2010-cu ildən Azərbaycanın siyasi səhnəsinə çıxan yeni gənclik bu ilin ilk izdihamlı mitinqini keçirdi. Etiraz aksiyası razılaşdırılmış mitinq şəklində baş tutdu və ölkə gəncliyinin aktiv kəsimi bu nümayişdə yüksək səviyyədə iştirak etdi. Aramsız yağan qara, soyuğa, hər cür hava müxalifətinə, mitinq meydanının uzaqlığına baxmayaraq, demokratik düşərgədə birləşən gənclər tarix yazmağı bacardılar.

Hələ 2011-cu ildən etibarən güclənən gənclik hərəkatı 2 aprel mitinqindən sonra Gənclərin Hüquqlarını Müdafiə Komitəsini (GHMK) yaratmışdı. Müxalifət partiyalarının gənclər təşkilatları və o cümlədən müstəqil gənclər qurumları bu komitədə bir araya toplaşıb.

Aksiya yaxşı təşkil olunmuşdu. Mitinqə gələnlərin hərəkətini nizamlayan, jurnalistlər üçün uyğun şərait yaradan ayrı-ayrı fərdlər müəyyənləşdirilmişdi. Tribunada səsgücləndiricilər qaydasındaydı. Ən diqqətçəkən məqamlardan biri hazırlanan plakatların, şüarların rəngarəngliyi idi – “Qalx ayağa Azərbaycan, ümidlərimin üstündə oturmusan!”, “Siyasi məhbuslara azadlıq!”, “Analoqlu təhsil istəyirik!”, “YAP-sız həyat istəyirik!”,  “Təhsildə rüşvətə yox deyirik!”, “Əlinizi xalqın cibindən çəkin”, “Oyun bitdi”, “Yetər artıq, səsimiz boğma”, “Bizə “Eurovision” yox, Qarabağ lazımdır”, və s.

“İstefa” demək qadağandır

GHMK-nin öncədən müəyyənləşdirdiyi taktikaya əsasən martın 17-nə təyin olunan mitinq hakimiyyətlə razılaşdırılmış olmalı idi. Bakı Şəhər İcra Hakimiyyətinin sanksiyası ilə mitinqə Səbayel rayonu, 20-ci yaşayış sahəsindəki sürücülük məktəbinin stadionu ayrılmışdı. Yağan qara, soyuğa baxmayaraq Bibiheybət yaxınlığında yerləşən stadiona minlərlə gənc toplaşdı. Aksiya keçirilən əraziyə xeyli sayda polis qüvvələri də cəlb olunmuşdu. Mülki geyimli naməlum şəxslər arasında çəkiliş aparanlar, tribunada çıxış edənlərin ad-soyadlarını qeydə alanlar, aksiyada provokasiya yaratmağa təşəbbüs göstərənlərə qədər rast gəlmək olardı.
Hətta stadionun arxasındakı yarımçıq tikilinin yuxarı mərtəbəsindən haralarasa “canlı reportaj” verənlər də var idi.

Öncə polis aksiyanı kənarda tamaşa edirdi və heç bir müdaxilə yox idi. Yalnız aksiya ərzində “İstefa” və “Davam edir 37″ şüarı səsləndirəndə polis tədbirin təşkilatçılarına irad tutdu ki, bu ifadələr işlədilməsin. Əsasları da bu oldu ki, gənclərin mitinqlə bağlı müraciətlərində bu şüarlar göstərilməyib. Mitinq təşkilatçıları deyilənə əməl etdilər.

Gənclərdən rejimə ismarış

Aksiyada çıxış edənlər bildirdilər ki, vətəndaşların mülkiyyət hüququnu pozan, 18 ildə Qarabağ problemini həll edə bilməyən hakimiyyət istefaya getməlidir. Yağmurlu hava şəraitinə baxmayaraq, aksiya gələnlərin sayı getdikcə artırdı.

Mitinqi Vətəndaş Həmrəyliyi Partiyası sədrinin gənclər üzrə müşaviri Samir Əsədli aparırdı. O, giriş nitqində hakimiyyətin insan haqlarını boğmasından, ölkədə sərbəst toplaşma azadlığının təmin olunmamasından danışdı: “Buna baxmayaraq Azərbaycanın fəal gəncliyi bu şəraitsiz, şəhərdən kənarda olan meydana yığışıb sözünü deyir. Mübarizəmiz davam edəcək. Vicdan məhbuslarını azad etməyən, insanların evlərini başına uçurub öz hakimiyyətini yıxılan evlər üzərində quran rejimə biz ”yox” deyirik. Ölkə gəncliyi rüşvətsiz təhsil, iş, normal əmək haqqı, firavanlıq istəyir. Mən bu qədər gəncin bu hava şəraitində gələcəyini gözləməzdim. Əslində bu, hələ aktiv gəncliyin bir hissəsidir”.

Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Səxavət Soltanlı çıxışında dedi ki, İlham Əliyev hakimiyyətinin siyasi məhbusları azad etməməsi başadüşülən deyil: “Hakimiyyəti bütün vicdan məhbuslarını azad etməyə çağırıram. 18 il ərzində torpaqları işğaldan azad edə bilməyən hakimiyyət istefa verməlidir. Azərbaycan səfalət, zülmət içindədir. Bu gün bu qədər gənc kefindən bura toplaşmayıb. Təhsili, savadı, dünyagörüşü olan gənclərin hüquqları pozulur, onlara şərait yaradılmır. Hakimiyyət düşünür ki, biz stadiona yığışmaqla fəaliyyətimiz məhdudlaşır. Əsla. Bu, sadəcə nümunədir ki, gənclik hakimiyyətdən narazıdır”.

Daha sonra “Dalğa” Gənclər Hərəkatının sədri Xanım Yadigarlı çıxış edib dedi ki, onlar heç bir siyasi partiyanı dəstəkləmirlər, onlar rüşvətsiz təhsil istəyirlər. O, çıxışını “Təhsildə rüşvətə yox!” şüarı ilə bitirdi.

AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı isə dedi ki, Azərbaycan hakimiyyəti gəncləri aldadır. O, onlarla gəncin siyasi məhbus kimi həbsxanalarda, “qul bazarı”nda olduğunu qeyd etdi. Ə.Qurbanlı Azərbaycan gəncliyinin hazırda ölkədəki ədalətsizliyə və haqsızlıqlara qarşı birlik nümayiş etdirməsindən danışdı. O, 17 mart mitinqinin bir başlanğıc olduğunu dedi və qarşıdakı hədəflərdən danışdı.

“Azərbaycan iqtidarı ölkədə daha müxalifətin qalmadığını bəyan edirdi. Bu gün biz sübut etdik ki, müxalifət var, onun mübarizəsi davam edir” – deyə Qurbanlı bildirdi.
Onun çıxışından sonra aksiya iştirakçıları “Azərbaycan!” şüarları səsləndirdilər. Aksiyada dindarların həbs olunması, jurnalistlərin şantaj olunması, onların şəxsi həyatına müdaxilə olunması pisləndi.

İşıqlar kəsildi, dava düşdü və…

ADP gənclər təşkilatının sədri Cəmil Hacıyev sovet banklarında batan əmanətlərin qaytarılması zamanı yol verilən ədalətsizlikdən, gənclərin sosial problemlərindən bəhs etdi. Bildirdi ki, hakimiyyətin 18 ildə bir uğuru da yoxdur: “Gənclik bu gün narazı olmasaydı, bura gəlməzdi. Ölkə problemlər içində boğulur”. 
“NİDA” Gənclər Hərəkatının nümayəndəsi Üzeyir Məmmədli isə Azərbaycan ordusundakı vəziyyətə toxundu və iqtidarın Qarabağ faktından hakimiyyətdə qalmaq üçün istifadə etdiyini vurğuladı.

VHP Gənclər Təşkilatının nümayəndəsi Emil Bağırov da çıxışında hakimiyyətin təhsil siyasətini pislədi.

Bir qədər sonra mitinq keçirilən əraziyə verilən elektrik enerjisi kəsildi. Bu, aksiyaçıların etirazına səbəb oldu. Onlar hakimiyyət əleyhinə şüarlar səsləndirdi. Sonra generator vasitəsilə mikrofonlar işə salındı və çıxışlar, şüarlar davam etdi.

“İnsan Haqları” Klubunun  nümayəndəsi Natiq Cəfərli mitinqin bu ərazidə keçirilməsinin özəlliyindən söz açdı: “Hamı gördü ki, Bakı təkcə “Torqovı”dan ibarət deyil, təkcə mərkəzdəki fəvvarələrlə, bulvara döşənən metlaxlarla bitmir. Gördülər ki, şəhərin mərkəzindən kənara çıxan kimi yollar bərbad gündədir, heç bir yenilik yoxdur. Hakimiyyət öz ailəsinin və yaxınlarının mənafeyinə yox, bütün millətə xidmət etməlidir”.

“Azad Gənçlik” Təşkilatının İdarə Heyəti üzvü Məcid Mərcanlı da çıxışında hakimiyyətin uğursuz siyasətini tənqid etdi.

Sonda “Müsbət Dəyişiklik” Hərəkatı İdarə Heyətinin üzvü Rəşad Həsənov çıxış etdi, “Azad Gənçlik” Təşkilatının sədri Ülvi Həsənli mitinqin qətnaməsini oxudu və mirinq bağlı elan edildi.

“Yeni Müsavat”

 













Comments are closed.