Martın 11-dən Azərbaycanda geniş sosial etirazlara başlayan gənclik dekabrın 3-də növbəti dəfə etiraz səsini ucaltdı. Heç bir siyasi partiyanın və müxalifət liderinin qərarı olmadan sosial şəbəkələrdə təşkilatlanmış fəal gənclər dünən şəhərin mərkəzində, Fəvvarələr meydanında izdihamlı aksiya keçirdilər.

Sosial şəbəkələrdə Siyasi Məhbusların Müdafiə Komitəsi adından yayılmış müraciətdə belə deyilirdi: “2011-ci ildə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda itkilərin ümumi sayı 161 nəfərə çatıb. Onlardan 90 nəfəri ölüb, 71 nəfəri isə yaralanıb və ya müxtəlif xəsarət alıb. Gənclər olaraq atəşkəs dövründə bu qədər itkiyə biganə qala bilmərik. Bu məqsədlə dekabrın 3-də Fəvvarələr meydanından Natəvanın heykəlinə doğru ”Şəhidlər ölməz, vətən bölünməz!” şüarı ilə dinc yürüş edəcəyik. Azərbaycan ordusundakı itkilərə biganə olmayan hər kəs bizə qoşulsun. 03.12.2011 tarixində əsgər ölümlərinə birgə “Yox!” deyək!” 

Amma etiraza səbəb təkcə bu motiv deyildi. Gənclər hökumətin son günlər verdiyi bahalaşma qərarlarına, xüsusilə də metroda gediş haqqının 33 faiz artırılmasına üsyan edirdilər. Onlar hökuməti bu soyğunçu bahalaşmanı dayandırmağa məcbur etmək üçün cəmiyyəti fəallaşmağa çağırmaq üçün küçələrə çıxmışdılar.
Gənclərin bu ümidləri doğruldu. Bu çağırışa səs verənlər gözləniləndən də artıq oldu. Etiraz şüarları bir anda hər yeri bürüdü. Ötən gün saat 15:00-də Fəvvarələr meydanında yüzlərlə etirazçı gənc aksiya keçirdi. Öncədən deyək ki, aksiyanın başlanmasına saatlar qalmış artıq Nizami (“Torqovı”) küçəsi polis mühasirəsində idi. Eyni zamanda xeyli sayda mülki geyimli polisə də rast gəlmək olardı. Aksiyada siyasi partiyalardan Müsavat, AXCP, ADP və VHP-nin gəncləri, o cümlədən “Nida” vətəndaş hərəkatı, “Azad gənclik” təşkilatının fəalları, müstəqil gənclər iştirak edirdi.

Oğlunu itirmiş əsgər atalarından Etibar Quliyev və Bəyalı Köçəliyev də aksiya iştirakçıları arasında idi. Əllərində sifəti çürüyüb ölən əsgər Eldar Novruzovun, Murovda öldürülən əsgərlərin portretləri olan, habelə “Əsgər ölümlərinə ”Yox!” deyək!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarları yazılmış plakatlar qaldıran gənclər böyük izdiham halında Natəvanın heykəlinin yanından Nəsimi heykəlinə tərəf yürüməyə başladılar. Yürüş çox izdihamlı alındı. Aksiyaçılar yürüşə Azərbaycan himnini oxumaqla başladılar.
Qəfildən aksiyaçıların üstünə şığıyan polis gənclərin aksiyasına sərt şəkildə müdaxilə etdi. Onlar portretləri gənclərin əllərindən dartıb aldılar, plakatları cırmağa başladılar. Yürüş zamanı şüar səsləndirən aksiyaçılar amansız polis təzyiqi ilə üzləşdi, etirazçı qızlarla kobud rəftar olundu. Polis əməkdaşları onları saçlarından tutub sürüyürdülər. Bu da azmış kimi aksiya iştirakçılarını döyürdülər. Aksiyaçılar arasında xeyli döyülənlər oldu. Polis adamları sadəcə olaraq davamlı təpikləyirdi.
Amma aksiyaçılar da geri çəkilmək fikrində deyildi. Onlar irəli gedir, ucadan şüarlar qışqırırdı. Az sonra polisin basqıları daha da artdı. Bu zaman aksiyaçılarla polis və mülki geyimli şəxslər (onların hökumət qüvvələri olduğu polislə eyni sırada dayanmasından bəlli idi) arasında toqquşma yarandı. Bu təzyiqdən sonra aksiya bir qədər səngisə də gənclər yenidən ucadan şüarlar səsləndirərək fəallaşdı və yürüşü daha böyük coşqu ilə davam etdirdilər. Yürüşçülərin ikinci həmləsi daha izdihamlı və möhtəşəm alındı. Gənclərin artıq dağılışıb getdiyini güman edən polis “Torqovı”nı bürüyən etiraz səslərinin daha da gücləndiyini eşitcək özünü itirdi. Və yenidən gəncləri təqib etməyə başladı.

