Fevralın 23-də Gənclərin Hüquqlarının Müdafiə Komitəsi martın 4-də vicdan məhbuslarının azad olunması tələbi ilə planlaşdırılan mitinqlə bağlı mətbuat konfransı keçirdi. Konfransda çıxış edən gənclər təşkilatlarının rəhbərləri aksiya ilə bağlı fevral 13-də Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdiklərini bildirdilər. GHMK-nin idarə heyətinin və VHP Gənclər Təşkilatının üzvü Samir Əsədli bildirdi ki, müraciətə cavab verilməməsinə baxmayaraq hazırlıq işləri sürətlə gedir: “Ümid edirik ki, mitinqlə bağlı müraciətimizə müsbət cavab veriləcək. Cavabın gecikməsinə baxmayaraq, biz işlərimizi davam etdiririk. GHMK-si fevralın 25-də VHP-nin akt zalında 4 mart mitinqinə hazırlıq, mitinqin tələbləri və sərbəst toplaşmaq azadlığının durumu ilə bağlı forum keçirəcək. Forumda gənclərlə yanaşı hüquq müdafiəçiləri, yazarlar iştirak edəcək.”

Daha sonra çıxış edən Nida vətəndaş hərəkatı idarə heyəti üzvü Turqut Qəmbər bildirdi ki, hakimiyyətə aksiya ilə balı üç yer təklif ediblər: “Bütün fəaliyyətimizi qanunvericiliyə uyğun şəkildə həyata keçiririk. Biz üç yeri təklif etmişik. Bakı meriyası ilə danşıqlara getmək istəyirik. Bizə haranı təklif etsələr, oranı nəzərdən keçirib cavab verəcəyik”.

AXCP gənlər komitəsinin sədri Əbülfəz Qurbanlı isə mətbuat konfransı keçirməkdə məqsədlərinin vicdan məhbusları ilə bağlı martın 4-ə planlaşdırdıqları mitinqlə bağlı yerli və beynəlxalq ictimaiyyəti məlumatlandırmaq olduqlarını qeyd etdi: “Biz bu aksiyanı keçirməkdə israrlıyıq. Ölkədə bir sıra problemlər var ki, onlar müraciətdə əksini tapıb. Siyasi məhbusların azadlığa çıxması, Qarabağ problemi və  rüşvətsiz təhsil məsələsinin gənclər arasında geniş müzakirəsinə növbəti toplantımız zamanı toxunacağıq. Biz istəyirik ki, 2005-ci ilin noyabrından sonra məhdudlaşdırılmış sərbəst toplaşma azadlığı bərpa olunsun. Düşünürük ki, “Eurovision” ərəfəsində  bu problemin həlli hökumətin də maraqlarına uyğundur”.

Müsavat gənlər  təşkilatının sədr müavini Səxavət Soltanlı isə çıxışı zamanı müraciətə cavab verilməməsinin hakimiyyətin ziyanına işləməsini qeyd etdi: “Biz üç  tələb irəli sürmüşük ki, bunlar aktual problemlərdir.  Bizim əsas məqsədimiz razılaşdırılmış aksiya keçirməkdir.  Siyasi məhbuslarla yanaşı, dini əqidələrinə görə həbs olunanların da sayı  günü-gündən artır və biz onların da azadlığa buraxılmasını tələb edirik. Biz yazılı şəkildə Bakı meriyasına müraciət etmişik amma, bu vaxta  kimi bizə cavab verməyiblər. Onlar gec cavab verməklə bizim hazırlıq işimizi yubadmaq istəyirlər. Amma, biz buna baxmayaraq hazırlığı tam şəkildə aparırıq. Hamını da aksiyada fəal iştiraka dəvət edirik”

İnsan haqları klubunun rəhbəri Rəsul Cəfərov çıxışı zamanı qeyd etdi ki, “Eurovision” ərəfəsində keçiriləcək olan bu aksiyaların effektiv olacağı barədə danışdı: “Çünki ölkənin baş naziri Avropa Yayım Mərkəzi bununla bağlı öhdəlik götürüb. Avropa Yayım Mərkəzi  martda Bakıya gəlir. İcazə verilmədiyi təqdirdə onların səfərindən istifadə edib müraciət edəcəyik. Əsas mesaj ondan ibarət di ki, bu məsələdə razılaşma olsun”.

Müsbət Dəyişiklik gənclər hərəkatnın sədri Rəşad Həsənov isə çıxışı zamanı mitinqin formatı barədə danışdı: “Mitinq razılaşdırılmış olduğu üçün qarşıdurma  olmayacaq və gənclər həvəslə iştirak edəcək. Müraciətdə göstərilən tələblərdən kənara çıxılmayacaq. Onu da qeyd edim ki, mitinqdə rəsmi çıxışlardan sonra “flashmob” tipli kiçik konsertimiz də olacaq. Sonda hakimiyyətdən tələb edirəm ki, hətta ölkədə futbola oyununda azakeşlərin toplanmasına imkan yaradılırsa bizə də yaradılmalıdır.”

Fərahim İLQAROĞLU
Fotolar müəllifindir

“Yeni Müsavat” qəzeti

 

Comments are closed.