Bu gün Gənclərin Hüquqlarını Müdafiə Komitəsi Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi Qərargahının akt zalında Gənclərin  “Gələcək naminə” adlı forumunu keçirib. Forumda Siyasi partiyaların gənclər təşkilatları, digər gənclər təşkilatları, hüquq müdafiəçiləri və müstəqil gənclər iştirak edib. Forumun məqsədi GHMK-nın martın 4-nə təyin etdiyi mitinqə hazırlıq və mitinqin məqsədlərinin müzkirə olunmasından ibarətdir.  Qeyd edək ki, Gənclərin Hüquqlarını Müdafiə Komitəsi ölkənin ərazi bütövlüyünün təmin olunması, rüşvətsiz təhsil və siyasi məhbusların azad olunması tələbi ilə mitinq keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət edib.

Tədbir Xocalı faciəsi qurbanlarının ruhlarının 1 dəqiqəlik sükutla yad edilməsi və dövlət himnimizin səsləndirilməsi ilə açıq elan olunub. GHMK-nın İdarə Heyətinin üzvü Aygün Pəncəliyeva tədbir iştirakçılarını salamlayaraq çıxış üçün sözü AXCP Gənclər komitəsinin sədri Əbülfəz Qurbanlı: “Biz mübarizəmiz üçün çox mühüm bir mərhələdə toplaşmışıq. Biz zəruri bildik ki, hökumətin nə cavab verməsindən asılı olmayaraq mitinqə qədər öz hazırlıq işlərimizi yüksək səviyyədə davam etdirək və mitinqə qədər bu tipli ictimai müzakirələrin keçirilməsini təşkil edək. Bizim toplaşmaq azadlığımız 2005-ci ildən məhdudlaşdırılır. Hökumət ümumiyyətlə bu sahəni  monopoliyaya alıb və  imkan vermir ki biz öz fikirlərimizi ifadə  edək. Biz polisin qarşıdurması olmadan və Azərbaycan gəncliyinin fəallarının iştirakı ilə bir aksiya keçirmək istəyirik. Bizim üçün 4 mart mitinqi mənəvi dəyər məsələsidir. Bizim indiyə qədər öz dəyərlərimizə nə qədər hörmət tələb etmişiksə, toplaşmaq azadlığımıza da o qədər hörmət tələb edirik. Ümid edirik ki hökumət bunu başa düşəcək. Mitinqlə bağlı  konkret və açıq tələblərimiz var. Tələblərdən biri rüşvətsiz təhsil məsələsidir. Biz istəyirik ki, paytaxtımızın geniş meydanlarından birində gənclərin iştirakı ilə  rüşvətxor müəllimlərə, məmurlara səslənmək istəyirik. Həm də tələbə dostlarımıza səslənmək istəyirik ki, rüşvət verməkdən çəkinib, normal təhsil alın.

Növbəti tələbimiz uzun illərdir həll olunmayan Qarabağ problemini gənclərin müzakirəsinə çıxarmaqdır. Açığı biz azərbaycan dilində tam danışa bilməyən nazirin, ölkə başçısının Qarabağla bağlı mesajlarına inanmırıq və o mesajlar Azərbaycan gəncliyinin istəklərini ifadə etmir. Ona görə də biz özümüz mesajları meydanlardan səsləndirmək istəyirik.

Başqa bir tələbimiz isə siyasi məhbusların azadlığa buraxılması ilə bağlıdır. Hökumət bu məsələdən nə qədər qıcıqlansa da və xalqımız bir çox halda bu məsələyə biganə yanaşsa da biz bu məsələnin də müzakirə olunmasını tələb edirik. istəyirik ki, siyasi məhbusların nəyə görə həbs olunmasını meydanlardan xalqımıza çatdıraq. Qoy onlar həqiqətləri bilsin.”

VHP Gənclər Təşkilatının üzvü Samir Əsədli çıxış edərək, GHMK-nın mitinqə hazırlığı  və  4 mart mitinqi barədə danışdı: “Biz mitinqin Bakı şəhərinin mərkəzi meydanlarından birində keçirilməsini istəyirik və bunun üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişik. Onlar bizim müraciətimizə heç bir reaksiya vermədikləri üçün bir neçə dəfə görüşmək və telefonla əlaqə saxlamğa çalışmışıq. Xalqımız 1993-cü ildən bu vaxta qədər susub. Amma gənclik bundan sonra susa bilməz. Biz toplaşmaq hüququndan istifadə edərək, fikirlərimizi ifadə etmək fikrindəyik.

Yazar Şahvələd Çobanoğlu gənclərin keçirdiyi mitinqi dəstəklədiyini bildirdi: “Mən sizə təşəkkür edirəm ki, hər hansı tədbirin keçirilməsinə çalışırsınız, boş dayanmırsınız. Bizim də eyni yaş dövrümüz təxminən belə keçib. Biz də sizin kimi problemləri həll etməyə çalışmışıq. Bizim də məqsədimiz ölkəyə sahib çıxmaq idi. Mən gənclərə mətbuat vasitəsilə müraciət etmişəm ki, çox sağ olun ki, Azərbaycana sahib çıxmaq istəyirsiniz.

NIDA Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Üzeyir Məmmədli çıxışında 4 mart mitinqinə necə qərar verilməsindən danışdı: “Düşündük ki, mitinq dedikdə insanların ağlına ilk gələn  polisli, qarşıdurmalı mitinq anlayışını aradan qaldırmağa çalışaq. Bunun üçün də razılaşdırılmış mitinq olduqca vacib məsələdir.”

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi İnstitutunun rəhbəri Anar Məmmədli gənclərin mitinqində iştirak edəcəyini bildirərək dedi: “Mən  GHMK-nın indiyə qədərki fəaliyətini izləmişəm. Düşünürəm ki, bir çox faydalı işlər görmüsünüz və bundan sonra da görəcəyiniz çox işlər var. Ən əsası siz ölkədəki problemlərlə maraqlanan bir neçə gənclər təşkilatını bir araya gətirə bilmisiniz. Biz sizin işinizi qiymətləndiririk və keçirəcəyiniz aksiyada iştirak edəcəyik.”

Daha sonra Sülh və Demokratiya İnstitunun rəhbəri Leyla Yunus, Azad İqtisadiyyata Yardım Cəmiyyətinin rəhbəri Zöhrab İsmayıl, ADP Gənclər Təşkilatının sədri Cəmil Hacıyev, “Dalğa” Gənclər Hərəkatının təmsilçisi Pərviz Əzimov, Müsavat GT-dan Nigar Yaqublu, “Azad Gənclik” Təşkilatı İdarə Heyətinin üzvü Məcid Mərcanlı,  Müsavat GT sədr müavini Səxavət Soltanlı, AXCP-dən Asif Yusifli, “Müsbət Dəyişiklik” Gənclər Hərəkatı İdarə Heyəti üzvü Rəşad Həsənov və GHMK-nın digər üzvləri çıxış edərək təklif və fikirlərini bildirdilər.

İslam Şıxəli

“Azadlıq” qəzeti

Comments are closed.