Aksiyanın bundan sonrakı hissəsində polis artıq daha amansız olmuşdu. İnsanlar vəhşicəsinə döyülürdü. Aksiyaçılara inanılmaz ölçülərdə zor tətbiq olundu. Sonra isə həbslər başladı. Polis əməkdaşları və mülki geyimli qoçular gənc fəalları təpikləyərək, yerdə sürüyərək döyə-döyə polis maşınlarına tərəf aparır, avtomobillərə basıb naməlum istiqamətə aparırdılar. Aksiya zamanı Müsavat Partiyası Gənclər Təşkilatının üzvləri Rauf Məmmədov və Tural Hacıbəyli, ADP Gənclər Təşkilatının sədri Cəmil Hacıyev, təşkilatın fəal üzvü Emil bəy, lNida» təşkilatından Kənan Qasımlı və dia.az saytının müxbiri Vaqif Sadıqlı saxlanıldılar. Aksiyada iştirak edən əsgər atası Etibar Quliyev də saxlanıldı. Polis onun əsgərlikdə ölən oğlunun tutduğu şəklini əlində gəzdirməsinə də məhəl qoymadı.
AXCP-dən verilən məlumata görə, partiyanın Gənclər Komitəsinin 4 üzvü – İlham Hüseyn, Nihat Hüseyn, Dəyanət Babayev və Elvin Baycan həbs olunaraq Səbayel Rayon Polis İdarəsinə (RPİ) aparılıblar. Komitənin üzvü Elçin Həsənov isə Nəsimi RPİ-də bu idarənin rəis müavini, törətdiyi zorakılıqlarla məşhur olan Süleyman Nemətov tərəfindən döyülüb.
Əsgər atası E.Quliyevin qəzetimizə verdiyi məlumata görə, Səbayel Rayon Polis İdarəsinə aparılan gənclər bir neçə saatdan sonra sərbəst buraxılıblar.
Aksiya zamanı jurnalistlərə də təzyiqlər oldu. Onlara çəkiliş aparmağa imkan verilmədi. “Yeni Müsavat”ın əməkdaşı Emil Salamoğlu isə polis tərəfindən təzyiqlərə məruz qaldı. Onun sözlərinə görə, hadisə belə baş verib: “Polis ”Azadlıq” qəzetinin əməkdaşı Ramin Dekoya təzyiq göstərirdi. Ramini onların əlindən almağa çalışırdım ki, iki polis əməkdaşı qolumdan tutub apardılar. Polislərdən biri ayağıma təpik vuraraq boğazımdakı şərfimlə məni boğurdu. Mən ona dəfələrlə izah etdim ki, jurnalistəm. Dedi ki, jurnalistsənsə, get işinlə məşğul ol. İzah edirdim ki, bu, mənim işimdir, polislər həmkarımı divara sıxıb təzyiq etdiyinə görə onun müdafiəsinə qalxmışam. Amma hər iki polis qolumu buraraq məni zorla polis maşınına basdılar. Əvvəlcə jurnalist vəsiqəmi istədilər, dedim qolumu buraxın göstərim. Ancaq ayağıma vura-vura “gedək göstərərsən” dedilər”.
Post-patrul maşınını sürən polis nəfəri daha sonra əməkdaşımıza deyib ki, onu saxlayan şəxs Səbayel RPİ-nin işçisidir: “Mənə dedi ki, Səbayel polisidir, ona görə səni dinləməyib”.
“Yeni Müsavat” qəzetinin baş redaktorunin birinci müavini Azər Ayxan Nəsimi RPİ-nin rəis müavini Süleyman Mikayılovla əlaqə saxlayandan sonra E.Salamoğlu Səbayel RPİ 39-cu polis bölməsinin qarşısında sərbəst buraxılıb. Aksiyanın digər iştirakçıları da buraxılıb.

Qeyd edək ki, dünən Bakıda cərəyan edən bu proses İctimai Palata rəhbərliyinin hakimiyyətə münasibətdə daha radikal və fəal siyasət yürütmək xəttinə uyğun gəlir. Bu səbəbdən “bundan sonra siyasətin paytaxt küçələrinə keçəcəyi” barədə cəsarətli iddalar da səslənməkdədir.

 

E.SALAMOĞLU, E.MƏMMƏDƏLİYEV
“Yeni Müsavat” 

Comments are closed.