdürülən torpaqdan kimsə orada iştirak etmədi. Abbasqulu ağa Bakıxanov isə həmin müqavilə imzalanan vaxt Rusiya dövlətinin nümayəndə heyətinin tərkibində tərcüməçi vəzifəsini yerinə yetirirdi…

“Gülüstan” faciəsini yaradan səbəblər nə idi? Başlıcası, türk xalqının bir olmaması! Tarixən qılınca sarılan, ancaq idrakının gücünə arxalanmayan türkləri dünya təkləyə bildi.  

Şah İsmayıl Xətayinin ölümündən sonra onun qurduğu dövlət yavaş-yavaş farslaşdı, Şah Abbasın çağında farsçılar istəklərinə çatdılar.

Azərbaycanı bu faciəyə gətirib çıxaran başlıca səbəblərdən biri onun xanlıqlar biçimində olması idi. Azərbaycanı bir əldə birləşdirən güc, təəssüf ki, meydana çıxmadı. Üstəlik, xanlıqların balaca maraqları (tayfaçılıq, bölgəçilik, hakimiyyətçilik) ucbatından birlik alınmadı.

“Gülüstan”ın yaranmasının ən başlıca nədəni isə türk xalqlarını siyasi, iqtisadi, mənəvi baxımdan birləşdirəcək inamın – dünyabaxışın olmaması idi.

İş o yerə çatdı ki, başqa xanlar gəncəli Cavad xanın başına gələn faciədən sonra da ayılmadılar. Nə acılar ki, tarixin çox dönəmində türklər arasında birlik olmayıb. Tariximizin bir çox çağında türklərin bir-birinə yadlığının acı sonuclarını görmək mümkündür.

Bu dövrdə Rusiya artıq bir əsrə yaxın idi ki, imperiya kimi qurulmuş, əməlli-başlı oturuşmuşdu. O, anlayırdı ki, uzun sürə ayaqda qalması üçün yeni torpaqlar tutmalıdır.

Yurdumuzda, bölgədə erməni məsələsinin tüğyanı da “Gülüstan” faciəsi ilə başladı. Erməni məkri rus imperializminin işinə gözəl yaradı, bu gün də yaramaqdadır.

Azərbaycan “Gülüstan” adlı mənfur andlaşmaya birdən-birə gəlib çıxmadı. Heç bir faciə birdən-birə yaranmır. Xəlqi faciələri mahiyyətcə fərdi faciələr törədir.

Yüzillərlə babalarımızın buraxdığı yanlışlar bir yerə yığışdı və “Gülüstan”ı yaratdı. “Gülüstan” “Türkmənçay”ın faciəvi başlanğıcı oldu.

İllərdir Azərbaycan ictimai mühitini müşahidə edirəm. Demək olar, aydınlarımız “Gülüstan” və “Türkmənçay” faciələri mövzusunda danışmır, yazmırlar. Qəzetlərdə 5-10 cümləlik xəbər kimi də bu mövzular yer almır. Telekanallardan heç səs çıxmır.

Əgər millət öz tarixi keçmişinə sayğı ilə yanaşmırsa, buraxdığı yanlışlardan dərs almırsa, deməli, sabahını bütöv şəkildə qura bilməz. Bu gün hər birimiz dünyanın qabaqcıl millətlərinin böyük uğurlara çatmalarından heyrətlə danışırıq. Unuduruq ki, onlar bütün bunlara ardıcıl inadla, çox halda başqalarının tarixi yanlışlarından dərs almaqla çatıblar.

Doğruçu aydında milli mənafedən başqa mənafe olmur. Azərbaycanın bölünmüşlüyü ilə bağlı aydınlarımız car çəkməlidirlər. Ancaq aydınlarımız təəssüf ki, çox halda dedikləri kimi yaşaya bilmir, sözlə işi bir-birindən ayırırlar. Gurultulu sözlərin arxasındakı əməlsizlik aydınca görünür.

Azərbaycanın parçalanmış torpaq, Azərbaycan türklərinin bölünmüş xalq olduğunu dünyaya anlatmalıyıq. Başqa yandan da siyasi dünya Azərbaycanın durumunu, tarixi keçmişini, harda səhv etdiyini, nələri itirdiyini çox gözəl bilir.

1945-ci ildə Azərbaycanın güneyində Pişəvəri hökuməti quruldu, lakin bir ildən sonra bu hökumət amansızlıqla boğuldu, soydaşlarımız soyqırımla üzləşdi. Belə bir çağda yaradılan BMT uyğunsuz məqamları qanuniləşdirdi. Bir yandan millətlərin hər birinin öz müqəddəratını təyin etmək hüququ qorunur, başqa yandan hər bir dövlətin ərazi toxunulmazlığı əsas sayılır.

