Seymur VERDİZADƏ

Sabir Rüstəmxanlının 60 illik yubileyi Akademik Milli Dram Teatrında keçirildi. Sonra isə paytaxtın dəbdəbəli restoranlarının birində onun şərəfinə ziyafət təşkil olundu. Nüfuzlu dövlət və hökumət nümayəndələrinin, tanınmış şair və yazıçıların iştirak etdiyi həmin məclisə mən də dəvət olunmuşdum. Özüm kimi üç-dörd sıravi jurnalistlə bir küncə çəkilib, Sabir Rüstəmxanlının yazar həmkarlarının çıxışlarına qulaq asırdım. Arada şair və yazıçılarımızın başının yeyib-içməyə qarışmasından istifadə edib, mikrofonu ələ keçirdim. Belə uzaqdan başlamağıma baxmayın, çox qısa danışdım. Yubilyarı təbrik edəndən sonra onun 70 illik yubileyində əla bir yazı yazacağıma söz verdim. Fikrimi də belə izah etdim ki, Sabir Rüstəmxanlının adına layiq yazı yazmaq üçün ən azı 10 il zamana ehtiyac var. Yenə o fikirdəyəm ki, Sabir Rüstəmxanlının 70 illik yubileyi olanda ortaya onun bəyənəcəyi bir yazı çıxara biləcəm. Bu məqaləni isə sadəcə, “baş məşq” adlandıra bilərik.

Mən Sabir Rüstəmxanlını ilk dəfə 20 il əvvəl görmüşəm. Rəhmətlik Fərman Kərimzadə ilə kəndimizə qonaq gəlmişdi. Sonra isə qədim tariximizin bir parçası olan Xudafərin körpülərinin yaxınlığında keçirilən mitinqə qatıldı. Həmin gün Sabir bəy özünün bir neçə şeirini oxudu. Ertəsi gün sinfimizdə oxuyan bütün uşaqların bir arzusu vardı: şair olmaq! Tələbə vaxtı Ankarada Sabir bəylə bir neçə dəfə görüşmüşdük. Türkiyədə onun yüzlərlə dəyərli dostu, əqidədaşı var. Sabir Rüstəmxanlının Azərbaycanda olduğu kimi, Türkiyədə də böyük nüfuzu var. Bu gün Türkiyə siyasətini yönləndirən adamlar Sabir bəyi dəyərli fikir adamı kimi qəbul edir, ən müxtəlif mövzularda həvəslə onunla fikir mübadiləsi aparırlar. Redaktoru olduğum “Cümhuriyyət” qəzeti 2003-cü ilin oktyabrında qəfildən fəaliyyətini dayandırdı.

Oktyabrın 16-da “Azadlıq” meydanında baş verən qarşıdurmada qəzetimizin 6 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarəti almışdı. Mənim və dostlarımın siyasi mövqeyinə uyğun olan bir neçə qəzetin bağlanması uzun müddət işsiz qalmağımıza səbəb oldu. Sabir Rüstəmxanlı bunu eşidəndə “Cümhuriyyət”in kollektivini təsisçisi olduğu “Vətəndaş Həmrəyliyi” qəzetində işə dəvət etdi. Həmin vaxt “Vətəndaş Həmrəyliyi” həftədə bir dəfə işıq üzü görürdü. Sabir bəy bizim yaxşı maaş və qonorar almağımız üçün qəzetin dövriliyini artırdı. Mən 18 ay “Vətəndaş Həmrəyliyi”nin redaktoru oldum. Kim daha yaxşı iş tapırdısa, Sabir bəydən xeyir-dua alıb, qəzeti tərk edirdi, İlyarım sonra “Cümhuriyyət”in kollektivindən geridə heç kim qalmadı. “Vətəndaş Həmrəyliyi” bizim kimi çox jurnalistlər yola salıb. Bir az çətinə düşən, barmağı qapı arasında qalan həmkarlarım həmişə Sabir bəyin üstünə qaçıblar. O, heç kimi naümid qoymayıb.

Bu gün Azərbaycanda tək-tək qəzet tapmaq olar ki, orda Sabir Rüstəmxanlı məktəbini keçməyən jurnalist olsun. 65 illik yubileyində Sabir Rüstəmxanlı haqqında ən azı 65 səhifə yazı yaza bilərdim. Amma yubiley yazısını beş il sonraya saxladığım üçün 2003-cü ildə verdiyi dəstəyə görə ona təşəkkür etməklə bu kiçik qeydlərimə nöqtə qoymaq istəyirəm. Arzu edirəm ki, bizim Sabir bəy bundan sonra da jurnalistlərə arxa-dayaq olsun.

 P.S. Bəlkə də 70 illik yubileyində də Sabir Rüstəmxanlının adına layiq olan yazını yaza bilməyəcəm. Ola bilsin ki, həmin vaxt Sabir bəydən daha 10 il möhlət istədim. Bəzən fikirləşirəm ki, mən öz vədimi yerinə yetirməyə də bilərəm. Təki Sabir Rüstəmxanlı yaşasın…

Comments are closed.