Oktyabrın 26-da müxalif gənclər Türkiyənin Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirib. AXCP Gənclər Komitəsinin təşkilatçılığı ilə keçirilən aksiyaya VHP, Müsavat, ADP, üzvləri, “Nida” və başqa gənclər təşkilatlarının fəalları qatılıb.

Səfirliyin önündəki Atatürk parkına yığışan fəallar Türkiyəyə qarşı PKK terrorunu lənətlədiklərini bildiribər. Gənclər hər zaman Türkiyənin yanında olduqlarını və ona dəstək verəcəklərini qeyd ediblər.

“Media forum” saytının məlumatına görə, AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı qeyd edib ki, Türkiyənin kədəri Azərbaycanın kədəridir: “Azərbaycan hakimiyyəti də öz manefələri naminə çıxış etməli deyil. Biz heç zaman Türkiyə ilə soyuq münasibətlərin tərəfdarı olmamışıq və bundan sonra da olmayacağıq. Türkiyə həmişə Azərbaycanın yanında olub və gələcəkdə də belə olacaq. Azərbaycan hökuməti isə Türkiyəyə münasibəti dəyişməli, PKK-nı rəsmi bəyanatlarında səsləndirdiyi kimi reallıqda da terrorçu təşkilat kimi tanımalıdır”.

Müsavat Gənclər Təşkilatının sədr müavini Səxavət Soltanlı deyib: “Hamıya məlumdur ki, ötən günlərdə xain PKK hücumu zamanı qardaş ölkə Türkiyə bir gündə 24 şəhid verdi. Terror aktları, demək olar, hər gün davam edir. Üstəlik, Vanda baş verən zəlzələdə 400-dən çox insan həyatını itirib. Bu gün bütün dünyaya çatdırmaq istədik ki, hər zaman qardaş Türkiyənin yanındayıq. Biz gənclər təşkilatlarının fəalları olaraq Türkiyəyə əlimizdən gələn yardımı və dəstəyi verməyə hazırıq və verəcəyik də”.

 VHP sədrinin gənclərlə iş üzrə müşaviri Samir Əsədlidə çıxış edərək  bildirib ki, Atatürk dediyi kimi  Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir. Bizdə, Azərbaycan türkləri olaraq hesab edirik ki, Türkiyənin kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir. Biz bir millətik və bizi heç bir qüvvə və iqtidarlar bir-birimizdən ayıra bilməz. İqtidarlar arasında münasibətlərin aslı olmayaraq biz Türk milləti olaraq bir yerdəyik.  

Polis aksiyaya müdaxilə etməyib.

Comments are closed.