Bu gün müstəqilliyimizin 20 yaşında da sözügedən məsələlərə çox halda susqun yanaşmağı üstün tuturuq. Çoxu deyir ki, Qarabağ dərdimiz olduğu halda Güney Azərbaycandan danışmaq yersizdir. Hələ də türk dünyası Güney dərdimizə tanışlıq səviyyəsində belə yanaşmır. Qardaş Türkiyədə bu mövzuda adda-budda kitablar çıxsa da, məsələyə ciddi yanaşma hiss olunmur.

Çağdaş dünya siyasətində bölünmüş xalqlara münasibət ikilidir. Görəsən, bu gün dünyada bölünmüş xalqlar timsalında Azərbaycan türkləri kimi 200 ildir ki, ayrılıq əzabını dadan bir xalqı varmı? Artıq Almaniya da 20 ildir birləşib. Dərinə gedəndə Quzey və Güney Koreyanın birləşməməsi dəhşətli fəlakət deyil. Çünki hər iki dövlət müstəqildir.

Ancaq Bütöv Azərbaycanın yaranması dünyaya qətiyyən sərf eləmir. Siyasi dünya Azərbaycanın bütövlüyünü özünün ağalıq iddialarına qarşı əngəl hesab edir.

Azərbaycanın bütövləşmək istəyi qarşısıalınmaz olduğu dərəcədə bu istəkdə, milli iddiada, haqda olan hər birimizdən gərgin, ardıcıl axtarışlarla dolu insançı millətçilik tələb olunur. Hadisələrin gündən-günə gərginləşdiyi bir çağda Bütöv Azərbaycan idealının ABŞ-İran qovğasında gerçəkləşəcəyinə inanmağımız sadəlöhvlük olardı.  

Azərbaycanın dərdlərinin həll olunması bir günün işi deyil. Hər şeydən öncə siyasi gedişat bizdən daha təpərli, ayıq, yetkin fərdlər olaraq meydana çıxmağımızı tələb edir.

Tarix boyunca Azərbaycanın başına gələn faciələrin sayını artıq unutmuşuq. Ancaq sözün əsl mənasında bir millət olaraq mövcudluğumuzu təsdiq etmək istəyiriksə, o zaman faciələrimizi dərindən bilməli və dərs almalıyıq.

Faciəsini unudan millət – var olmur. Türklərin tarix boyunca faciələrlə üz-üzə qalması həm də dünyanın türkü sevməməsiylə bağlıdır.

Azərbaycanın başına gələn faciələr bütün türk dünyasının faciəsi sayılmalıdır. “Gülüstan”ın ardınca gələn “Türkmənçay” müqaviləsi ilə Azərbaycanımızın Araz çayından güneydəki 210 min kvadrat kilometr ərazisi İrana, 130 min kvadrat kilometr ərazisi isə Rusiyaya qatıldı. “Türkmənçay” müqaviləsi Azərbaycan türklərinin bütöv, tarixi torpaqlarının parçalanması demək oldu. Həmin ədalətsiz bağlaşmadan sonra indi də özümüzə gələ bilmirik.

“Türkmənçay” müqaviləsi bir xalqın ruhuna, mənliyinə edilən amansız təcavüz, yırtıcılıq idi.

Nə qədər ki, Bütöv Azərbaycan yoxdur, mahiyyətcə türk dünyasının xilası da olmayacaq. Düşünürəm ki, türk xaqları bunu gözəl anlamalıdır. Düzdür, burada öncə özümüz məsuliyyətimizi anlamalıyıq. Əgər bu gün Azərbaycanın hər bir vətəndaşı, ilk olaraq türklər torpağımızı iki yerə bölən “Gülüstan” və “Türkmənçay” fəlakətləri ilə bağlı geniş bilgiyə, eləcə də bundan çıxan məntiqi nəticəyə malik deyilsə, o zaman itirdiklərimizin, mənəvi fəlakətlərimizin sayı daha da artacaq.

“Gülüstan” müqaviləsi Azərbaycan türklərinin şərə qarşı inadcıl, bütöv mübarizəsinin olmamasından yarandı. Əgər o zaman sözün böyük anlamında birliyə nail olsaydıq, bu fəlakət başımıza gəlməyəcəkdi.

Bir millət olaraq dərdimiz çoxdur. Ancaq hər halda dünyanın sonu da deyil. Başımıza gələnlər bizə onu deyir ki, bundan sonra qətiyyən çaşmaq, sarsılmaq olmaz. Tarixi torpaqlarımızın bir parçasında qurduğumuz çağdaş Azərbaycan dövlətimizi dəyərləndirməli, onu xalq kimi varlığımızın əsası saymalı, xalqımızın yaşamında daim yeni-yeni ümidli üfüqlər yaratmalıyıq. 

Comments are closed.