Gənclərin Hüquqlarının Müdafiə komitəsi Bakı meriyasına son xəbərdalıqlarını ediblər.

Bu barədə musavat.com-a Gənclərin Hüquqlarının Müdafiə Komitəsinin (GHMK) İdarə Heyətinin və  VHP gənclər təşkilatının üzvü Samir Əsədli məlumat verib: “Biz bir qrup gənc günümüzün ən aktual problemləri olan təhsildə korrupsiya hallarına, ərazi bütövlüyümüzün pozulmasına və siyasi məhbusların tutulmasına etiraz olaraq Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsilə bizə verilmiş sərbəst toplaşmaq hüququmuzdan istifadə edərək mitinq təşkil etmək niyyətindəyik. Bu məqsədlə 17 mart 2012-ci il tarixdə saat 15:00-dan 17:00-dək mitinq təşkil etməyi planlaşdırırıq. Mitinqin məqsədi yuxarıda qeyd olunan problemlərə etiraz bildirmək və həmin problemləri geniş ictimaiyyətin və ölkə rəhbərliyinin diqqətini cəlb etməkdən ibarətdir”.

Samir Əsədlinin APA-ya verdiyi məlumata görə, təşkilatçı tərəf müraciətində mitinq üçün Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Mərkəzinin stadionunu və Səbail rayonunun 20-ci sahəsində, Elçin Əzizov küçəsindəki sürücülük məktəbinin meydançasını göstərib. Müraciətdə Bakıya yaxın istənilən münasib yerdə mitinq keçirmək istəyi də qeyd olunub. 

Aksiyada “Qarabağ”, “Siyasi məhbuslara azadlıq”, “Rüşvətsiz təhsil” və “Rüşvətə yox” şüarları səslənəcək. 

Samir Əsədli qeyd edib ki, mitinq üçün müraciətə müsbət cavab verilməsə, şəhərin mərkəzində “Sərbəst toplaşma azadlıqını təmin edin” şüarı ilə  icazəsiz yürüş təşkil ediləcək.

Qeyd edək ki, GHMK-ya Vətəndaş Həmrəyliyi, Xalq Cəbhəsi, Demokrat və Müsavat gənclər təşkilatları, “Nida” Vətəndaş Həmrəyliyi, “Dalğa” Gənclər Hərəkatı, “Azad Gənclik” Təşkilatı, “Müsbət Dəyişiklik” gənclər hərəkatları və İnsan Hüquqları Klubu daxildir. 

Xatırladaq ki, GHMK martın 4-də mitinq keçirməklə bağlı Bakı şəhər İcra Hakimiyyətinə ünvanladığı müraciətinə mənfi cavab verilmişdi. 

Comments are closed.