Bu gün Xocalı qətliamının anım yürüşündən sonra Gənclərin Hüquqlarını Müdafiə Komitəsi paytaxtın Nizami küçəsində ingilis və Azərbaycan dillərində yazılmış “Xocalı – bəşərin faciəsi”, “Xocalı qatilləri cəzalandırılsın”, “Xocalı! faciədən birlik doğur” və başqa şüarlarla yürüş keçirib.
Təşkilatçılar öncədən qərara almışdılar ki, şüar səsləndirilməyəcək. Məqsəd Xocalı faciəsinin 20 illiyini və bunun bəşəri faciə olduğunu hər kəsin nəzərinə çatdırmaq olub. Nəsimi heykəlinin yanında toplaşan gənclər yürüşə başlamaq istəyirdi ki, polisin müdaxiləsi ilə üzləşib. Təşkilatçılar polislə danışıb onlara yürüşə mane olmamağa və bu tədbirin Azərbaycan dövlətinin maraqlarına uyğun olduğunu bildirdilər. Ərazidəki polis əməkdaşları gənclərlə öncə razılaşsa da, sonradan polisə “yuxarıdan” gələn zəng onların fikirni dəyişib. Polis əməkdaşları bildirdi ki, dövlət səviyyəsində anım tədbiri keçirilib və başqa tədbirə ehtiyac yoxdur. Bu zaman gənclər yolu keçərək yürüşə başladılar və polisin kobudluğu üzündən qarşıdurma yaranıb. Yürüş iştirakçıları Bəşir Səfəroğlu küçəsi ilə Şaurma kafesinə doğru hərəkət ediblər. Gənclər Şaurma kafesinin yanından Nizami küçəsinə çıxmaq istəyərkən yenidən polis kardonu ilə üzləşiblər. Polis gəncləri söyərək dağılmağını tələb edəndə və aksiyada iştirak edən xanımlara əl qaldıranda sərt qarşıdurma yaranıb. Sonra gənclər yerdə oturaraq, şüarları qaldıraraq dövlət himnini oxumağa başlayıblar. Ətrafdakı vətəndaşlar gənclərin ətrafında yığışaraq onlarla birlidə himni oxumağa və alqışlamağa başlayıblar. Polis bir neçə gənci saxlamaq istəyib, lakin bu mümkün olmayıb. Yürüş bununla da yekunlaşıb.

Qeyd edək ki, Gənclərin Hüquqlarını Müdafiə Komitəsi ötən ilin may ayında yaranıb və qurumda VHP Gənclər Təşkilatı,
AXCP Gənclər Komitəsi, Müsavat Gənclər Təşkilatı,  ADP Gənclər Təşkilatı və Müsbət Dəyişiklik Gənclər Təşkilatı, Nida Vətəndaş Hərəkatı, Azad Gənclik təşkilatı, Dalğa Gənclər Hərəkatı və İnsan Haqları Klubu təmsil olunur.Azadlıq qəzeti

Comments are closed.